Prezident: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb”

Prezident: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb”
# 04 may 2020 15:28 (UTC +04:00)

Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləyib. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub.

APA-nın məlumatına görə, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşündə bildirib.

Dövlət başçısı Zirvə görüşündə iştiraka görə Təmas Qrupuna daxil olan dövlətlərə təşəkkür edib: “Mən eyni zamanda Zirvə görüşünə qatılan BMT Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoruna və Afrika İttifaqının Komissiyasının sədrinə öz minnətdarlığımı ifadə edirəm. BMT Baş katibi Antonio Qutteresə, Avropa İttifaqının Ali nümayəndəsi və Komissiyanın vitse-prezidenti Cozep Borelə video-müraciətlərinə görə təşəkkürümü bildirirəm”.

Prezident İlham Əliyev qeyd edib ki, 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda 18-ci Zirvə görüşü keçirilib: “Zirvə görüşündə qəbul edilmiş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Eyni zamanda bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığına dair bir daha dəstək ifadə olundu. 120 üzv dövlətin dəstəyi ilə Azərbaycan 3 il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bizə göstərilən böyük dəstək, inam və etimada görə bir daha minnətdarlığımı bildirirəm. Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarını müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR