Sahibə Qafarova TBMM və AŞPA-nın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransa qatılıb

Sahibə Qafarova TBMM və AŞPA-nın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransa qatılıb
# 24 noyabr 2020 17:58 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün “Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi” adlı beynəlxalq konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MM sədri Sahibə Sahibə Qafarova konfransda çıxış edib.

Sahibə Qafarova deyib ki, beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca işğalı davam etdirməsinə gətirib çıxarıb.

Milli Məclisin sədri Azərbaycanın da çoxsaylı qaçqın və məcburi köçkünlərə sahib olan və illər boyunca bu problemdən əziyyət çəkən bir ölkə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb: “1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb, nəticədə 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə üzləşib. Bu, hər 8 nəfərdən 1-nin qaçqın və məcburi köçkün olması deməkdir. Lakin bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin səssizliyi və Ermənistanın cəzasız qalması 30 il boyunca - Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazilərini işğaldan azad edənə qədər, Azərbaycanın 20 faiz torpaqları üzərində Ermənistan işğalının davam etməsi ilə nəticələndi”.

Spiker dolayısı ilə beynəlxalq ictimaiyyətin, xüsususilə də beynəlxalq təşkilatların səssizliyi və təsirsizliyinin son nəticədə qlobal xarakterli məsələlərin, o cümlədən miqrantlar probleminin daha da mürəkkəb hal almasına səbəb olduğunu ifadə edib.

Sonda Milli Məclis sədri belə vacib bir konfransın keçirilməsinə verdiyi dəstəyə, həmçinin Azərbaycan spikerinə bu tədbirdə fəxri qonaq kimi iştirak etmək üçün göndərilən dəvətə görə Türkiyə Böyük Millət Məclisinə və şəxsən Mustafa Şentopa, AŞPA Prezidenti Rik Daemsə və AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR