Qazaxıstan Ali Məhkəməsinin sədri Azərbaycana səfər edib

Qazaxıstan Ali Məhkəməsinin sədri Azərbaycana səfər edib
  • Clock-gray 16:51
  • calendar-gray 29 Noyabr 2019

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Mərkəzi Asiya ölkələrində hüquqi dövlətçiliyə dəstək" proqramının dəvəti ilə Qazaxıstanın yüksək vəzifəli nümayəndə heyəti İnzibati ədliyyənin təşəkkülü və inkişafı təcrübəsi ilə tanış olmaq məqsədilə Azərbaycana  səfər edib. 

APA-nın məlumatına görə, Qazaxıstanın Ali Məhkəməsinin hakimləri, Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı, Ali Məhkəmənin və Baş Prokurorluğunun digər rəhbər işçilərindən ibarət Qazaxıstan nümayəndə heyətinə Qazaxıstan Ali Məhkəməsinin sədri  Jakip Asanov başçılıq edib. Səfər çərçivəsində Azərbaycan Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli və Milli Məclis Aparatının məsul əməkdaşı Səyyad Kərimovla həm "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycanın İnzibati-Prosessual Məcəlləsinin qəbul və təkmilləşdirilməsində qanunvericilik təcrübəsinin müzakirəsi üzrə görüş keçirilib. 

Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə və Ali Məhkəməsinin hakimləri, habelə Bakı Apelyasiya Məhkəməsinin və İnzibati-İqtisadi məhkəmələrin hakimləri ilə görüşlər inzibati məhkəmələrin təşkili və inzibati ədalət mühakiməsinin həyata keçirilməsinin prosessual xüsusiyyətləri barədə fikir mübadiləsinə həsr edilib. Heyətin Azərbaycan Respublikası Vəkillər Kollegiyasında keçirilən görüş zamanı ictimai-hüquqi mübahisələr üzrə vəkil təcrübəsi təqdim edilib.

Səfər çərçivəsində müzakirə olunan inzibati icraatın və inzibati prosesin Azərbaycan modelinin müddəaları Qazaxıstan nümayəndə heyəti üçün hazırda Qazaxıstan Respublikası Parlamentinin Məclisində nəzərdən keçirilən İnzibati Prosessual Məcəllənin layihəsi kontekstində maraq doğurur. 

Qazaxıstan nümayəndə heyətini GİZ Proqramının rəhbəri Yorq Pudelka və Proqramın ölkə üzrə koordinatoru Almat Qabbasov müşayiət edib.

 

   

 

Səlcuq Elçin

Digər xəbərlər