QDİƏT PA seçkilərlə bağlı rəyini açıqlayıb

QDİƏT PA seçkilərlə bağlı rəyini açıqlayıb
# 10 fevral 2020 10:27 (UTC +04:00)

"Qardaş, dost Azərbaycanda 2020-ci il parlament seçkilərində müşahidəçi kimi iştirak etdim. Artıq 3 gündür ki, prosesləri izləyirik".

APA-nın məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyasının üzvü, türkiyəli deputat Cemal Öztürk bildirib. O qeyd edib ki, qardaş Azərbaycanda demokratik, ədalətli seçki keçirilib: "Hər hansı neqativ hadisəyə rast gəlmədim. Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan xalqı ən yaxşılara layiqdir. Bu seçkilərin təkcə Azərbaycanda yox, bütün Türk dünyası, bölgədəki sülhə təsir edəcəyinə inanıram".

Qurumun Baş katibi Asəf Hacıyev isə bildirib ki, təşkilata 12 dövlət və 76 millət vəkili daxildir: "Nümayəndə heyətinə 5 ölkənin nümayəndəsi daxildir. Dünən Bakıda 10-dan çox seçki məntəqəsində olduq, heç bir pozuntu görmədik. Hətta orada olan partiyaların nümayəndələrindən də soruşduq, daha sonra Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Buralarda aktivlik daha çox idi".

Baş katib deyib ki, hər seçki demokratiyanın ölçüsüdür: "İlkin nəticələrə görə, YAP qalib gəlib, YAP bir daha göstərdi ki, formalaşmış, Azərbaycana gələcəyə aparan partiyadır. İlkin nəticələrə görə partiya 69 yer qazanıb. Azərbaycanda getdikcə demokratik proseslər daha da çox inkişaf edəcək".

QDİƏT PA-in müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin deyib ki, həmkarları ilə birgə seçkidə müşahidə aparıb: "Azərbaycanda seçkilər çox demokratik şəkildə keçirildi. Ən əsası məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yarandı. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm. Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis Azərbaycanın həyatında nə qədər böyük rol oynayır".

QDİƏT PA-in müşahidə missiyasının üzvü, bolqarıstanlı deputat Petar Kanev bildirib ki, çox demokratik seçki prosesi müşahidə ediblər: "Mən artıq Azərbaycanda 3-cü dəfədir ki, seçkilərdə iştirak edirəm. Hava çox soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. 40-a yaxın yerdə müşahidə apardım, seçkilərin şəffaf keçirilməsini müşahidə etdim. Azad və demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm".

QDİƏT PM-in müşahidə missiyasının üzvü, gürcüstanlı deputat Ramaz Nijolaişvili isə qeyd edib ki, dünən çox mürəkkəb gün idi: "Düşünürəm ki, arzu etdiyimiz kimi demokratik seçkiləri görə bildik. Bu, ölkə region üçün çox önəmlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR