Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
# 15 aprel 2021 16:35 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) sədri Talant Mamıtovla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, parlamentin sədri bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına müsbət töfhə verir.

O, qeyd edib ki, münasibətlərin möhkəmlənməsində dövlət başçılarının görüşləri və qarşılıqlı səfərləri xüsusi rol oynayır. İki ölkə arasında imzalanmış sənədlər münasibətlərin hüquqi bazasını təşkil edir.

Görüşdə məlumat verilib ki, bu gün Azərbaycanda müxtəlif siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir. Böyük transmilli layihələr, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin, o cümlədən, tərəfdaş dövlətlərin inkişafına mühüm imkanlar yaradır. Eyni zamanda, Böyük İpək Yolunun bərpası həm Azərbaycan, həm də bu strateji yolun üzərində yerləşən ölkələr üçün çox böyük əhəmiyyətə malikdir.

Milli Məclisin sədri iki ölkə arasında parlamentlərarası münasibətlərə toxunub.

Sahibə Qafarova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın BMT-nin qətnamələrini icra edərək öz torpaqlarını işğaldan azad etdiyini söyləyərək, hazırda münaqişənin geridə qaldığını və ölkəmiz üçün yeni bir mərhələnin - quruculuq və yenidənqurma dövrünün başladığını qeyd edib.

Qırğızıstan parlamentinin Sədri Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu münasibətlərin dərinləşməsi üçün yaxşı şərait olduğunu söyləyib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın mütəmadi görüşləri, müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir.

O, Azərbaycanın qlobal pandemiya - koronavirusa qarşı mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Talant Mamıtov daha sonra Qırğızıstanda keçirilən referendumun nəticələri haqqında məlumat verərək, bu referendumun ölkəsinin gələcək inkişaf tarixində mühüm rol oynayacağını vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR