Prezident: “Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, bu ilin ilk üç ayında türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb”

Prezident: “Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, bu ilin ilk üç ayında türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb”
# 10 aprel 2020 17:12 (UTC +04:00)

“Ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir: “Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.

Səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR