Sahib Alıyev: "Hay terroruna qarşı ən effektli cavab bizim bir dövlət kimi güclü olmağımızdan keçir"

Sahib Alıyev: "Hay terroruna qarşı ən effektli cavab bizim bir dövlət kimi güclü olmağımızdan keçir"
# 24 iyul 2020 15:17 (UTC +04:00)

“Haylar heç bir dövlətçilik ənənəsi olmayan, aşağılıq kompleksi yaşayan, ayrı-ayrı geosiyasi güclərin əlində alət olan bir toplumdur. Əksər hallarda terrorçu qruplaşmaların tərkibindəkilər marginallar olduğu halda, hay terroruna hər zaman rahiblər və onların “ziyalıları” rəhbərlik edib. Bu da həmin toplumun mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Ona görə onların seçiminin terror olması heç də təəccüblü deyil. Biz isə dövlətçilik ənənəsi olan, indiyədək tarixdə çox güclü dövlətlər yaratmış xalqıq. Bizim yolumuz torpaqlarımızın tezliklə bu terrorçu ünsürlərdən azad edilməsi yolu olmalıdır”.

Bunu APA-ya açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.

O bildirib ki, hayların diplomatik təmsilçilərimizə basqınları, soydaşlarımıza qarşı törətdikləri vəhşilik onların keçmişinə, ənənələrinə və yerinə yetirdikləri funksiyaya dayanır: “Heç kimə sirr deyil ki, erməni terrorçuları indiyə qədər bu cür vəhşilik və terror aktlarına görə haqq etdikləri cəzanı almayıblar. Bu, ötən əsrin əvvəlində də belə olub, ötən əsrin sonlarında da. Sadəcə bir sıra faktları xatırlatmaqla biz bunu açıq-aydın görə bilərik. Bilirsiniz ki, ötən əsrin əvvəllərində Azərbaycanın bir sıra görkəmli dövlət xadimləri məhz erməni terroru nəticəsində həyatlarını itiriblər. Onlardan biri Behbud xan Cavanşirdir. O, 1921-ci ildə Türkiyədə qətlə yetirildi və bu qətlə törədən Misak Torlakyan tutulub, məhkəmə qarşısına çıxarılmasına baxmayaraq, məhkəmə salonundan o zaman İstanbulu işğal altında saxlayan ingilislərin təhriki ilə buraxıldı. Digər hallarda da oxşar yanaşma baş verdi. Ötən əsrin 70-80-ci illərində Türkiyənin Avropadakı, ABŞ-dakı diplomatlarına, səfirlərinə qarşı 40-dan çox bu cür terror aktı gerçəkləşdirilib. Amma demək olar ki, bu aksiyaları törədənlərin heç biri haqq etdikləri cəzanı almayıblar. Ona görə ki, islam dini adı altında fəaliyyət göstərən bir sıra qruplaşmalar kimi hay terrorçuları da geosiyasi alət rolunda çıxış edirlər, çünki onlar ayrı-ayrı ölkələrin xüsusi xidmətlərinin himayədarlığı altındadırlar. Bunun birinci səbəbi budur”.

Deputat qeyd edib ki, diplomatik təmsilçiliyimizə qarşı törədilən hay vəhşiliyinin qarşısını 1961-ci il Vyana konvensiyasına əsasən, diplomatik təmsilçilərimizin yerləşdiyi ölkələrin hüquq mühafizə orqanları almalıdır: “Bu, onların birbaşa üzərlərinə götürdükləri vəzifədir. Dinc aksiya iştirakçılarına, oradakı diaspor təmsilçilərinə qarşı bu cür vəhşilikləri törədənlər layiqli cavablarını alacaqlarmı? Təəssüf ki, buna birmənalı cavab verə bilmirəm. ABŞ-ın ölkəmizdəki səfirinin bütün təxribatların arxasında hayların durduğunu dilə gətirməsi və bunun bir daha təkrarlanmaması üçün adekvat addımların atılmasını vəd etməsi alqışlanmalıdır. Biz tarixin təcrübəsindən çıxış edəndə görürük ki, bu günlərdə edilən hay vəhşilikləri və terroru həm də zamanında onların haqq etdikləri cəzanı almamalarından qaynaqlanır. Məsələn, bu günlərdə diplomatik təmsilçiliyimizə və soydaşlarımıza qarşı hay vəhşiliyi törədilən həmən Los-Angelesdə 1973-cü ildə Qurgen Yanikyan adlı bir terrorçu Türkiyənin Baş konsulunu və konsulunu qətlə yetirmişdi. Ona ömürlük həbs cəzası verilsə də, 5-6 ildən sonra azadlığa buraxıldı. Və heç təsadüfi deyil ki, həmin terror aktından 10 il keçməmiş 1982-ci ildə yenidən Türkiyənin Los-Angelesdəki Baş Konsulunu hay terrorçuları qətlə yetirdi. Bu faktı ona görə xatırladıram ki, hay terrorçuları himayə edilməməli, qanun çərçivəsində haqq etdikləri cəzanı almalıdırlar. Almayanda daha da vəhşiləşirlər".

S. Alıyev Azərbaycanın erməni terrorçularının addımlarına, vəhşiliyinə qarşı cavabının nə olacağına da aydınlıq gətirib: “Xalq və hakimiyyət birliyinə dayanaraq dövlətimizin, ordumuzun daha da gücləndirilməsi və bu terrorçu ünsürlərin tezliklə torpaqlarımızdan təmizlənməsi bizim ən doğru və effektki cavabımız bu ola bilər. Bizim gənclərimiz öz enerjilərini haylara onların davrandığı kimi davranmaqla cavab verməyə yönəltməli deyillər. Axmağın biri ilə ağız-ağıza vermək haqlı olan tərəfə başucalığı gətirmir. Terroru özünütəsdiq vasitəsi seçmiş, aşağılıq kompleksi olan, yararlılığını ayrı-ayrı geosiyasi güclərin əlində alət funksiyası yerinə yetirməklə təsdiqləyənlərlə onların özləri kimi davranmaq da başucalığı gətirmədiyi kimi, əleyhimizə yönələ və yönləndirilə bilər ki, bu da düzgün deyil. Ən düzgün yol indiyə qədər diaspor təmsilçilərimizin keçirdiyi dinc etiraz aksiyaları, haylarla intellektual müstəvidə aparılan mübarizədir. Təmsil edildiyimiz ölkələrin mediasında biz onların iç üzlərini açıb göstərməli, sosial şəbəkədə daha aktiv olmalı və ümumiyyətlə, dövlətimizin maraqlarına uyğun, təşkilatlanmış şəkildə hərəkət etməliyik. Bundan kənar davranışlar xalqımızın, dövlətimizin əleyhinə yönələn lazımsız yanaşmalara aparıb çıxaracaq. Eyni zamanda bu, bunu edən gənclərimizin özü üçün təhlükəlidir. Bundan çəkinməliyik. Biz güclü olmalıyıq, buna məhkumuq. Hay terroruna qarşı ən effektli cavab bizim bir dövlət kimi güclü olmağımızdan keçir. Fikir verin, ötən əsrin 90-cı illərində bizim zəif olduğumuz vaxtlarda xalqımıza qarşı Ermənistan Xüsusi Xidmət Orqanları ölkəmizdə onlarla terror aktı həyata keçirdilər. Bunun nəticəsində yüzlərlə itkimiz oldu. Bu terror aktları həm metroda, həm qatarlarda, həm də hava və dəniz nəqliyyatında baş verdi. Bu gün isə bunlar baş vermir. Çünki ölkəmiz güclüdür. Xaricdə keçirdikləri aksiyalarda hay gənclərin üzərinə terrorçu ASALA-nın adı yazılan köynək geyinmələri göstərir ki, onların mahiyyəti dəyişməyib. Bunlar həmin haylardır. Dəyişən Azərbaycandır. Azərbaycanın gücü onlara əvvəlki alçaq hərəkətlərini ölkəmizin daxilində həyata keçirməyə imkan vermir. Ona görə də onlar xaricdə bu cür yollara əl atırlar. Ən azğın hay təxribatlarının məhz Azərbaycanın daha effektli fəaliyyəti ilə seçilən təmsilçilikləri qarşısında baş verməsinin özü də düşündürücüdür və onu göstərir ki, bu, eyni mərkəzdən idarə olunur. Həmən mərkəz terroru "dövlət" siyasətlərinin aparıcı elementi kimi görən rəsmi İrəvandır. Hayların bu yöndə növbəti addımlar atacağı, bizim xaricdəki diplomatik təmsilçilərimiz qarşısında oxşar vəhşiliklərə yol verəcəyi tamamilə mümkündür. Biz qətiyyətlə həmin ölkələrin uyğun strukturlarını xəbərdar etməli və onlara bir daha Vyana Konvensiyasının tələblərinə uyğun olaraq öz öhdələrinə götürdükləri vəzifəni xatırlatmalıyıq”.

Deputat nəzərə çatdırıb ki, ABŞ-da, Avropada baş verən hay vəhşiliyi təkcə Azərbaycanın diplomatik təmsilçilərinin əleyhinə yönəlməyib: “Bu, həm də o dövlətlərin Azərbaycanla əlaqələrini korlamaq məqsədi daşıyır. Hayların sadəcə 12 iyul təxribatına Azərbaycan dövlətinin verdiyi cavaba görə deyil, həm də Avropa Parlamentinin, o cümlədən ABŞ Konqresinin işğalçını öz adı ilə çağırmalarına göstərilən və hayların təbiətindən doğan reaksiyadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR