Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib - YENİLƏNİB

Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib - YENİLƏNİB
  • Clock-gray 22:38
  • calendar-gray 17 İyun 2020

Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib.

APA xəbər verir ki, videokonfrans iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

-Sizi görmək çox xoşdur.

Anna Byerde: Təşəkkür edirik. Qarşılıqlıdır. Günortanız xeyir.

Prezident İlham Əliyev: Günortanız xeyir. Sizin sabahınız xeyir. Sizdə səhərdir.

Anna Byerde: Bəli.

Prezident İlham Əliyev: Şadam ki, gələcək planlarımız barədə danışmaq və ola bilsin ki, artıq görülmüş işlərə nəzər salmaq üçün imkanımız var. Biz Dünya Bankı ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Azərbaycana və sizin maliyyə dəstəyinizlə həyata keçirdiyimiz mühüm layihələrə göstərdiyi davamlı dəstəyə görə Dünya Bankına çox minnətdarıq. TANAP-a göstərdiyiniz dəstəyə görə xüsusi təşəkkürlər. Yəqin ki, bildiyiniz kimi, Cənub Qaz Dəhlizi layihəsinin icrası sona yaxınlaşır. Ümidvarıq ki, bütün tikinti işlərini bir neçə aya tamamlayacağıq. Əlbəttə ki, Dünya Bankının Cənub Qaz Dəhlizinin ən mühüm hissələrindən olan TANAP-ın icrasına verdiyi töhfə yüksək qiymətləndirilir. Sözsüz ki, bu, digər bankların da bu mühüm layihəni dəstəkləməsi üçün yaxşı siqnal oldu.

Mən, həmçinin artıq icra edilmiş layihələri nəzərdən keçirirdim. Onlar bir çox sahələri əhatə edir. Biz çox mühüm töhfəyə görə olduqca minnətdarıq, ümumilikdə layihələrə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Əlbəttə, bizim gələcək üçün daha çox planımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq.

Mən, həmçinin özünüməşğulluq proqramı ilə bağlı bizə dəstək göstərilməsinə dair müraciətimə dərhal cavab verdiyinə görə Dünya Bankına xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunmuşdu və bir ildən də az müddət ərzində biz artıq bütün hazırlıq işlərini tamamlamışıq. Mənə məlumat verilib ki, Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırırıq və əlbəttə, ki, Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə yüksək qiymətləndirilir və alqışlanır.

Anna Byerde: Təşəkkür edirəm, Zati-aliləri. İlk növbədə, bu görüşü təşkil etdiyinizə görə çox sağ olun. Mən Sizinlə görüşməkdən həqiqətən də məmnunam. Mən Sizinlə Azərbaycanda görüşməyi çox istərdim. Amma dünyada baş verənləri nəzərə alsaq, hələ ki, görüşləri bu cür keçirməli olacağıq. Lakin çox yaxın gələcəkdə Sizinlə Azərbaycanda görüşəcəyimə ümid edirəm. Mən, həmçinin tərəfdaşlığa görə və birlikdə bir çox sahələrdə işlədiyimiz komandaya minnətdarlığımı bildirmək istərdim. Əlaqələrin necə möhkəm olduğunu görməkdən məmnunam. Tərəfdaş kimi Dünya Bankına olan etimadınıza görə Sizə çox təşəkkür edirəm. Mən bu vəzifənin icrasına başladığımdan bu yolu davam etdirməyimizi səbirsizliklə gözləyirəm. Bir daha buna görə təşəkkür edirəm.

Həmçinin mən Dünya Bankı adından Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasına verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Bu addım çox yüksək qiymətləndirilir. Sizin ən yoxsul ölkələr üçün olan fondumuzu dəstəkləməyiniz bizim tərəfimizdən həqiqətən də çox yüksək qiymətləndirilir. Düşünürəm ki, bu, bizim əlaqələrimizi daha irəliyə aparır. Buna görə həqiqətən də minnətdarlığımı bildirmək istərdim. Mənim üçün burada olmaq məmnuniyyətdir. Mən təxminən 5 illik fasilədən sonra regiona qayıdıram. Geri qayıtmaq möhtəşəmdir. Mən Dünya Bankındakı fəaliyyətimin əhəmiyyətli bir hissəsini bu regionda keçirmişəm. Bu, mənə çox yaxın olan regiondur. Ötən dəfə regionda olarkən təxminən 4 ay Azərbaycandakı proqrama birbaşa nəzarət etmək mənə nəsib olub. Bu müddət ərzində, həmçinin ölkə ilə tərəfdaşlıq çərçivəsi təsdiq olunub. Mən son bir neçə ildə bu tərəfdaşlıq çərçivəsinin həyata keçirilməsini görməkdən çox məmnun oldum. Mən TANAP layihəsinin ilkin mərhələlərində iştirak etmişəm, ona görə də ona yaxşı bələdəm. Mən bu layihə münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm. Bu, bizim buna bənzər nəyisə dəstəkləyə bilməyimiz və həm kredit əməliyyatlarını, həm də birgə apardığımız işimizi nə dərəcədə yaxşı mənimsədiyimizi göstərən həqiqətən də flaqman layihədir. Mən bir daha təşəkkürümü bildirmək istəyirəm. Birlikdə əldə etdiyimiz yaxşı irəliləyişi davam etdirməyi və onu daha yüksək səviyyələrə qaldırmağı səbirsizliklə gözləyirəm. Mən, həmçinin qeyd etməliyəm ki, Azərbaycanla bağlı məlumatları oxuyarkən ölkənin “Doing Business” hesabatında reytinqini görməkdən həqiqətən də məmnun olmuşam. Mən bu münasibətlə də Sizi təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, dəyişikliyin daha bir sübutudur. Siz qeyd etdiyiniz kimi, iqtisadiyyatınızın şaxələndirilməsi üçün “Doing Business”də iqtisadiyyatın inkişafı baxımından yaxşı göstəricidir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde bildirdi ki, koronavirusun təsirinin olduğu bir dövrdə yaşayırıq. O, ölkəmizdə icra olunan özünüməşğulluq layihəsinə toxundu, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqdan danışdı.

Dünya Bankının ölkəmizdəki rəhbəri Navid Hassan Naqvi 4 il Azərbaycanda fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi. Vurğuladı ki, fəaliyyətinin başa çatması ilə bağlı ölkəmizi zəngin təəssüratlarla tərk edir. O, dövlətimizin başçısına Dünya Bankının ölkəmizdəki fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, Navid. Əlbəttə, təəssüf edirik ki, siz bizi tərk edirsiniz. Eyni zamanda, vaxtın necə sürətlə keçdiyini görürük. Çünki mən görüşdüyümüz ilk vaxtı - sizin Azərbaycanda yenicə fəaliyyətə başladığınız vaxtı xatırlayıram. Artıq 4 il keçib. Biz anlayırıq ki, Dünya Bankının əməkdaşları öz yaşayış və iş yerlərini çox tez-tez dəyişirlər. Lakin mən sizə “Çox sağ ol” demək istəyirəm. Çünki bizimlə olduğunuz bütün bu müddət ərzində siz həqiqətən də əməkdaşlığımıza və vacib layihələrin həyata keçirilməsinə töhfə verdiniz. Gələcək fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. Sizi yenidən Bakıda görəcəyimə ümid edirəm. Bizim qonağımız kimi və ya ola bilsin ki, yeni vəzifədə. Əməkdaşlıq üçün təşəkkür edirəm.

Sonra Dünya Bankının Azərbaycana yeni təyin olunan rəhbəri Sara Maykl çıxış edərək dedi:

-Salam, Zati-aliləri. Mən bu vəzifəyə təyin olunmaqdan həqiqətən şərəf hissi keçirirəm. Mən hökumətlə birgə çalışmağı, tərəfdaşlığımızı dərinləşdirməyə davam etməyi səbirsizliklə gözləyirəm. Mən əvvəllər Azərbaycanda və regionda çalışmışam. Bura artıq elə bir ölkədir ki, o, mənim ürəyimə yaxındır. Mən bu təcrübədən çıxış edərək irəliyə doğru addımlayacağımıza ümid edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Pandemiya bitən kimi biz sizi gözləyirik. Biz yenidən sizi qarşılamaqdan məmnun olardıq. Bizə yad olmamağınız düşünürəm ki, bizim üçün çox yaxşıdır. Siz bizim ölkə ilə tanışsınız. Bizim etdiklərimizin hamısını bilirsiniz. Çünki hazırda - iqtisadi islahatlarımızın bu mərhələsində sizin Azərbaycandakı fəaliyyətiniz bizə kömək edəcək ki, əməkdaşlığı müvafiq qaydada planlaşdıraq və artımı, məşğulluğu yaradan sahələrə diqqəti cəmləyək. Siz bizim şaxələndirmə, sənaye inkişafı ilə bağlı planlarımızdan məlumatlısınız. Ona görə də əminəm ki, siz Bakıda çox məşğul olacaqsınız.

Mən bir daha Dünya Bankının Azərbaycan üçün etdiyi bütün işlərə görə minnətdarlığımı bildirmək istərdim. Bizim “Doing Business” reytinqində irəliləyişlə bağlı xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, “Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə də hökumətin, administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı. Biz xüsusilə geridə qaldığımız sahələrə diqqəti yetirirdik. Biz qısa müddət ərzində çox əsaslı irəliləyişə nail ola bildik. Əlbəttə, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik. Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir. Birgə çalışdığımız digər layihələr arasında artıq proqramımızın mövcud olduğu özünüməşğulluq sahəsindən savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi sığortanın adını qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bunu gələn ilin yanvarına qədər təxirə salmalı olduq. Ancaq artıq proqramın əhatə etdiyi bir neçə şəhərimiz var. Nəticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemin necə strukturlaşdırılmasının üzərində işləməyə davam edəcəyik. Çünki bu, bizim üçün yenidir. Bir məsələ ondan ibarətdir ki, bu 1, 2 və 3 şəhərdə tətbiq olunur. İkinci məsələ isə ondan ibarətdir ki, bütün ölkədə tətbiq olunacaq.

Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür. Çünki təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusilə ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim.

Siz, həmçinin kənd təsərrüfatını qeyd etdiniz. Biz sizinlə bu sahədə çalışırıq. Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünki biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində biz bu sahədə çox vacib layihələr icra etmişik. Hazırda biz əsasən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası... Dəmir yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmimizə daxildir.

Mən, həmçinin məhkəmə sistemimizə dəstəyinizə görə minnətdarlığımı bildirmək istərdim. Mən şəxsən yeni məhkəmə binalarımızın açılış mərasimində iştirak etmişəm. Təkcə binalar deyil, həmçinin sistemlər, texnologiyalar. Bütün bu layihələr Dünya Bankının dəstəyi ilə həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar vəziyyəti nəzərə alaraq təbii ki, postpandemiya dövrü böhranını idarə etmək üçün bizim ölkə strategiyasına ehtiyacımız var. Çünki bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə çevrilib. Beləliklə, pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq.

Sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək dedi:

-Təşəkkür edirəm cənab Prezident. Hörmətli xanım vitse-prezident, hörmətli həmkarlar. Mən Dünya Bankı və Azərbaycan arasında uzunmüddətli məhsuldar əməkdaşlığın tarixçəsini qeyd etmək istəyirəm. Bu əməkdaşlığa ötən 15-17 il ərzində təkan verilmişdir və bu müddətdə Azərbaycan iqtisadiyyatı 3 dəfə artmışdır. Yoxsulluq probleminin öhdəsindən gəlinmişdir.

Cənab Prezident, icazənizlə hansı növ antiböhran tədbirlərinin görülməsi ilə bağlı bir neçə söz demək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan bu böhranla əlaqədar çağırışlarla - xüsusilə əsas ixrac etdiyi məhsulların qiymətlərinin düşməsi ilə bağlı çağırışlarla üzləşmişdir. Lakin biz makroiqtisadi sabitliyi qoruya bilmişik, inflyasiyanın səviyyəsi təqribən 3 faizdir. Milli valyutanın kursu sabitdir və mübadilə kursu üzərində heç bir təzyiq yoxdur. Proqnozlara görə, bu ilin sonunadək çox cüzi bir resessiya olacaq. Lakin maliyyə sektorunda vəziyyət çox sabitdir və həmçinin bəzi qeyri-sabit bankların sistemdən çıxarılmasına nail olmuşuq. Həmçinin cənab Prezident, qorunan əmanətlərin sığortalanması üzrə qanunun müddəti artırılmışdır və maliyyə sektorunda sabitliyin qorunması üzrə bütün addımlar atılacaq.

Elman Rüstəmov Dünya Bankı ilə potensial əməkdaşlıq sahələrindən danışdı. Qeyd etdi ki, keçən il Dünya Bankı ilə yeni milli iqtisadi inkişaf strategiyasının hazırlanması üzrə danışıqlara başlanıb. Hazırda biz 2016-2020-ci illəri əhatə edən ölkə tərəfdaşlıq strategiyaları əsasında çalışırıq və bunun da müddəti cari vəziyyət nəzərə alınaraq bir il artırılmışdır. Mərkəzi Bankın sədri, həmçinin maliyyə sektorunun qiymətləndirilməsi proqramı üzərində çalışmağın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə etdi.

Sonra Prezidentin köməkçisi Natiq Əmirov çıxış edərək dedi:

-Çox sağ olun, cənab Prezident. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı COVID-19 qlobal pandemiyası ilə əlaqədar olaraq üçqat fiskal şoka məruz qalmışdır. Birincisi, qlobal ticarətin və artımın azalması nəticəsində neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İkincisi, neftin qiymətinin düşməsindən sonra pandemiya ilə əlaqədar karantinə qədər gəlirlərin, həmçinin iqtisadi və investisiya fəaliyyətinin azalması müşahidə olundu. Üçüncüsü, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək xərcləri artmışdır. Bu mənfi vəziyyətə baxmayaraq, vergi və gömrük orqanlarının güclü fəaliyyəti sayəsində bu ilin ilk beş ayı üzrə büdcənin icrası müsbət olmuşdur. Büdcə profisiti 1,1 milyard manat təşkil etmişdir.

Natiq Əmirov bildirdi ki, gələcəkdə büdcə siyasəti sosial müdafiə və iş yerləri ilə makroiqtisadi sabitliyə dəstəyin göstərilməsi və neft fondunda rahat rezervlər səviyyəsinin saxlanılması arasında optimal balansı tapmaqdan ibarət olan əsas hədəfə cavab verməlidir. O, bunun üçün qaydaları hazırlamaq və optimal balansı tapmaq məqsədilə Dünya Bankı ilə əməkdaşlığı davam etdirməyin məqsədəuyğunluğunu vurğuladı.

Xanım Anna Byerde ölkəmizi yaxşı makroiqtisadi və fiskal göstəricilərə malik olması münasibətilə təbrik etdi. O, Azərbaycanın koronavirusun vura biləcəyi ziyanı minimuma endirmək üçün müvafiq tədbirlər həyata keçirdiyini dedi və bunu yüksək qiymətləndirdiklərini bildirdi. Vitse-prezident ölkəmizlə strategiya və sosial-iqtisadi inkişaf proqramı üzrə birgə əməkdaşlığa hazır olduqlarını vurğuladı. Anna Byerde qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsi və sosial sektora diqqətin artırılması çox vacibdir və Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür. O, Dünya Bankının tibbi sığorta, su sektoru, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, texnologiyalar və digər sahələrdə də ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirdi.

Sonra Bankın Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident, Sizi yenidən görmək həqiqətən çox xoşdur. Sizinlə görüşmək üçün bu, üçüncü fürsətdir və hər görüşümüzdə tərəfinizdən verilən yüksək səviyyəli strateji yönləndirmə və tövsiyələriniz bizim gələcək əməkdaşlığımız üçün gözəl yol xəritəsi təşkil edir.

Bizim uzunmüddətli tərəfdaşlığımızı bir daha vurğulamaq istəyirəm. Bu, artıq dələlərlə qeyd edilib. Biz müstəqilliyinin ilk illərindən, həmçinin 2008-ci və 2011-ci illərdə dünyada yaşanan iqtisadi böhran zamanı Azərbaycanın yanında olmuşuq. Biz COVID-19 pandemiyası dövründə də Sizin güclü tərəfdaşınız olmaq niyyətindəyik. Cənab Prezident, istəyirəm biləsiniz ki, biz bütün bilik və maliyyə resurslarımızla Sizin yanınızdayıq və hər hansı digər bir dəstəyə ehtiyacınız olduğu təqdirdə biz buna hazırıq.

Burada eşitdiyim tövsiyələrinizlə bağlı qeydlərimi bildirmək istəyirəm. Birincisi strategiyaya aiddir. Burada bizim şaxələndirmə və inkişafla bağlı misilsiz imkanımız var və Siz də bunu qeyd etdiniz. Mən dövlət investisiyaları yönümlü modeldən özəl sektorun inkişafı modelinə keçidi nəzərdə tuturam. Bu, Azərbaycana yeni bir mövqedən çıxış etməyə imkan verə bilər. Biz hökumətinizlə ilkin müzakirələrə başlamışıq və bizim vitse-prezidentin qeyd etdiyi kimi, bunu saziş formasında rəsmiləşdirməyimiz işlərin qısa zamanda həyata keçirilməsini mümkün edəcək.

Zənnimcə, bugünkü qlobal böhran inkişafa bir növ yeni təkan verə bilər. Beləliklə, cəmiyyətdə sosial razılığın bərqərar olunması və insanların buna inamı təmin edilə bilər. İqtisadi artım və məşğulluq məsələləri istənilən strategiya üçün olduqca əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Biz uzun illər ərzində hər iki mövzu üzərində geniş şəkildə çalışmışıq.

Dünya Bankı və şəxsən mən yeni iş yerlərinin yaradılması üzərində uzun müddət çalışırıq. Biz 20 il ərzində Dünya Bankı tərəfindən məşğulluq sahəsində icra olunmuş layihələri yenidən təhlil edərək burada özəl sektorda dayanıqlı iş yerlərinin yaradılmasında yardımçı ola biləcək 3-4 mühüm amili müəyyən etdik. Birincisi, maliyyə resurslarının əlçatanlığı, yəni, inkişaf gündəliyini dəstəkləyən maliyyə sektorunun mövcudluğudur. İkincisi, bazarlara çıxışdır. Bu gün qlobal səviyyədə təchizat zəncirində mövcud olan gərginlik Azərbaycana yeni mövqedən çıxış etməyə, Avropa və Asiya arasında bağlantı yaradaraq həlledici rola malik olmağa imkanı verə bilər.

Sebastian Molineus böyük və kiçik şirkətlərə istehsal gücünün və səmərəliyin artırılması məqsədilə müasir texnologiyaların geniş tətbiqində ölkəmizlə əməkdaşlığı davam etdirmək, həmçinin Azərbaycanda dünya səviyyəli səhiyyə sisteminin yaradılması prosesinə, ölkəmizdə su ehtiyatlarının güclü idarəçiliyi, infrastrukturun gücləndirilməsi və su ehtiyatlarından tam şəkildə səmərəli istifadəyə yardımçı olmaq niyyətlərindən danışdı. O, Prezident İlham Əliyevin turizm, kənd təsərrüfatı sahələrinə diqqətin yönəldilməsi barədə tövsiyələrinin də nəzərdə saxlanılacağını qeyd etdi.

Prezident İlham Əliyev: Görülən işlər və gələcək planlarımızla bağlı dediklərinizə görə təşəkkür edirəm. Pandemiya dövründə Azərbaycan müsbət nəticələr göstərir. Hesab edirəm ki, bu, son vaxtlar başlanılmış çox ciddi islahatların yeni mərhələsi sayəsində mümkün olmuşdur. Burada əsas məsələ kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun azaldılmasıdır. Çünki icbari tibbi sığorta yüksək səviyyəli səhiyyə xidmətləri təqdim etməklə yanaşı, qeyri-rəsmi məşğulluqla mübarizədə də bizə yardımçı olacaq. Yəni, hələ də kölgədə fəaliyyət göstərənlər ağ iqtisadiyyata keçməli olacaqlar.

Bu, vacib nailiyyətdir və sizə bir rəqəm deyə bilərəm. Ötən il bizim vergi və gömrük orqanlarımız proqnozdan 600 milyon dollar əlavə vəsait toplayıblar. Əsasən də kölgə iqtisadiyyatının azaldılması sayəsində və bu proses davam edir. Cari ilin ilk 5 ayı ərzində vergi və gömrük orqanları proqnozdan 400 milyon manat artıq vəsait toplayıb. Bu, ticarət münasibətlərinin ciddi zərər gördüyü vaxtda baş verib.

Artıq qeyd edildiyi kimi, bizim milli valyutamız sabitdir və zənnimcə, bu da makroiqtisadi sabitliyin mühüm amillərindəndir. Biz anlayırıq ki, makroiqtisadi sabitlik olmadığı təqdirdə bütün səylərimiz sarsılacaq. Biz işsiz, aztəminatlı və pandemiyadan əziyyət çəkən sahələrdə, məsələn, turizm və digər sahələrdə çalışan yüz minlərlə insanın dəstəklənməsi üçün 2 milyard dollar həcmində sosial və iqtisadi paket təqdim etmişik. Təkcə kiçik sahibkarların sayı 600 minə yaxındır.

Beləliklə, biz həmin vəsaitləri pandemiyadan əziyyət çəkmiş insanlara lazımi dəstəyin göstərilməsi üçün ayırmışıq. Qeyd edildiyi kimi, bank sistemində, həmçinin dəyişikliklər gedir və bəzi bankların lisenziyası ləğv edilmişdir. İnsanların sığortalanmış bütün əmanətləri hökumət tərəfindən təmin edilmişdir.

Həmçinin bildirmək istərdim ki, pandemiya zamanı biz qlobal səviyyədə çox fəal çalışdıq. Biz artıq 29 ölkəyə humanitar yardım göstərmişik. Eyni zamanda, hazırda biz 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edirik və həmin təşkilatın onlayn Zirvə görüşünü keçirdik. Həmin tədbir çox uğurlu oldu. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə yardımı göstərmişik. Bu, bizim beynəlxalq öhdəliklərimizin bir hissəsi idi.

Strategiyanın formalaşdırılmasına gəldikdə, biz Dünya Bankının iştirakını çox alqışlayırıq. Fikrimcə, bu, gələcəyimizin planlaşdırılmasında bizə elə yardım edəcək ki, hədəfləri müəyyənləşdirəndə onlara nail ola bilək. Bir sözlə, strategiya məzmuna uyğun çox konkret olmalıdır və onun sayəsində biz dayanıqlı inkişaf məqsədlərinə və enerji sektorundan asılılığın azaldılmasına nail olmalıyıq.

Beləliklə, Cənub Qaz Dəhlizi istismara veriləndən sonra əlbəttə ki, Azərbaycanın enerji sektoru daha çox potensial qazanacaq. Qeyri-enerji sektoru onunla rəqabət apara bilməyəcək, lakin hesab edirəm ki, iqtisadiyyatımızın əsas aparıcı qüvvəsi özəl sektor olacaq. Bu baxımdan, mən Dünya Bankı nümayəndələrinin söylədikləri ilə tam razıyam.

Səhiyyə sektoruna gəldikdə, fikrimcə, son on altı il ərzində səhiyyə infrastrukturuna yatırdığımız sərmayələr, hazırda bizə koronavirusla mübarizə aparmaq imkanını yaratdı, çünki səhiyyə sistemimiz daha çox insanları müalicə etməyə qadirdir. Əfsuslar olsun ki, sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoluxan insanların sayında artım var. Lakin səhiyyə sistemimiz bunun öhdəsindən gəlir. Ümid edirəm ki, gələcəkdə də bu imkanlar olacaq. Bir sözlə, səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir. Lakin əlbəttə ki, bizim ciddi təkmilləşdirməyə ehtiyacımız var və bunun üzərində birmənalı olaraq işləyəcəyik.

Su layihələri haqqında söylədiyim məqamlara qayıdaraq, cənab Molineisun söylədiyi “su təhlükəsizliyi” termini ilə tam razıyam. Bu, həqiqətən də bizim üçün təhlükəsizlik məsələsidir. Tam razıyam ki, biz bu sahəyə görə məsuliyyət daşıyan şirkətlərimizin və dövlət təşkilatlarının strukturunun lazımi qaydada formalaşdırılması məqsədilə təsisat əsasları üzərində çalışmalıyıq. Biz infrastruktura ciddi sərmayələr qoyacağıq. Bunlar bizim builki dövlət sərmayə proqramında əks olunub. Ümid edirik ki, Dünya Bankı ilə birgə infrastruktur və qənaət sahəsində biz daha geniş miqyasda işləyə bilərik. Burada qənaətə yeni texnologiyaların tətbiqi və lazımi idarəçilik nəticəsində nail olunması nəzərdə tutulur.

Qaldırmaq istədiyim digər bir məsələ də var və o, daim bizim gündəliyimizdədir. Həmin məsələ ətraf mühitin qorunmasıdır. Bu, xüsusən də Bakı və Abşeron yarımadasına aiddir. Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaratmışdır. Biz böyük həcmdə təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bizə daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirklənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər.

Anna Byerde indiki gərgin bir dövrdə keçirilən bu görüşdə faydalı müzakirələrə imkan yaratdığı üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, Dünya Bankı təmasların qurulmasına, Azərbaycanda islahatların sürətlənməsinə bundan sonra da dəstək verməkdən çox məmnun olardı.

Prezident İlham Əliyev: Sağ olun, xanım vitse-prezident. Təşəkkür edirəm, əziz dostlar. Bu təşəbbüsə görə minnətdaram. Mən apardığımız müzakirədən çox razı qaldım. Fikrimcə, biz bütün mühüm sahələri əhatə etdik. Bu gün fikir mübadiləsi apardığımız ideyaları icra etməyə başlayacağıq. Ümid edirəm ki, gələcəkdə bizim əməkdaşlığımız keçmişdəki kimi uğurlu olacaq. Əlbəttə, zaman keçir, yeni çağırışlar və prioritetlər ortaya çıxır. Lakin hesab edirəm ki, müzakirə etdiyimiz bütün məsələlər birgə səylərimiz sayəsində reallığa çevrilə bilər. Azərbaycana verdiyiniz davamlı dəstəyə və bu imkanlara görə bir daha minnətdaram. Sizi pandemiya bitən kimi Bakıda görməyimə ümid edirəm.

Anna Byerde: Sağ olun.

Prezident İlham Əliyev: Minnətdaram. Sizə uğurlar arzulayıram, sağ olun.

***

Saat 17:16

Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib.

APA-nın xəbərinə görə, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov və Mərkəzi Bankın sədri Elman Rüstəmov iştirak ediblər.

apa-logo-mini

Digər xəbərlər