Səfir Corc Dik: “İsrail hər zaman Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləməyə davam edəcək” - MÜSAHİBƏ

Səfir Corc Dik: “İsrail hər zaman Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləməyə davam edəcək” - MÜSAHİBƏ
# 17 iyun 2020 12:56 (UTC +04:00)

İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dikin APA-ya müsahibəsi

- Cənab səfir, nəhayət ki, İsraildə koalisiya hökuməti quruldu, yeni hökumət and içdi, yeni Xarici İşlər naziri təyin edildi. İsrailin xarici siyasəti ilə bağlı yeni koalisiya hökumətinin prioritetləri nələr olacaq?

- İndi İsrail daxili siyasətində siyasi cəhətdən çox çətin bir dövrdən çıxır. Sizin də qeyd etdiyiniz kimi, 500 gündən çox müddətdə bizim daimi hökumətimiz yox idi. Ölkədə üç seçki keçirildi və ölkə çox bölündü. Heç bir tərəf yeni koalisiya yarada bilmirdi. Beləliklə, ölkədə artmış bölünməni nəzərə alaraq hesab edirəm ki, hazırda hökumətimizin bir nömrəli prioriteti xalqı sağaltmaq, daha çox birlik yaratmaq və bölünmənin öhdəsindən gələrək birlik nümayiş etdirməkdir. Düşünürəm ki, indi bizim sahib olduğumuz birlik hökuməti tam olaraq bunu təcəssüm etdirir. Bu, fikir ayrılıqlarının öhdəsindən gəlmək, düşərgələr arasında körpülər salmaq və İsrail xalqını bir araya gətirmək cəhdidir.

Mən, həmçinin, düşünürəm ki, həm İsrail daxilində, həm də dünya miqyasında hər kəs üçün indi ikinci prioritet koronavirus pandemiyasının səbəb olduğu böhrandır. Burada söhbət həm sağlamlıqdan, həm də pandemiyanın yaratdığı iqtisadi böhrandan gedir.

Sağlamlıq məsələsində biz İsraildə indiyədək virusla bağlı olan səviyyəni qorumaq və virusu nəzarət altında saxlamaq üçün çox çalışırıq. Biz virusla mübarizə məsələsində dünyada ən yaxşı göstəricilərə malik olanlardanıq. Ölkədə indiyədək 18 000 nəfər virusa yoluxub. Hazırda təxminən 2600 aktiv xəstə var. Təəssüf ki, 298 nəfər bu virusdan vəfat edib, amma digər ölkələrlə müqayisədə bu azdır. Hazırda virusa yoluxmuş 29-30 xəstə ağır vəziyyətdədir.

Bu pandemiya ailələr, individual şəxslər üçün faciələrə səbəb olub, həmçinin, bizi hansısa şəkildə bir-birimizdən ayırıb. Siz digərləri ilə əl sıxıb görüşə bilmirsiniz, siz hətta nənə-babalarınıza baş çəkə bilmirsiniz. Bununla yanaşı, ən azı beynəlxalq aləmdə bu böhran bizi bir-birimizə yaxınlaşdırıb. Biz indi xalqların bir yerdə işlədiyini, əməkdaşlığını görürük. İndi İsrailin yeni hökumətinin bu epidemiyaya qarşı mübarizədə dünya ölkələri ilə əməkdaşlıq üçün necə fürsət əldə etdiyini görürük. Sizə məlumat verə bilərəm ki, fərqli metodları, strategiyaları öyrənmək və pandemiya ilə necə mübarizə apardığımız barədə təcrübəmizi bölüşmək üçün müxtəlif hökumətlərlə məsləhətləşmələr və dialoqlarımız olub.

Bu cür müzakirələrimiz, həmçinin, Azərbaycanla da olur, bu virusla mübarizə aparan müxtəlif nazirlik və qurumların mütəxəssisləri ilə söhbətlər, müzakirələr aparmışıq.

Hər bir təhlükə bir fürsətlə gəlir. Pandemiya iqtisadiyyatımız, səhiyyə sistemimiz üçün böyük təhlükədir, eyni zamanda insanlıq, vahid dünya olduğumuzu və özümüzü sağaltmaq üçün birlikdə işləyə biləcəyimizi xatırlamaq üçün bir fürsətdir.

Səfirliyimiz də məhdudiyyətlərin tətbiq olunduğu zaman evlərini tərk edə bilməyən onlarla yaşlı insana ərzaq yardımları paylayaraq Azərbaycandakı həssas qruplara kömək etməyə çalışıb. Ümid edirəm ki, normal həyata qayıtmağımıza imkan verəcək virusa qarşı peyvəndin və ya onun müalicəsinin tapılmasında da bir-birimizə kömək edə bilərik. İsrail peyvənd üzərində işlərin aparılmasında lider ölkələrdən biridir.

Xarici siyasət məsələlərində isə əsas prioritet İran məsələsidir, bu, belə olub və ehtimal ki, gələcək üçün də prioritet olaraq qalacaq. Sizin də bildiyiniz kimi, sadəcə, bir neçə həftə öncə İranın Ali Lideri Xamenei İsrail dövlətinin məhv edilməsinə çağıran ifadələrlə çıxış etdi.

Bildiyiniz kimi, mən Bakıdayam, İsrailin Tehrana ən yaxın səfiriyəm. Buradan Tehrana, sadəcə, 500 kilometr məsafə var və o ölkənin lideri mənim ölkəmə qarşı soyqırımı, mənə, mənim ailəmə, dostlarıma, qonşularıma qarşı məhv və ölüm çağırışı edir.

Bu, nə mənim, nə də ortaq insanlığa və sülh içində birgə yaşamağa önəm verənlərin qəbul edəcəyi bir şey deyil.

Əlavə olaraq qeyd edim ki, biz hazırda İranın iki silahını inkişaf etdirdiyini müşahidə edirik.

Bunlardan biri nüvə silahıdır. Son zamanlar, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlanışlarını və əraziyə ziyarətini rədd edib. Onlar COVID-19 pandemiyasının buna imkan vermədiyini əsas gətirir. Beynəlxalq Atom Enerjisi Agentliyinin bu cür bildirişlərinin rədd edildiyini ilk dəfədir ki, görürük.

Beynəlxalq Atom Enerjisi Agentliyi, həmçinin, İranın bəzi ərazilərində gizli məqamların olduğunu qeyd edib. Beləliklə, bu bizim üçün İranın nüvə fəaliyyətini davam etdirməsi və əslində, heç dayanmadığını göstərən narahatedici bir siqnaldır.

Bu, həm bizi riskə altına qoyur, həm də dünyanı qeyri-sabitlik təhlükəsinə sürükləyir. Kədərli və ya gülməli tərəfi odur ki, İran COVID-19 pandemiyasının Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlama aparmasına imkan vermədiyini iddia edərkən, koronavirus İranı digər ölkələrin, o cümlədən Qafqaz bölgəsinin daxili işlərinə qarışmasına, Suriyaya, Yəmənə ordu göndərməsinə, Livanda, İraqda, Liviyada və başqa yerlərdə Hizbullah nümayəndələrinə təlim vermək üçün əsgər yollamasına mane olmayıb.

Həqiqətən ümid edirik ki, İran rəhbərliyi yürütdüyü siyasətin dəyişdirilməsinə ehtiyac olduğunu anlayacaq. Onlar İsrailə və dünyaya qarşı təhdidlərini davam etdirə bilməzlər. Eyni zamanda İranda öz xalqına da zülm edirlər. O insanlar ki, azadlıq axtarır, nəfəs almağa can atır və bizim yaşadığımız dünya ilə əlaqə qurmağa çalışır.

Bununla yanaşı, regionda nifrət və ölüm təşəbbüsünü körükləmək, qeyri-sabitliyə, Yaxın Şərqdə ekstremizmə səbəb olmaq əvəzinə, xüsusən böhran dövründə resurslardan İranın özündə istifadə etmək və xalqa kömək etmək olardı. Təsəvvür edin, nə qədər xəstəxana tikmək, neçə həkim hazırlamaq, neçə məktəb açmaq mümkün idi.

Xüsusən bu böhranlar dövründə - neft qiymətlərinin böhranı və pandemiya böhranı dövründə, başqalarına zərər vermək üçün xaricdə xərclədikləri pulların əvəzinə daha çox öz vətəndaşlarına kömək etmək üçün daxili resurslara diqqət ayırsaydılar, nə qədər iranlı uşaq daha yaxşı həyat yaşaya bilərdi.

Beləliklə, İran İsrail üçün bir nömrəli prioritet olub və olacaq və düşünürəm ki, bu, həmçinin, beynəlxalq ictimaiyyət üçün də bir nömrəli prioritet olmalıdır.

Biz yeni hökumətin İsrailin dünyadakı dostlarımızla, o cümlədən Azərbaycanla artan əlaqələrini bərpa edəcəyini və davam etdirə biləcəyinə inanırıq. Ümid edirik ki, yeni hökumət tərəfindən daha çox səfər reallaşdırılacaq, bəlkə də Azərbaycan hökumətindən də İsrailə səfərlər olacaq. Ümid edirəm ki, Xarici İşlər naziri və ya hökumət səviyyəsində kimsə yaxın vaxtlarda yeni hökumətimizin üzvləri ilə görüşmək üçün İsrailə səfər edəcək.

Əlbəttə ki, İsraildən Azərbaycana yüksək səviyyəli səfərləri də qeyd etməliyəm, ən azı səfirlik olaraq biz bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik.

Artıq yüksək səviyyəli səfərlər üçün imkan yaradacaq yeni hökumətimiz fəaliyyətə başlayıb. İndi bizim formalaşmış və fəaliyyət göstərən hökumətimiz var və biz daha çox səfərlərin təşkili üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, bu qədər güclü, sağlam ikitərəfli münasibətlərin göstərilməsi üçün yüksək səviyyəli səfərlərə ehtiyac var.

Buna görə də həqiqətən yüksək səviyyəli Azərbaycan rəsmilərinin İsrailə səfər etməsini istərdik. Mən mütləq Xarici İşlər Nazirliyi və digərləri ilə birlikdə bunu təqib edəcəyəm və Azərbaycandan yüksək səviyyəli səfərlərin baş tutması ilə bağlı imkanlara baxacağam. Ümid edirik ki, İnşallah bu, eyni zamanda Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı qərarını da yaxınlaşdıracaq.

Beləliklə, deyərdim ki, bunlar yeni hökumətimizin prioritetləridir və həqiqətən, nəhayət, İsrail hökumətinin fəaliyyət göstərməsini, xüsusən də xalqımızı bir araya gətirən birliyi görməyi səbirsizliklə gözləyirik.

- Azərbaycan və İsrail çox unikal yaxın münasibətlərə malikdir və hər iki tərəf bunu strateji tərəfdaşlıq kimi xarakterizə edir. Hansı amillər iki ölkəni bir-birinə belə yaxınlaşdırır?

- Deyərdim ki, ölkələrimiz arasında münasibətlər sağlam ağac kimidir. Bəs, bu ağacı bu qədər güclü və sağlam edən nədir?! Hər şeydən öncə faktdır ki, bu ağac güclü köklərə malikdir. Və bu köklər nədir ?! Birincisi, yəhudi xalqı ilə Azərbaycan xalqı arasında tarixi münasibətlərdir. Düşünürəm ki, bu münasibətlərin tarixi İsrail dövlətindən və ya Azərbaycan Respublikasından daha qədim və daha yaşlıdır. Yəhudilər bu bölgədə əsrlər boyu Azərbaycan xalqının arasında yaşayıblar, hətta bəziləri bildirir ki, bu, artıq minilliklərdir belədir.

Avropanın müxtəlif regionlarında və ya başqa yerlərdə yəhudilər zaman-zaman təqiblərdən, zorakılıqlardan, qırğınlardan və s. əziyyət çəkiblər. Bu bölgədə isə yəhudilər qonşuları ilə birlikdə sülh və təhlükəsizlik şəraitində yaşayırlar, onlar yan-yana çalışmış, övladlarını birgə böyütmüş və birlikdə bir xalq yaratmışlar.

Bilirsiniz, mən bir neçə gün öncə Bakıda gəzirdim və şəhərdə Albert Aqarunova qoyulmuş abidəni gördüm. Təsəvvür edin ki, canını Azərbaycan xalqı üçün qurban vermiş bir yəhudi əsgər... O, əcnəbi olduğu üçün yox, məhz azərbaycanlı olduğu üçün canını fəda edib.

Burada tanış olduğum Azərbaycanın qürurlu insanları olan bütün azərbaycanlı yəhudilər kimi o da özünü yüz faiz azərbaycanlı kimi hiss edir, işləyir və nəfəs alırdı. Onlar özlərini bu millətin bir parçası kimi hiss edirlər, siz də bunu görürsünüz.

Yeri gəlmişkən, İsraildə yaşamağa köçən yəhudilərdə də bu var. İsrail dövlətində güclü və mütəşəkkil bir Azərbaycan diasporu fəaliyyət göstərir, diaspor ölkələrin işgüzar əlaqələrini və xalqlarını bir-birinə yaxınlaşdırmağa çalışır. Beləliklə, hesab edirəm ki, bu münasibətləri indiki vəziyyətə gətirən əsas elementlərdən biri tarixi köklərdir.

Digər element isə İsraillə Azərbaycanın tolerantlıq və müxtəlifliklə bağlı ortaq dəyərləri paylaşmasıdır.

Bilirsiniz ki, İsrail fərqli etniklərə və dinlərə mənsub insanları olan bir ölkədir. Mən xristian ərəbəm və İsrailin burdakı səfiriyəm. Caffa şəhərində böyüdüyüm binada dörd mənzil var idi. Həmin yaşayış binasının birinci mərtəbəsində mənim ailəm - xristian ərəb ailəsi, bizim mərtəbədə qarşı mənzildə müsəlman ərəb ailəsi, onların üstündəki mənzildə dindar yəhudi cütlük, digər mənzildə isə xristian keşiş yaşayırdı.

Böyüdüyüm bu bina İsrail dövlətinin nə olduğunu simvolizə edir. İsrail fərqli etnik köklərə və inanclara sahib insanların qorxusuz şəkildə, sülh içində, yay-yana yaşaya biləcəyi bir yerdir. Azərbaycan da dini azlıqlara eyni imkanları təmin edib, müxtəlif inancların sahibləri olan insanlara bərabər imkanları verən sekulyar ölkə kimi öz yanaşmasını, xarakterini qoruyub saxlayıb.

Burada ilk dəfə yəhudi icmasının tədbirinə gedərkən heyran oldum. Yadımdadır, mən Norveçin Oslo şəhərində İsrail səfirliyində xidmət edərkən ilk dəfə yəhudi icmasına getmişdim, küçəyə çıxan kimi, polis nəzarət məntəqələrinin olduğunu görürsünüz, binaya girirsiniz, polad qapı var.

Siz bu qapıdan digər qapıya keçməlisiniz, yüksək texnologiya və təhlükəsizlik sistemi var və hər kəsin ora getməsi çətin olacaq. Və mən Azərbaycanda sinaqoqa və yəhudi icmasına getdim. Sadəcə, içəri girirsən və ətrafda insanlar gəzişirlər. Yəhudi icmasının üzvləri qorxmadan küçələrdə sərbəst hərəkət edirlər. Əksinə, insanlar onlara hörmətlə yanaşır və isti qarşılayırlar. Bu, Azərbaycanla bağlı həqiqətən əlamətdar bir şeydir və mən xristian olaraq bunu görmüşəm. Mən burada kilsəyə getmişəm, Pravoslav Ortodoks Kilsəsini, Katolik Kilsəsini görmüşəm. Burada Miladı və Pasxanı qeyd edirəm. Bu həqiqətən diqqətəlayiqdir.

Düşünürəm ki, müxtəliflik, müxtəlif mədəniyyətlərin, dinlərin qəbul olunması və birgəyaşayış kimi paylaşılan dəyərlər həqiqətən bizim paylaşdığımız dəyərdir və ən əsası bu köklərin bir hissəsidir ki, həmin köklər iki ölkə arasında münasibətlərin böyüməsinə imkan verən bu ağaca sahib olmağımıza səbəb olub.

Bir də əlaqənin sütunu, yəni ağacın özü var, bu həm enerji, həm də təhlükəsizlik sahəsində bizi bir araya gətirən strateji bağdır.

Bildiyiniz kimi, Azərbaycan İsrailə 30 faiz, yəni neftimizin 1/3-ni verir. Mən Caffada yaşayanda və Qüdsdə Xarici İşlər Nazirliyində işləyəndə hər dəfə maşınla işə gedirdim. Beləliklə, hər üçüncü dəfə maşını yanacaqla doldurarkən mən Azərbaycana təşəkkür etməli idim, çünki Azərbaycan məni işə maşınla getməyim üçün yanacaqla təmin edirdi.

Strateji tərəfdaşlığımızın digər hissəsi də təhlükəsizlik sahəsi ilə bağlıdır. Bölgədə terrorizm və ekstremizmə qarşı birlikdə mübarizə apararaq, dünyanı hər kəs üçün bir az daha təhlükəsiz etmək üçün əməkdaşlıq edirik.

Nəhayət, gələcəyi təmsil edən budaqlar və bundan meydana gələn meyvələr var. Mən inanıram ki, bu budaqlar İsrail və Azərbaycan xalqları arasında münasibətlərdən yaranıb. Turizm sahəsində əlaqələri görürsünüz, 2019-cu ildə 50 000-dən çox israilli Azərbaycana səfər edib.

Yalnız üç il əvvəl 2016-cı ildə bu rəqəm 10 000 idi. Təsəvvür edin ki, üç ildən az müddətdə bu göstərici beş dəfə artıb və bu, böyük şeydir. Son bir ildə demək olar ki, hər gün istər İsrail hava yolları, istərsə də AZAL-la iki ölkə arasında birbaşa uçuşlar olurdu. Düşünürəm ki, bu nəsə deyir. Bir ildə 50 000 israilli bura səfər edirsə və sayı artırsa, COVID-19 pandemiyası olmasaydı, bu il rəqəm daha da artacaqdı, çünki israillilər bura gəlməyi sevirlər.

Xalqlarımız arasında, iqtisadiyyatlarımız arasında güclü bir bağ, əlaqə var. Birgə işləyən müəssisələri, bura gələn, imkanlar axtaran sərmayədarları görürsünüz. Azərbaycanlılar da, həmçinin, İsrailə səfər edir, kənd təsərrüfatı, tibb və turizm sahələrində israilli dostları ilə əlaqələr qururlar və bütün bunlar mənim gözümdə gələcəyimizi, münasibətlərimizi güclü edən budaqları simvolizə edir. Bir sözlə, söylədiklərim iki ölkə arasında münasibətləri və niyə bu münasibətlərin bu qədər güclü olmasını izah edir. İki xalq arasında əməkdaşlığının genişlənməsinə imkan verən güclü köklərimiz, güclü strateji dayağımız və zəngin budaqlarımız var.

- İsrailin istehlak etdiyi neftin əhəmiyyətli bir hissəsi - təxminən 30-40%-i Azərbaycandan idxal olunur. İki ölkə arasında enerji sahəsində yaxın əməkdaşlıq var, hətta bir zamanlar SOCAR-ın törəmə şirkəti Aşdod sahillərində "Şemen Oil"in apardığı neft qazma işlərində iştirak edib. Enerji sahəsində əməkdaşlığın perspektivləri nələrdir? Yaxın gələcək üçün yeni əməkdaşlıq layihələri varmı?

- Əvvəla, dürüst olmalı və dərk etməliyik ki, koronavirus pandemiyası və dünyada neft və qaza tələbatın azalması nəticəsində qiymətlər düşür, bu gün neft və qaz bazarında böhran var. Əlbəttə ki, uçuşlar və hava səyahətləri olmadan da bu cür əməkdaşlığı inkişaf etdirmək çətinləşir. Eyni zamanda mütləq bir potensial var və bu potensial böyükdür. Son bir neçə ildə İsrail qaz yataqları kəşf edib. Ümidvarıq ki, gələcəkdə də Azərbaycan şirkətləri İsrailə gəlməyə, həm qaz, həm də neft kəşfiyyat işlərində iştirak etməyə davam edəcək.

Düşünürəm ki, təbii olaraq SOCAR və digər şirkətlər bu cür kəşfiyyatdan çox şey əldə edə bilər. Onların hamısı uğurlu olmaya bilər, kəşfiyyat qazmanın da təbiəti budur. Risk alırsınız, bəlkə tapacaqsınız, bəlkə də heç nə əldə etməyəcəksiniz. Ancaq kəşfiyyat uğurlu olarsa, o zaman İsraildə sizin fəaliyyətinizin böyüməsinə imkan verən bir ekosistem mövcuddur. Eyni zamanda düşünürəm ki, İsrail və Azərbaycan hər ikisi Avropanın enerji resurslarının şaxələndiriliməsi üçün yol açır. Sizi indi TAP və TANAP boru kəmərləri vasitəsilə Avropanı enerji ilə təmin edəcəksiniz. İndi biz də İsraildəki qaz yataqlarımızdan Kipr, Yunanıstan və İtaliya üzərindən Avropaya bir marşrut qurmağa çalışırıq. Ona görə düşünürəm ki, bunlar bizi təbii resursların şaxələndirilməsində tərəfdaş edir. Eyni zamanda inanıram ki, Azərbaycanla İsrail arasında bərpa olunan enerji sahəsində geniş əməkdaşlıq potensialı var. Artıq son bir neçə ayda Azərbaycan bərpa olunan enerjiyə, xüsusən də günəş və küləyə investisiya qoymaq istəyən investorları xaricdən cəlb etməyə başlayıb. Düşünürəm ki, İsrail şirkətlərinin bu sahədə, xüsusən də günəş enerjisi sahəsində təklif edəcəyi çox şey var. Beləliklə, bəli, əməkdaşlıq üçün imkan mövcuddur. İnanıram ki, potensial olduqca böyükdür. Pandemiyanın bitəcəyinə ümid edirəm və nəhayət, biz normal işə qayıda biləcəyik.

- İki ölkə arasında iqtisadi sahədə xüsusilə də kənd təsərrüfatı, farmakologiya, informasiya texnologiyaları kimi İsrailin dünyada lider olduğu sahələrdə əməkdaşlıq barədə soruşmaq istəyirəm. Siz bu sahədə hazırkı əməkdaşlığı necə dəyərləndirirsiniz? İsrail bu sahələrdə olan təcrübəsini Azərbaycanla bölüşürmü?

- Sizin də bildiyiniz kimi, son vaxtlara qədər İsrailin təbii sərvətləri yox idi. Biz qaz yataqlarını yeni kəşf etmişik. Buna görə biz həmişə deyirik ki, ən vacib resurs beyindir. Bu, həmçinin, demək olar ki, 90 faiz quraq və ya yarı quraq bir ərazidə formalaşan ölkə olmağımızdan qaynaqlanır. Bilirsiniz, biz suyu yoxdan yaratmalı olduq. Bu işə başladıq və indi suyun saflaşdırılmasında liderik. Emal edilmiş kanalizasiya suyunun 90 faizini və adi suyu təmizləyirik, içiləcək və ya kənd təsərrüfatı üçün istifadə ediləcək hala gətiririk.

Biz suyu duzsuzlaşdırırıq. Bu gün içmək üçün istifadə etdiyimiz suyun 1/3 hissəsi duzsuzlaşdırdığımız dəniz suyudur. Demək olar ki, bütün Təl-Əviv hər gün dəniz suyu içir. Biz kənd təsərrüfatında da belə texnologiyaları inkişaf etdirmişik, süd istehsalında dəqiq və inkişaf etmiş texnologiyalara sahibik ki, bu az vaxtda daha az inəkdən daha çox süd istehsal etməyə imkan verir.

Əlbəttə, biz kibertexnologiyalar sahəsində də inkişaf etmişik. Və sualınıza cavab olaraq deyim ki, mütləq şəkildə biz belə texnologiyaları, bilik və təcrübəmizi dostlarımızla bölüşürük.

Təbii ki, Azərbaycan İsrailin ən yüksək səviyyədə dostluq münasibətləri olan ölkələr sırasındadır. Beləliklə, biz həm şirkətlər arasında olan biznes əlaqələri, həm də hökumətlər səviyyəsində akademik sahədə, kənd təsərrüfatı, kibertəhlükəsizlik və digər sahələrdə insanları bir araya gətirmək üçün çalışan digər qurumlar vasitəsilə əlimizdən gələni etməyə çalışdıq və çalışırıq.

Mən hökumətlərarası birgə komissiyanın fəaliyyətini və Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən cənab nazir Cabbarovu təqdir etməliyəm. Hökumətlərarası birgə komissiya vasitəsilə Azərbaycandan və İsraildən olan və əməkdaşlıq etmək istəyən qüvvələrə dəstək verə bilirik.

Məsələn, tibb sahəsində əməkdaşlıqla bağlı deyə bilərəm ki, İsrailin bilik və təcrübəsini, həmçinin, təlimlərini Azərbaycana gətirmək üçün bizim İsrail xəstəxanaları ilə Azərbaycanın müvafiq nazirlikləri və xəstəxanaları arasında müzakirələrimiz olub.

Kənd təsərrüfatı sahəsində də xalqlarımız arasında texnologiyaları paylaşmaq və ən yaxşı təcrübə mübadiləsi həyata keçirmək üçün Gəncədə və başqa yerlərdə yaradılan nümunə fermalarımız var.

İsrailin güclü olduğu digər bir sahədə - innovasiyalar sahəsində də əməkdaşlığımız mövcuddur. Azərbaycanda bu işlə məşğul olan innovasiya agentlikləri və fərqli qurumlarla İsrailin rəsmi və qeyri-rəsmi özəl qurumları ilə əməkdaşlıq var. Son illər bu sahələrdə əməkdaşlıq edirik. Ümidvaram ki, pandemiya bitdikdən sonra əməkdaşlığımızı tam gücü ilə davam etdirə biləcəyik.

- Turizm Azərbaycan və İsrail arasında əməkdaşlığın uğurla inkişaf etdiyi sahələrdən biri kimi xarakterizə olunur. Bu, bir həqiqətdir ki, İsrailin inkişaf etmiş səhiyyə sisteminə görə azərbaycanlılar effektiv müalicə üçün İsrailə səfər edirlər. İki ölkə arasında tibbi turizmin potensialı necədir?

- Biz İsraildəki tibb təsisatımızla fəxr edirik. Əlbəttə, dünyada lider olan tibb uzmanlığını inkişaf etdirmişik və çox sayda azərbaycanlı müalicə üçün ölkəmizə səfər edir. Lakin pandemiya böhranının mənə göstərdiyi bir şeyi də söyləməliyəm. Bu böhran Azərbaycanın çox bacarıqlı və fədakar həkimlərinin, yüksək keyfiyyətli tibb müəssisələrinin olduğunu göstərdi. Ölkənizdə tibb işçilərinin gücü və fədakar ürəyi var. Biz insanların müalicə üçün yalnız Türkiyə, İsrail, ABŞ, Almaniya və ya hər hansı digər ölkəyə müalicə üçün getməsini görmək istəməzdik, biz Azərbaycanın ən yaxşı tibbi xidmətlər göstərməsini arzulayırıq. COVID-19 böhranı bir daha sübut etdi ki, siz ağlınıza bir şey qoydunuzsa, ona nail ola bilirsiniz. Biz tibb sahəsində yüksək təcrübəyə malik ölkə olaraq öz biliklərimizi, səhiyyə yardımlarımızı, ən yaxşı təcrübə və bacarıqlarımızı Azərbaycanla bölüşməyə tam hazırıq.

Əlbəttə, indi COVID-19 böhranında bunun bir qismini etdik. Azərbaycanlı həmkarlarımızla təcrübə və bilgilərimizi bölüşürük və həqiqətən bu sahədə çox böyük potensialın olduğunu düşünürük.

Daha əvvəl də bu sahədə əməkdaşlıq üzərində işləmişik və bunu davam etdirmək istəyirik, çünki Azərbaycanda tibb sahəsinin inkişafı üçün çox böyük potensial var. Bu sahələrin inkişafında Sizin tərəfdaşınız olmaq istəyirik. İsrail xəstəxanalarından mütəxəssisləri, müvafiq nazirliklərin rəhbərlərini bura gətirmək, belə bir sistemin necə qurulacağını bilən insanların buraya gəlməsini, məlumatlarımızı, təcrübələrimizi bölüşmək və eyni zamandan sizdən öyrənmək istəyirik. Ümid edirəm ki, hər iki ölkə bundan faydalana bilər. Artıq Azərbaycanın layiq olduğu şeylərə, birinci dərəcəli tibbi xidmət sisteminə sahib olmasının zamanıdır.

- İsraildən Azərbaycana silah ixracı iki ölkə arasında əlaqələrin əsas istiqamətlərindən biri kimi xarakterizə olunur. İsraildən Azərbaycana daha hansı məhsulların ixracı bu potensiala malikdir?

- Mən buradakı səfir kimi missiyamın bir hissəsini ölkələrimiz arasında mövcud olan sivil əməkdaşlığı, işgüzar əməkdaşlığı güclü bir amilə, strateji münasibətlərimizin dayağına çevirməkdə görürəm. Mən bu ağacın bir hissəsi olmaq istəyirəm. Dünyamızı, şəxsi məlumatlarımızın məxfiliyini, bankdakı vəsaitlərimizi və digər hər şeyin təhlükəsizliyini təmin edən kibertəhlükəsizlik sahəsində əməkdaşlığımızı istəyirəm. Mən ölkələrimiz arasında kibertəhlükəsizlik sahəsində daha çox əməkdaşlıq görmək istəyirəm.

Ölkələrimiz arasında innovasiyalar sahəsində əməkdaşlıq görmək istəyirəm. Azərbaycanda çox parlaq zəkalarınız var. Bu günlərdə azərbaycanlı təşəbbüskar, parlaq gənc xanımla - Reyhan Camalova ilə görüşdüm. O, valehedici bir yenilik təqdim edib, o, beynəlxalq səviyyədə konfranslara qatılır, hətta digərlərini də öyrədir. Görüşümüzdə Azərbaycanın şimalında yerləşən Quba bölgəsində necə böyüməsi, təhsilə inanan bir ailədən çıxması barədə danışdı. Ailəsi onu müxtəlif vasitələrlə təmin edib və o, bu vasitələrdən istifadə edərək əvvəllər ağlasığmaz olan bir innovasiyanı inkişaf etdirib. Sizin parlaq zəkalarınız çoxdur. Düşünürəm ki, biz İsrail startaplarını, innovasiyalarını və təcrübəsini birgə işləmək üçün bura gətirə bilərik.

Səfirliyimizin strategiyasının da bir hissəsi olan məqsədimiz burada bir şey satmaq deyil, biz Azərbaycanla birgə bir şey inkişaf etdirmək, İsrail təcrübəsini bura gətirmək, Azərbaycanın bacarıq və resurslarından istifadə edərək birlikdə bir şey yaratmaq, istehsal etmək istəyirik və bu, Azərbaycan torpağında İsrail və Azərbaycanı birgə istehsalı olacaq.

Biz daha çox mentorların bura gəlməsini, texnologiya sahəsində daha geniş əməkdaşlıq istəyirik. Mən “ASAN Xidmət”də olmuşam, orada innovasiyalar təqdim edən, yeni şeylər yaradan sahibkarlar, təşəbbüskarlar üçün gözəl imkanlar yaradılıb. Əməkdaşlıq üçün potensial çoxdur və düşünürəm ki, bu, kibertəhlükəsizlik, innovasiyalar, xüsusilə də kənd təsərrüfatı sahəsindədir. Çünki bizim texnologiyanı nə qədər inkişaf etdirəcəyimizdən asılı olmayaraq, biz daim ərzaq bitkilərinin becərilməsi və insanların sağlamlığının təmin edilməsi sahəsində təməl biliklərə malik olacağıq.

Düşünürəm ki, bu əməkdaşlığın İsraildə inkişaf etdirdiyimiz dəqiq kənd təsərrüfatı və fərqli təcrübələr sahəsində olması mümkündür. Bu, sudan daha səmərəli istifadə edərək hər bir əraziyə dəqiq şəkildə lazım olan suyu təmin edən suvarma texnologiyaları və ya meyvələrin yeni genetik quruluşu ilə bağlı ola bilər. Məsələn, Siz pomidor toxumu əkirsiniz, on pomidor məhsulu verən bir kol yerinə, 30 pomidor verən eyni kola sahib olursunuz, beləliklə də, istifadə etdiyiniz eyni resurslarla insanlar üçün daha çox məhsul istehsal edə bilirsiniz. Bütün bunlar mən inanıram ki, ölkələrimizin marağına cavab verir.

Mən həqiqətən inanıram ki, kibertəhlükəsizlik, innovasiyalar, kənd təsərrüfatı və tibb bizim ölkələrimiz arasındakı münasibətlər üçün irəliləyiş yolu ola bilər.

- İsrail ən uzun sürən münaqişələrdən olan İsrail - Fələstin münaqişəsinin tərəflərindən biridir. İllər boyu digər ölkələr tərəfləri münaqişəni həll etməyə təşviq edib. Həll yolu ilə bağlı son cəhdlərdən biri ABŞ Prezidenti Donald Trampın “Barışıq Planı” oldu. Lakin dünya liderləri bu plana fərqli reaksiya verdi, Fələstin liderləri isə dərhal bu planı rədd etdi. Bu plan artıq müzakirə mövzusu deyil?

- Fələstin və İsrail xalqı - hər ikisi terror, qorxu olmadan sülh içində yaşamağa layiqdir. Hazırkı vaxta qədər - uzun illər ərzində fələstinlilər həm Qəzza zolağında, HƏMAS və İslam Cihadı təşkilatlarının gündəlik qaydada həyata keçirdikləri və bu günədək davam etdirdikləri raket atəşləri, tunellərin içindən keçərək edilən qəfil hücumlar, israillilərin oğurlanması və vahiməyə salınması vasitəsilə körüklənən nifrət, təxribat, təhrik və terror şəraitində, həm də İordan çayının qərb sahilində, Fələstin muxtariyyəti rəhbərlərinin terrorçuları qəhrəman kimi qələmə verməyə davam etdiyi və həbsxanada olan, cəzaya məhkum edilmiş terrorçulara hər il 350 milyon ABŞ dolları ödədiyi bir şəraitdə ümidsizlik və nifrət bataqlığı içində yaşamışlar.

Onlar nə qədər insan öldürürlərsə, bir o qədər mükafatlandırılırlar. Təsəvvür edin ki, bu pullarla nələr etmək olardı? Mən buna görə Fələstin xalqını günahlandırmıram, çünki fələstinlilər yaxşı və ləyaqətli insanlardır. Onların bəziləri mənim ailəmdir, dostlarımdır. Düşünürəm ki, günah xalqlarımız arasında sülh yaratmaq üçün istənilən fürsətə uzun zamandır "Yox" deyən rəhbərliyin üzərinə düşür.

Bu, 1948-ci ildən başlayıb, Fələstin rəhbərliyi Yəhudi və Ərəb dövlətlərinin yaradılmasını nəzərdə tutan Paylaşma Planına “Yox” dedi. Bu, 1967-ci il müharibəsindən sonrakı Xartum sammitində də davam etdi, Ərəb dünyası “Üç Yox” prinsipini elan etdi: İsrailin tanınmasına “yox”, İsraillə danışıqlara “yox”, və İsraillə sülhə “yox”.

Son onilliyə qədər bütün hallarda onlar masaya qoyulan demək olar ki, bütün sülh səylərinə "Yox" deyiblər, bu, istər İsrailin Baş Naziri Ehud Barak və Klintonun “Yol Xəritəsi” təklifi, istər Baş Nazir Ehud Olmertin səxavətli sülh təklifi, istərsə də İsrail tərəfdarı olmadığına heç kimin şübhə etmədiyi Prezident Obamanın dövründə Con Kerrinin sülh təşəbbüsü olsun. Onlar yenidən eyni səhvi edir və sülh planına “Yox” deyirlər. Bu gün Trampın planı tarixi fürsətdir. Prezident Trampın “Barışıq Planı”na əsasən, fələstinlilər suverenliyə, ləyaqətə malik bir dövlətə sahib olacaqlar, ancaq onlar yenə də bu planı oxumadan, araşdırmadan rədd edir, “Yox” deyirlər.

Düşünürəm ki, ABŞ kimi vacib dost və tərəfdaşla, həmçinin, öz xalqı ilə belə rəftar etmək doğru deyil. Onlara daha yaxşı gələcək təmin edəcək bir fürsət üçün ümid verməlisiniz. Yaxşı, Prezident Trampın planını və ya onun bəzi hissələrini bəyənmirsiniz, o zaman gəlin danışıqlar aparaq.

Son 13 ildir, onlar İsraillə danışıqlardan qaçırlar. İnanıram ki, Fələstin rəhbərliyinin sülh təkliflərinə, Fələstin xalqının daha yaxşı gələcəyinə, xalqlarımız arasında sülhə "Hə" deməsinin vaxtı çatıb. Çünki İsrail və Fələstin xalqı indi sahib olduğumuzdan daha yaxşısına layiqdir.

Bu pandemiyanın bizə göstərdiyi bir şey varsa, o da israillilərin və fələstinlilərin sülh və əməkdaşlıq etmək istəyinin olmasıdır. Fələstin rəhbərliyi İsrail əleyhinə kampaniyasını davam etdirərkən, İsrail COVID-19 pandemiyası zamanı hər gün 65 000 fələstinlinin işləmək üçün ölkəmizə daxil olmasına icazə verib.

Onların İsrailə girişinə və yaxşı işə sahib olmasına heç vaxt maneçilik törədilməyib. Onlar İsrailə gəlir və burada sülh şəraitində işləyirlər. Birlikdə yaşamaq istədiyimiz həyat budur.

- Münaqişələrə toxunmuşkən 30 ilə yaxındır, Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi barədə soruşmaq istəyirəm. İsrailin bu münaqişə ilə bağlı rəsmi mövqeyi necədir?

- Əvvəllər mürəkkəb münaqişəsi olan çox mürəkkəb bir regiondan - İsraildən gəldiyimi deyəndə, "Gözləyin, siz hələ Qafqaza səyahət etməmisiniz” cavabını eşidirdim.

Öncəliklə qeyd edim ki, mənim ürəyim Azərbaycanın bu regionundan olan və digər ölkələrdə yaşayan insanların yanındadır. Düşünürəm ki, bu regionun yaxşı insanları da sülh içində birgə yaşamağa layiqdir. İsrailin mövqeyi açıq və birmənalı olaraq qalır - Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Həm də sülhə inanırıq, ATƏT yanında Minsk Qrupunun xalqlar arasında münaqişəyə dair razılaşma, həll yolunun tapılması səylərini qəti şəkildə dəstəkləyirik. Və əlavə edim ki, bölgədəki hadisələrin hansı məcrada cərəyan etməsindən asılı olmayaraq, İsrail Azərbaycanla mövcud tərəfdaşlığı ilə həmişə fəxr edəcək. İsrail hər zaman Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləməyə davam edəcək və dostlarımızın yanında olacaq, çünki öncə də qeyd etdiyim kimi, münasibətlərimiz müvəqqəti maraqdan daha dərin və tarixi əsaslara söykənir və biz bu əməkdaşlığa davam edəcəyik.

Ailəm və dostlarımın terror və müharibədən qorxmadan azad, dinc şəraitdə yaşamı üçün dua etdiyim kimi, Azərbaycan, Ermənistan, Gürcüstan və digər ölkələrin xalqlarına da eyni şeyi arzulayıram. Diləyirəm ki, sülh içində yaşaya bilmək üçün davam edən münaqişələri həll edə bilsinlər. Düşünürəm ki, biz hamımız daha yaxşısına layiqik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR