Səbinə Əliyeva Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə videomüraciət edib

Səbinə Əliyeva Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə videomüraciət edib
# 26 fevral 2021 11:56 (UTC +04:00)

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə videomüraciət edib.

APA-nın xəbərinə görə, müraciətdə qeyd edilir:

“Bu gün Azərbaycan insanlıq tarixinin ən qanlı faciələrindən birinin 29-cu ildönümünü qeyd edir. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri və terrorçu qruplaşmaları Azərbaycanın Xocalı şəhərində silahsız mülki insanlara hücum edib. Bu hücum nəticəsində 613 mülki şəxs, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

Bu, azərbaycanlılara qarşı etnik təmizləmə məqsədilə törədilib.

Mülki əhaliyə qarşı milli, dini, etnik, irqi zəmində edilən hücumlar harada baş verməsindən asılı olmayaraq insanlıq əleyhinə cinayətlər hesab olunur”.

S. Əliyeva vurğulayıb ki, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Qvatemala və digər bir neçə dövlətin parlamentləri tərəfindən qəbul edilmiş müvafiq sənədlərdə Xocalıda insanların kütləvi şəkildə məhvi soyqırım olaraq tanınıb: "Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, həmçinin ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qəti şəkildə pisləyib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırım kimi tanıyıb: "Xocalıda törədilmiş cinayətlərin xarakteri və ağırlığı, dinc insanların qəsdən, məhz etnik mənsubiyyətinə görə kütləvi məhvi Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən soyqırım cinayətidir.

Soyqırımın törədilməsindən 29 il keçib, lakin faciəyə qarşı biganəlik və ikili standartlar nəticəsində bu faktlara hələ də siyasi və hüquqi qiymət verilməyib.

Ədalət olmadan uzunmüddətli və davamlı sülhün mümkün ola bilməyəcəyini nəzərə alaraq və Xocalıda qırğına məruz qalmış günahsız insanların xatirəsini ehtiramla anaraq, beynəlxalq ictimaiyyəti insanlığa qarşı törədilmiş bu cinayəti pisləməyə və soyqırım kimi tanımağa, günahkarların ən yaxın zamanda ədalət mühakiməsinə cəlb olunması üçün səyləri artırmağa çağırıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR