Səfir: “Kəşmirdə baş verənlər ərazi məsələsi deyil, humanitar problemdir” - MÜSAHİBƏ

Səfir: “Kəşmirdə baş verənlər ərazi məsələsi deyil, humanitar problemdir” - MÜSAHİBƏ
# 04 fevral 2020 18:44 (UTC +04:00)

Pakistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmandın APA-ya müsahibəsi

- Bu yaxınlarda mediada Pakistanın Ermənistanla diplomatik münasibətlər quracağı barədə yayılan xəbər Azərbaycanda narahatlıqla qarşılandı. Bu xəbərin əsası var idi?

- Həmin xəbər tamamilə yanlış idi. Bu cür fikirləri haradan əldə edirlər bilmirəm. Hesab edirəm ki, bu, iki ölkə arasında mövcud olan çox güclü münasibətləri sarsıtmaq üçün atılmış bir addım idi. Təbii ki, bu da Azərbaycanda anlaşılmazlıq yaratdı. Əminəm ki, bəzi insanlar iki ölkə, iki millət və iki ölkənin rəhbərləri səviyyəsində çox yaxın münasibətləri qəbul etmirlər. Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib və Ermənistanı bir dövlət kimi tanımayıb. Bir daha bildirirəm ki, bizim mövqeyimizdə hər hansı dəyişiklik yoxdur. Qeyd olunan məsələ ilə bağlı mətbuatda şərh verdik. Biz bunu etməli idik. Bəli, Azərbaycan-Pakistan münasibətlərini istəməyən bəzi şəxslər var. Onların sayı elə də çox deyil. Deyərdim ki, bir-iki nəfərdir.

- Azərbaycan-Pakistan hərbi əməkdaşlığının genişləndirilməsi istiqamətində hansı yeniliklər olacaq?

- Azərbaycanla ticarət sahəsində çox yaxşı əlaqələrimiz var və bu əlaqələr getdikcə dərinləşir. Bütün bunlarla yanaşı, müdafiə sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərimizin vacib tərkib hissəsidir. Bəli, hərbi əməkdaşlığımız vacib olduğu qədər, həm də dinamikdir. İki ölkə hərbi sahədə bir-birinə kömək edir. Pakistan Azərbaycanı “Super Mushshak” təyyarələri ilə təchiz edib. Pakistan Azərbaycanın qanuni müdafiə ehtiyaclarını dəstəkləməyə davam edəcək.

- Yuxarıda ticarət sahəsində əməkdaşlığa toxundunuz. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi və qarşılıqlı turist səfərlərinin sayı qənaətbəxşdirmi?

- Əminliklə deyə bilərəm ki, iki ölkənin iqtisadi münasibətlərində getdikcə artım müşahidə olunur. Azərbaycanda bizneslə məşğul olan çox sayda pakistanlı var. Onlar Azərbaycana sərmayə yatırırlar. Digər tərəfdən, azərbaycanlı iş adamları da Pakistana uzunmüddətli sərmayə qoyur. Son 3-4 ildə Pakistandan Azərbaycana səfər edənlərin, o cümlədən turistlərin və iş adamlarının sayı çox artıb. 2016-cı ildə 3800 pakistanlı Azərbaycana səfər etmişdisə, ötən il bu rəqəm 46 000-ə çatıb. Düşünürəm ki, turizm, kənd təsərrüfatı, enerji sahələrində əməkdaşlıq edə bilərik. Xüsusən enerji sahəsində Azərbaycanın çox zəngin təcrübəsi var. Ümid edirəm ki, 2020-ci ildə də əməkdaşlığımız daha da inkişaf edəcək.

Həm də düşünürəm ki, azərbaycanlılar da Pakistanı ziyarət etmək istəyir. Azərbaycana Pakistandan daha çox turist səfər etdikcə, insanlar əlaqə yaradaraq bir-birlərini daha yaxşı tanıyacaqlar, Pakistan haqda daha çox məlumat öyrənəcəklər. Bu, yalnız turizm deyil, həm də biznes üçün önəmlidir. Bildiyim qədəri ilə Pakistanı biznes məqsədi ilə ziyarət edən azərbaycanlılar çoxdur. Amma zaman keçdikcə turistlərin sayının artacağına ümid edirəm. Azərbaycanlı turistlərinin əksəriyyəti qonşu ölkələrə səfər etməyə önəm verir. Ancaq Pakistanı sevən və bu ölkə barədə yüksək düşüncəyə sahib olan azərbaycanlılar da var.

- Fevralın 5-i Pakistanda Kəşmirlə Həmrəylik günü kimi qeyd olunur. Ötən ilin ortalarında Kəşmir məsələsi yenidən dünya gündəmində yer aldı. Bu münaqişənin həllində beynəlxalq təşkilatların mövqeyini necə qiymətləndirirsiniz?

- İslam Əməkdaşlıq Təşkilatında (İƏT) münaqişələr və onun həlli yolları ilə bağlı müzakirələr keçirilib. Müsəlmanlar münaqişələrdən əziyyət çəkir. Xüsusən Kəşmir, Fələstin və Dağlıq Qarabağı qeyd etmək istərdim. Azərbaycan İƏT daxilində Cəmmu və Kəşmir Komitəsinin üzvüdür. Üzv olaraq Azərbaycanın Kəşmirin öz müqəddəratını təyin etməsi üçün Pakistana hərtərəfli dəstək verdiyini qeyd etməkdən məmnunam. Bu baxımdan yalnız İƏT deyil, digər beynəlxalq təşkilatlar da Pakistanın mövqeyini dəstəkləyib, Avropa Parlamenti Kəşmirdə baş verənlərə qarşı etirazını bildirib. 8 milyonluq bir ərazi qapalı vəziyyətdədir, xəstəxanalar, məktəblər 6 aydır bağlıdır. İƏT daxil olmaqla, beynəlxalq təşkilatlar bu mövzuda daha ucadan etiraz etməlidir, xüsusilə İslam ölkələri.

Pakistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı çətinlikləri var. 5 avqustdan sonra baş verənləri bütün dünya bilir. Pakistanın Baş Naziri İmran Xan Kəşmirdə son 6 ay ərzində yaşanan insan hüquq pozuntuları barədə Davosda Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verib. Hindistanda hökumətin həyata keçirdiyi siyasət bu ölkədəki müsəlmanları sıxışdırmağa yönəlib. Ötən il dekabrın 12-də Hindistan hökuməti Vətəndaşlıq Aktına düzəliş edib ki, bütün ölkə ayrı-seçkilik xarakteri daşıyan bu düzəlişə etiraz edirdi. Hindistanda 200 milyon müsəlman var və bu aktla yalnız müsəlmanlar Hindistan vətəndaşı olmaqdan xaric edilir. Həmin aktda deyilir ki, 2014-cü ildən əvvəl Hindistana gələn Banqladeş, Pakistan və Əfqanıstandan olan qeyri-müsəlmanlar Hindistan vətəndaşı sayılacaqlar. Lakin bu, müsəlmanlara aid edilmir. Hindistanda baş verənlər Əfqanıstandakı sülh səylərini də pozur, bölgədəki sülh və stabilliyə təhlükə yaradır. Kəşmirdə baş verənlər ərazi məsələsi deyil, humanitar problemdir, insan hüquqları məsələsidir. Dünya liderləri, beynəlxalq təşkilatlar bu barədə dəfələrlə qeyd ediblər.

- Yaxın Şərqdə son baş verənlərin fonunda Pakistan Xarici İşlər naziri ABŞ və İran arasında gərginliyin azaldılması üçün öz vasitəçiliyini təklif etmişdi. Ölkəniz regionda gərginliyin azaldılmasına hansı töhfələri verə bilər?

- ABŞ, Səudiyyə Ərəbistanı və İran arasında gərginlik region üçün heç də yaxşı bir şey vəd etmir. Regionda Hindistan-Pakistan münaqişəsi mövcuddur. Habelə Əfqanıstandakı vəziyyəti qeyd etməliyəm. Biz növbəti münaqişə istəmirik. Pakistan regionda ölkələr arasında gərginliyi azaltmağa cəhd edib. Eyni zamanda Baş Nazir İmran Xan ötən il həm İrana, həm də Səudiyyə Ərəbistanına səfər edib, daha sonra ABŞ Prezidenti Donald Trampla görüşüb və gərginliyi azaltmağa çalışıb. Pakistanın regionda sülh və stabilliyi saxlamağa çalışması istiqamətindəki səyləri davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR