Prezident: "Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır"

Prezident: "Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır"
  • Clock-gray 01:53
  • calendar-gray 27 Fevral 2021

“Mən istəməzdim Ermənistandakı vəziyyətlə bağlı dərinə gedim. Mənim deyə biləcəyim Ermənistanda müəyyən siyasi qruplar tərəfindən sui-istifadə edilə bilər. Məncə, məsələni özləri həll etsələr yaxşıdır. Ancaq qonşu ölkə olaraq və müharibənin başa çatmasını nəzərə alsaq, biz, əlbəttə ki, Ermənistandakı vəziyyətə biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr Bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Mən artıq Prezident Putinin sitatını dilə gətirdim. Bu, onlar üçün sui-qəsd olacaqdır, vəziyyət bundan da qat-qat pis olacaqdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, ona görə bu gün Ermənistanda anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə baş verən və ya bir neçə ayın nəticəsində baş verən hadisə deyil, bunun birbaşa səbəbi işğaldır: “Onlar hazırda bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycanofobiya üzərində qurulmuş miflərdən ibarət idi. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Ancaq üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir. Yəni, bu vəziyyəti mən nəzarətdə saxlayıram, ancaq mən narahat deyiləm ki, Ermənistanda olan hər hansı bir dəyişiklik Bəyanatın icrasına təsir edə bilər. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə ona görə ki, burada Rusiya Prezidentinin də imzası var. Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır. Müharibədən əvvəl də Ermənistan Rusiyadan asılı olan bir ölkə idi. Mən bununla Ermənistanı ittiham etmirəm, bu, reallıqdır, yəni o asılılıq müharibədən sonra 10 qat artmışdır. Yəni, Ermənistanın cəsarəti çatacaqmı ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın? Burada, sadəcə, o bəyanatdan söhbət getmir, bu söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya Prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir. Yəni, mən tövsiyə edərdim onların hər hansı bir gözləntisi olmasın. Ermənistanda tarix sübut edib ki, orada siyasətçilər hər zaman hakimiyyətə gəlmək üçün populist çıxışlar ediblər, sonra real vəziyyətlə üzləşəndə onlar bunun əziyyətini çəkiblər. Ona görə mən istisna etmirəm ki, hər hansı revanşist bəyanatlar olsun. Amma onlar bundan çəkinməlidirlər. İstənilən halda Ermənistan hakimiyyətinin iradəsindən asılı olmayaraq 10 noyabr Bəyanatı icra ediləcəkdir.

Mənim Paşinyanla təmaslarım o vaxt sona çatdı ki, o təxribatçı bəyanatlar verdi, mən onları artıq səsləndirdim. Ondan əvvəl o, 2019-cu ildə Düşənbə şəhərində belə bir təmasın təşəbbüskarı oldu. Həmin siyasətçilər Ermənistanda bu gün onu “lift diplomatiyası” ilə məşğul olmaqda ittiham edirlər. Amma gülünc bir vəziyyətdir. Biz təsadüfən 1 dəqiqə ərzində liftdə olduq, yəni, görüşə gedərkən bir mərtəbədən digər mərtəbəyə qalxdıq. Liftdə bir dəqiqə ərzində bu adam hansı diplomatiya ilə məşğul ola bilərdi? Düşənbə şəhərində o, mənə təklif etdi ki və söz verdi ki, atəşkəsə riayət edəcək, münaqişənin başa çatdırılması üçün səylər göstərəcək. Mən dedim olsun. Sonra bizim nümayəndələr arasında birbaşa təmaslar yarandı və təmas xəttində hər hansı bir hadisə baş verəndə qarşılıqlı olaraq məlumat mübadiləsi baş tuturdu. Sonra Paşinyan özü qeyd edirdi ki, təmas xəttində bu qədər dinc vəziyyət mövcud deyildi. Nəyə görə? Çünki o, məndən xahiş etmişdi bunu və mən hesab etdim ki, bu, sülhə töhfə verəcək. Mən hesab edirdim ki, o, öz sələflərinin səhvlərini təkrar etməyəcək, siyasətini dəyişəcək. Ancaq o, mənim jestimi yanlış dəyərləndirdi. O, bunu zəiflik əlaməti kimi gördü, halbuki, bu, güc əlaməti idi, böyüklük əlaməti idi. Sonra da onun Şuşadakı məlum rəqsi və məlum bəyanatları bizim təmaslara son qoydu. Əlbəttə, müharibə zamanı də bizim heç bir təmasımız ola bilməzdi. Biz Moskvada Prezident Putinin dəvəti ilə yanvar ayında üçtərəfli görüş keçirdik. Bu, üçtərəfli görüş idi və bizim ikitərəfli hər hansı bir əlaqəmiz olmayıb və təmasımız da olmayıb”.

apa-logo-mini

Digər xəbərlər