Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri başa çatıb

Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri başa çatıb
# 24 sentyabr 2020 16:12 (UTC +04:00)

Sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfərin ilk günü Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Moskvadakı səfirliyinə gələrək burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin barelyefi önünə əklil qoyub.

Sentyabrın 22-də spiker Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb. Daha sonra görüş nümayəndə heyətinin üzvlərinin iştirakı ilə davam etdirilib.

Parlament nümayəndə heyəti həmin gün Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskva şəhərinin "Aleksandr" bağına gələrək burada "Naməlum əsgər" məzarının önünə əklil qoyub.

Milli Məclisin nümayəndə heyəti növbəti görüşünü sentyabrın 23-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla keçirib. Lavrov Azərbaycan nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində iş, onların mahiyyəti barədə ətraflı məlumat verib. Görüşdə deputatlarla nazir arasında hərtərəfli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

Milli Məclisin Sədri Sahibə Qafarova Vyaçeslav Volodini Azərbaycana səfərə dəvət edib və bu dəvət qəbul olunub. Həmin səfər zamanı müvafiq yüksək səviyyəli komissiyanın yaradılması barədə razılıq əldə olunub.

Bununla da Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

Qeyd edək ki, bu, Milli Məclisin Sədri kimi Sahibə Qafarovanın Rusiyaya ilk rəsmi səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR