Prezident: “Müsəlman ölkələrinin liderlərinə deyirdim ki, əl sıxdığınız insanlar məscidləri dağıdan, sökən, orada inək, donuz saxlayanlardır”

Prezident: “Müsəlman ölkələrinin liderlərinə deyirdim ki, əl sıxdığınız insanlar məscidləri dağıdan, sökən, orada inək, donuz saxlayanlardır”
# 26 fevral 2021 17:04 (UTC +04:00)

“Doğrudan da, Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Ağdam məscidində donuz, inəyin saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir: “Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özlərinə yer tapmaq istəyirlər. Keçmiş Ermənistan prezidenti Koçaryanın dağılmış və üzərində təhqiramiz ifadələr olan həmin Ağdam məscidinin önündə şəkilləri var. Onlar bu cinayəti törədiblər. Və mən dəfələrlə müxtəlif tədbirlərdə, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşlərində və digər beynəlxalq tədbirlərdə qeyd edirdim ki, bu cinayəti törədənlər, İslam müqəddəslərinin təhqirini özünə rəva bilən heç vaxt müsəlman ölkələri ilə dost ola bilməz. Mən müsəlman ölkələrinin liderlərinə üz tutub deyirdim ki, Sizin əl sıxdığınız insanlar müsəlman məscidlərini dağıdan, sökən, orada inək, donuz saxlayanlardır. Zəngilan işğaldan azad olunandan sonra - bu, lap yeni görüntülərdir, müharibə dövründə o görüntülər də üzə çıxmışdır - Zəngilan rayonunun məscidlərinin birində donuz saxlanıldığı məlum oldu. Pənahəli xan sarayını tövləyə çevirmişdilər. Bunu qəsdən edirlər. Məgər heyvanları başqa yerdə saxlamaq olmazdımı? Görün müsəlmanlara qarşı bunların nifrəti nə qədər böyükdür. Bunu edən cinayətkarlar, əxlaqsızlar, ondan sonra da gedib bəzi müsəlman ölkələrinin liderləri ilə görüşüb, hansısa dostluq, əməkdaşlıqdan danışırlar. Xahiş edirəm, bu görüntüləri yayın bütün dünyaya. Bütün dünya görsün ki, Ermənistan rəhbərliyi islamafob xisləti ilə fərqlənir və bu, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə təhqirdir”.

Prezident bildirib ki, azad edilmiş torpaqlarda məlumatlara görə, 67 məscid var idi, onlardan cəmi biri nisbətən salamat vəziyyətdədir: “Qalanlar ya tam dağıdılıb, ya da ki onların böyük hissəsi dağılıb. Biz bütün məscidləri bərpa edəcəyik. Əlbəttə ki, İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. Bu yaxınlarda İCESCO-nun nümayəndə heyəti Azərbaycanda idi. Onlar da Ağdam rayonunu, məscidini ziyarət etmişdilər. Ondan sonra İCESCO-nun baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürüldü ki, İCESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər. Biz bunu alqışlayırıq. Və digər müsəlman ölkələrinin nümayəndələrinin təşəbbüslərini də biz alqışlayırıq. Biz bu bərpa işlərini İslam həmrəylik bayramına çevirməliyik. Çünki İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı Azərbaycan çox ardıcıl siyasət aparır. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə keçirilmiş müxtəlif tədbirlər, eyni zamanda prinsipial məsələlərlə bağlı bizim açıq mövqeyimiz, əlbəttə ki, İslam aləmində də bizə çox böyük nüfuz qazandırıb. Müsəlman ölkələri arasındakı birlik, həmrəylik bizim hamımız üçün lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR