Şamil Ayrım: “Bakının təkrar işğalı Nuri Paşanı qardaşı Ənvər Paşanın ölümü qədər sarsıdıb”

Şamil Ayrım: “Bakının təkrar işğalı Nuri Paşanı qardaşı Ənvər Paşanın ölümü qədər sarsıdıb”
# 15 sentyabr 2020 13:14 (UTC +04:00)

“Bu gün Bakının erməni və bolşevik cinayətkar şəbəkəsindən Qafqaz İslam Ordusunun dəstəyilə qurtuluşunun 102-ci ildönümüdür. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı baxımından bizim üçün çox önəmli bir gündür. Sentyabrın 15-ni biz “Bakı bayramı” günü olaraq qeyd edirik”.

Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyəli millət vəkili Şamil Ayrım APA-nın yerli bürosuna açıqlamasında bildirib. Millət vəkili xatırladıb ki, Qafqaz İslam Ordusunun 28 yaşındakı gənc komandanı Nuri Paşa Azərbaycandan aldığı dəstək nəticəsində 12 minlik qoşunla Bakını işğaldan azad edib.

“Məlumdur ki, Bakı 1130 şəhidlə işğaldan azad olunub. Bu, tarixə Osmanlının son fəthi olaraq keçib. Soydaşlarımızın yaddaşına “Bakı fatehi” kimi əbədi həkk olunan Nuri Paşa qurtuluş dəstəyindən sonra Bakıda çox qala bilməyib. Çünki onun rəhbərliyilə 30 oktyabr 1918-ci ildə bəzi dövlətlərin Osmanlı dövləti ilə imzalanacaq Mudros Sazişinin hazırlığı məsələsi vardı. Nuri Paşa Bakıdan getdikdən sonra təəssüf ki, Bakı təkrar bolşeviklərin əlinə keçmiş oldu. Xatirələrində Nuri Paşa böyük qardaşı Ənvər Paşanın şəhid olmasından nə qədər üzülübsə, Bakının təkrar işğalından da o qədər sarsıntı keçirdiyini ifadə edib. Nuri Paşa 1949-cu ildə dünyasını dəyişdi və təbii ki, 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasının şahidi olmadı. Amma biz bu gün Bakının qurtuluşunu simvolik olaraq milli qəhrəmanımız Nuri Paşanın məzarı başında, onun və 1130 şəhidimizin ruhuna dualar oxumaqla qeyd edəcəyik. Biz onları hər daim sayğı və rəhmətlə anırıq və bu tarixi günü gələcək nəsillərə daşımaq üçün gənclərimizə hər zaman qürurla xatılatmalıyıq”.

Deputat bildirib ki, 15 sentyabr 1918-ci ildə Türkiyə ilə Azərbaycan hansı birlik-bərabərlik ruhunda olubsa, bu gün də eyni qardaşlıq, dostluq, həmrəylik ovqatındadır: “Ən son dövlət başçılarımızın dəstəyi səviyyəsində - Tovuz hadisələrində hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın “hər bir halda Azərbaycana dəstək verəcəyik”, Azərbaycanın hörmətli Prezidenti İlham Əliyevin Yunanıstanın Bakıdakı səfiri vasitəsilə “Bütün şərtlərdə Türkiyənin yanındayıq” mesajı bu birliyin sarsılmaz olduğunu bir daha sübut etdi.

Bu gün bizim üçün Bakının qurtuluş bayramıdır, bu münasibətilə Azərbaycan və Türkiyə xalqını ürəkdən təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR