QDİƏT PM-in videokonfrans formatında plenar iclası keçirilib

QDİƏT PM-in  videokonfrans formatında plenar iclası keçirilib
  • Clock-gray 11:59
  • calendar-gray 25 Noyabr 2020

Noyabrın 24-də Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) videokonfrans formatında 56-cı plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirə Milli Məclisin deputatı, QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - deputatlar Musa Quliyev, Ramin Məmmədov və Elşad Mirbəşiroğlu qatılıblar.

İclası açan Parlament Məclisinin sədri, Yunanıstan parlamentinin spikeri Konstantin Tassulas görüləcək işlərdən danışıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Əvvəlcə iclasın gündəliyi və Baş Məclisin 55-ci plenar iclasının protokolu təsdiqlənib, qurumun fəaliyyətinə dair hesabat dinlənilib, bir sıra təşkilati məsələlərə baxılıb.

Sonra İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri, Hüquqi və siyasi məsələlər və Mədəniyyət, təhsil və sosial məsələlər komitələrinin iclasları keçirilib. Hər üç komitədə “Pandemiya ilə mübarizədə parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.

QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyevin sədrliyi ilə keçirilən Hüquqi və siyasi məsələlər komitəsinin iclasında pandemiya ilə mübarizədə parlamentlərin rolunun hüquqi və siyasi aspektləri müzakirə olunub. Məruzə layihəsi səsə qoyularaq qəbul edilib.

Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında isə məruzə ilə çıxış edən QDİƏPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev bildirib ki, COVİD-19-la bağlı Qara Dəniz İqtisadi Əməkdaşlığı regionu ölkələrinin göstəriciləri dünyadakı vəziyyətin fonunda hazırda region ölkələri tərəfindən pandemiyaya operativ reaksiya verilməsi nəticəsində pis vəziyyətlə üzləşməkdən qaçmaq mümkün olduğunu göstərir: “COVİD-19-un səhiyyə və sosial müdafiə sahəsində yaratdığı böhranın və onun nəticələrinin öhdəsindən gəlmək və bərpa prosesi üçün pandemiya başa çatdıqdan sonra region ölkələri üçün  yeni səhifə açıla bilər. Pandemiya bir daha göstərdi ki, müasir dünyada qlobal fəlakət qarşısında heç kəs tək davam gətirə bilməz”.

Sonra məruzə layihəsi ətrafında müzakirələr aparılıb, qeyd və təkliflər səsləndirilib. Layihə səsə qoyularaq təsdiqlənib.

İclasda bir sıra maliyyə məsələlərinə də baxılıb, rotasiya qaydasında təşkilata sədrlik  Moldovaya təhvil verilib.

Bununla da QDİƏTPM-in 56-cı plenar sessiyası başa çatıb.

Firuzə Vahid

Digər xəbərlər