Sahibə Qafarova Binəli Yıldırımla görüşüb

Sahibə Qafarova Binəli Yıldırımla görüşüb
# 02 noyabr 2020 17:12 (UTC +04:00)

Noyabrın 2-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Sədr qonaqları salamlayaraq, ölkəmiz üçün belə bir həssas dönəmdə Azərbaycana səfər etdikləri üçün nümayəndə heyətinin hər bir üzvünə öz dərin təşəkkürünü bildirib. Qeyd edilib ki, bir millət, iki dövlət kimi dövlətlərimiz arasındakı münasibətlərin dünyada bənzəri yoxdur. Dilimiz, dinimiz, mədəniyyətimiz, bölüşdüyümüz dəyərlər, o cümlədən uğurlarımız və kədərlərimiz də birdir.

Sədr Türkiyədə baş vermiş zəlzələ zamanı İzmirdə həlak olanların ailələrinə və yaxınlarına öz adından, parlamentin deputatları və xalqımız adından başsağlığı verib, Azərbaycan xalqının onların dərdinə şərik olduğunu söyləyib.

Görüşdə Milli Məclisin Sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra həyata keçirilən əks-hücum əməliyyatları barədə söz açıb. Spiker qeyd edib ki, torpaqlarımızın 20 faizini 30 il işğal altında saxlayan Ermənistan münaqişə ilə bağlı BMT-nin qətnamələrini, nüfuzlu beynəlxalq qurumların qərarlarını yerinə yetirməkdən bu illər ərzində boyun qaçırıb: "Problemin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti isə heç bir nəticə verməyib. İndi Azərbaycan öz torpaqlarını özü işğalçılardan azad edir. Biz bu məsələdə göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyənin hökumətinə və xalqına təşəkkür edirik".

Sədr dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. O, deputatların qarşılıqlı səfərlərinin, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda sıx görüşlərinin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.

Sahibə Qafarova bildirib ki, təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bu günədək ölkələrimiz arasında 249 sənəd imzalanıb. Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları həcmində olub. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, cari ilin 8 ayında bu göstərici 3 milyard dollara çatıb.

Spiker həmçinin qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bölgədə qlobal layihələrin həyata keçirilməsini təmin edən dövlətlərdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri dövlətlərimizin birgə iradəsinin məhsuludur.

Milli Məclisin Sədri Binəli Yıldırımın dəfələrlə ölkəmizdə səfərdə olduğunu xatırladaraq, onun bundan sonra da ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə töhfələr verəcəyinə inamını ifadə edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırım ölkəmizə növbəti səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycanın öz ərazilərini azad etmək üçün erməni işğalçılarına qarşı apardığı mübarizədə xalqımıza dəstək vermək üçün ölkəmizə səfər etdiklərini qeyd edib. Qonaq vurğulayıb ki, problemlə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələr uzun illər ərzində yerinə yetirilmədiyindən bu gün müstəqil Azərbaycan "öz işini özü görür". Azərbaycanın bu haqlı mübarizəsində 83 milyonluq Türkiyə xalqı öz qardaşının yanındadır.

Binəli Yıldırım Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verdiyini, TBMM-nin Sədri Mustafa Şentopun ölkəmizə və Gəncəyə səfərinin məhz Azərbaycana dəstək baxımından önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin yüksək rəsmilərinin ölkəmizə səfərləri yaxın günlərdə də davam edəcək.

Binəli Yıldırım ölkələrimizin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri haqqında fikirlərini bölüşərək, bu iş birliyinin hər iki ölkənin beynəlxalq nüfuzuna müsbət təsir etdiyini bildirib.

Görüşdə Türkiyə ilə dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputat Məlahət İbrahimqızı, TBMM-nin Azərbaycanla dostluq qrupunun başçısı Şamil Ayrım, türkiyəli millət vəkili Cəlal Adan, Türkiyə nümayəndə heyətinin üzvü Gürşad Zorlu çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR