Prezident İlham Əliyev: “İşğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq”

Prezident İlham Əliyev: “İşğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq”
# 09 dekabr 2020 14:20 (UTC +04:00)

“Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, ilk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir: “Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk.

Bir neçə gün əvvəl görüşdüyüm nümayəndə heyəti Avropa İttifaqı məkanından olan və müharibədən sonra ölkəmizə gələn ilk qonaqlar idi. Əminəm ki, bu dostluq jestinin praktiki təzahürü olacaq, çünki bu gün biz təkcə enerji sektoru deyil, həmçinin qeyri-enerji sektoru haqqında danışırıq. Azad edilmiş torpaqlarda böyük potensial kənd təsərrüfatı, turizm, bərpa olunan enerji mənbələri ilə bağlıdır. Artıq söylədiyim kimi, böyük infrastruktur layihələri də olacaq. İndi biz həmin ərazilərin bərpa və yenidənqurma planlarını hazırlayırıq. Əminəm ki, biz çox uğurla işləyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR