Polad Bülbüloğlu Qazaxıstanın Rusiyadakı yeni səfiri ilə görüşüb

Polad Bülbüloğlu Qazaxıstanın Rusiyadakı yeni səfiri ilə görüşüb
  • Clock-gray 23:09
  • calendar-gray 23 İyul 2020

23 iyul tarixində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qazaxıstanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Yermek Koşerbayevi onun xahişi ilə qəbul edib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycan səfiri ona diplomatik fəaliyyətində uğurlar arzulayıb, Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində həyata keçirdiyi fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib.

Həmçinin görüş əsnasında hər iki səfir ölkələrimiz arasında mövcud olan iqtisadi, ticari, humanitar münasibətlərin yüksək səviyyəsini və möhkəm dostluq əlaqələrini qeyd ediblər. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın böyük potensiala malik olduğu və bu sahədə fəaliyyətin uğurla inkişaf etdiyi vurğulanıb.

"İki dövlət arasında dostluq münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci prezidenti – Yelbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu xüsusi ilə qeyd olunub. Eyni zamanda, Azərbaycan və Qazaxıstanın türk dünyasının ayrılmaz hissəsi olduqları, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində birgə fəaliyyətindən məmnunluq vurğulanıb.

Polad Bülbüloğlu qazaxıstanlı səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu və son günlər Ermənistan-Azərbaycan sərhədində baş vermiş məlum silahlı toqquşma barədə ətraflı məlumat verib. Bildirib ki, bu addım Ermənistanın açıq təxribatıdır və onu törətməkdə əsas məqsəd KTMT-ə üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək, regionda yeni gərginlik ocağı yaratmaqdır. Səfirimiz bir daha əminliyini bildirib  ki, qazax əsgəri heç vaxt azərbaycanlı qardaşına silah qaldırmaz. Baş vermiş toqquşma bir daha onu göstərib  ki, mövcud status-kvo qəbuledilməzdir və münaqişə ən qısa zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Əks halda yeni qarşıdurmalar qaçılmazdır ki, bu da region üçün təhlükəli və arzuedilməzdir. Eyni zamanda Polad Bülbüloğlu dünya birliyini işğal faktına biganə qalmamağa çağıraraq  məsələnin vacibliyini önə çəkib . Bu xüsusda, Azərbaycanın Səfiri ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı Qazaxıstanın göstərdiyi birmənalı mövqeyinə görə minnətdarlığını bildirib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - deyə Səfirliyin məlumatında qeyd olunub.

Fərid Əkbərov

Digər xəbərlər