Peru televiziyasında Vətən müharibəsinin nəticələri barədə danışılıb

Peru televiziyasında Vətən müharibəsinin nəticələri barədə danışılıb
# 02 fevral 2021 06:27 (UTC +04:00)

Perunun dövlət televiziyası olan “TV Peru” kanalında Vətən müharibəsinin yekunları ilə bağlı reportaj efirə gedib.

Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, verilişdə hərbi əməliyyatlar nəticəsində ölkəmizin 1994-cü ildən bəri Ermənistanın hərbi işğalı altında olan ərazilərinin bir qismini azad etdiyi və tərəflər arasında imzalanmış 10 noyabr bəyanatının tələblərinə əsasən, darmadağın edilmiş Ermənistan ordusunun işğalda saxladığı digər ərazilərimizi tərk etdiyi məlumat verilib.

Telekanalın Perudakı səfirimiz Məmməd Talıbovla olan müsahibəsinə də istinad edildiyi reportajda azad olunmuş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və bu ərazilərdə illər öncə etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün yenidən öz doğma yurdlarına qayıtmaları üçün hazırda Azərbaycan tərəfindən zəruri infrastrukturun bərpa edilməkdə olduğu bildirilib.

Səfir müsahibəsində aparıcının sualına cavab olaraq müharibə zamanı əsir düşmüş hərbçilərin qarşılıqlı olaraq dəyişdirildiyini, hazırda Azərbaycan tərəfindən saxlanılan qeyri-qanuni erməni silahlılarınınsa atəşkəs bəyanatı imzalandıqdan sonra həbs edildiyini, bu şəxslərin qisascı qüvvələrə xidmət edən diversantlar olduğunu və Azərbaycan ərazisində terror aktları törətməyə cəhd etdiklərini qeyd edib.

Veriliş zamanı aparıcı həmçinin, 20 Yanvar faciəsi və Azərbaycanın 1991-ci ildə xalqımızın əzmkar iradəsi sayəsində müstəqillik əldə etməsi haqda məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR