Rusiyada Azərbaycan Diasporunun Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub

Rusiyada Azərbaycan Diasporunun Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub
  • Clock-gray 00:41
  • calendar-gray 28 Noyabr 2019

Noyabrın 25-dən 29-dək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında işgüzar səfərdə olub. 

APA-nın Moskva müxbirinin xəbərinə görə, səfər çərçivəsində Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal agentliyin (Россотрудничество) rəhbəri Eleonora Mitrofanova, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov, Rusiya Federasiyası Prezidentinin Daxili Siyasət idarəsinin rəis müavini Mixail Belousov, “TASS” dövlət informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu da iştirak edib.  

Görüşlər zamanı Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Səfərin əsas məqsədlərindən biri Moskva şəhərində yaşayan soydaşlarımızla, onların təmsil etdiyi, rəsmi qeydiyyatdan keçmiş və qeydiyyata alınmamış, özündə müxtəlif sayda azərbaycanlıları birləşdirən təşkilatların nümayəndələri ilə görüşün keçirilməsi olmub.

Polad Bülbüloğlu və Fuad Muradov çıxış edərkən Rusiyaya səfərin mahiyyəti və  məqsədi haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar.

Fuad Muradov rəhbərlik etdiyi komitənin son il yarımda fəaliyyəti haqqında danışıb, ölkəmizdə aparılan islahatların diaspor sahəsində də həyata keçirildiyini vurğulayıb. O, son dövr ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə söz açıb.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra tədbir  qeyri-rəsmi hissə ilə davam edib. Burada soydaşlarımızın çoxsaylı sualları cavablandırılıb, onların diaspor işi ilə bağlı təklifləri qeydə alınıb. Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub.

Analoji görüşlərin Rusiyanın digər regionlarında da keçiriləcəyi vurğulanıb.

Görüş çərçivəsində Rusiyadakı Azərbaycan Diasporunun nümayəndələri Ramiz Abutalıbov, Adil Hacınski və RaufAtolibəyova Xalq Cumhuriyyətinin 100 illiyi medalı təqdim edilib.

Fərid Əkbərov

Digər xəbərlər