Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının konfransının keçirilməsi planlaşdırılır

Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının konfransının keçirilməsi planlaşdırılır
# 02 iyul 2020 20:48 (UTC +04:00)

Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının konfransı keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyadakı Azərbaycan diasporunun lideri akademik Fazil Qurbanov bildirib.

F. Qurbanov bu gün Rusiya Federasiyasının 50-dən çox regionunun azərbaycanlı ictimai-diaspor təşkilatlarının rəhbərləri ilə telefon danışığı aparıb. Akademik Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların sağlamlıq vəziyyəti ilə maraqlanıb. Bundan başqa F.Qurbanov regionlardakı Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinə onun müraciətini dəstəklədiklərinə və Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsində fəal iştiraka görə təşəkkürünü bildirib.

Azərbaycan diasporunun lideri regional diaspor təşkilatlarının rəhbərlərinin koronavirus pandemiyası dövründəki yerlərdə fəaliyyətini xüsusi qeyd edib: "Biz sizin koronavirusla mübarizəyə töhfənizi yüksək qiymətləndiririk. Siz yaşadığınız ərazidə olan soydaşlarımızı dəstəkləyirsiz".

Akademik F.Qurbanov bildirib ki, bu gün hər zaman olduğundan daha çox təşkilatçılıq tələb olunur. Onun sözlərinə görə, mövcud vəziyyətdən irəli gələn bütün tədbirlərə yalnız ciddi şəkildə riayət etmək insanları xilas edə bilər.

Telefon danışığı zamanı Rusiya-Azərbaycan sərhədində olan Azərbaycan vətəndaşlarının vətənə dönməsinin təşkil olunması məsələsinə də toxunulub. Qeyd olunub ki, bütün bu məsələlər prezidentlər Vladimir Putin və İlham Əliyev arasında əldə olunan razılaşmalar əsasında həll olunur.

F.Qurbanov yaxın günlərdə Rusiyanın Azərbaycan diaspor təşkilatlarının konfransının keçirilməsinin planlaşdırıldığını də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR