Prezident: "Erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal Laçın, Kəlbəcərin və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq"

Prezident: "Erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal Laçın, Kəlbəcərin və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq"
  • Clock-gray 22:57
  • calendar-gray 28 Oktyabr 2020

“Bu, yenə də erməni tərəfin davranışından asılı olacaq. Bilirsiniz ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik. Hərçənd, bu bir ay ərzində mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycan bütövlükdə bu prinsipləri qəbul edib, əlbəttə, orada bizi qane etməyən müəyyən məqamlar var. Birinci mərhələdə beş rayonun qaytarılmasının nəzərdə tutulmasına gəldikdə isə, əlbəttə, indi bu, artıq aktual deyil. Ona görə ki, baza prinsiplərində ərazilərin qaytarılmasının növbəliliyi müəyyən edilmişdi”. 

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki,birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması: “Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayacaq. O mərhələ dərhal başlamalıdır. Əgər biz siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır”.

Rəşad Sarıyev

Digər xəbərlər