Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri ilə görüşüb
  • Clock-gray 18:05
  • calendar-gray 04 Noyabr 2020

Noyabrın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Quo Minlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə sədr vurğulayıb ki, Azərbaycan dost Çin Xalq Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir.

İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının rolundan danışan Milli Məclisin Sədri ölkə liderlərinin qarşılıqlı səfərlərini xüsusi olaraq vurğulayıb. Sədr ölkələrimiz arasında bu günə qədər 81 sənədin imzalandığını və bu sənədlərin əlaqələrimizin gələcək inkişafı üçün etibarlı hüquqi əsas formalaşdırdığını diqqətə çatdırıb. Sədr həmçinin qeyd edib ki, Azərbaycanda 100-dən çox Çin şirkəti qeydiyyatdan keçib və uğurla fəaliyyət göstərir.

Milli Məclisin Sədri bildirib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında münasibətlər yüksək səviyyədədir və bu münasibətlərin inkişafında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu böyükdür. Sədr iki ölkə parlamentlərinin deputatlarının beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib, pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyindən danışıb.

Spiker COVİD-19 pandemiyası dövründə əməkdaşlığa da toxunaraq pandemiya ilə mübarizədə Çinin ölkəmizə verdiyi dəstəyə və göstərdiyi yardımlara görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Sahibə Qafarova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq cəbhə bölgəsindəki vəziyyət haqqında ətraflı məlumat verib.

Çinin Azərbaycandakı səfiri xanım Quo Min ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.

Diplomat iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası əlaqələrin xüsusi rolunu qeyd edib. Bildirib ki, Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll olunmasına, regionda sülhün və sabitliyin bərqərar olunmasına ümid edir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Firuzə Vahid

Digər xəbərlər