Prezident İlham Əliyev: "Azərbaycan 13 ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərib"

Prezident İlham Əliyev: "Azərbaycan 13 ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərib"
# 19 may 2020 16:31 (UTC +04:00)

“Azərbaycanın bir sıra xarici ölkələrə yardım etməsi bizim apardığımız siyasətin tərkib hissəsidir. Çünki xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident bildirib ki, ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır: “Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik – Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR