Səfir Londonda erməni təxribatı ilə üzləşən azərbaycanlılara vətənpərvərliklərinə görə təşəkkür edib

Səfir Londonda erməni təxribatı ilə üzləşən azərbaycanlılara vətənpərvərliklərinə görə təşəkkür edib
  • Clock-gray 14:53
  • calendar-gray 18 İyul 2020

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda Azərbaycan vətəndaşlarının keçirdiyi aksiyada törədilən erməni təxribatına münasibət bildirib.  

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, dünən Ermənistanın Azərbaycana növbəti təcavüzü ilə bağlı Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında dinc aksiya keçirib.

Aksiya zamanı ermənilər təxribat törədib, Azərbaycanın dövlət atributlarını təhqir etməyə cəhd göstəriblər. Qısa müddət davam edən qarşıdurma zamanı Mançester şəhərindən mitinqdə iştirak etmək üçün gələn Zaur Teymurov xəsarət alıb.

Səfir Tahir Tağızadə erməni tərəfi ilə qarşıdurmada iştirak edən azərbaycanlıları səfirlikdə həmin gün qəbul edib və onlara nümayiş etdirdikləri vətənpərvərliyə görə Azərbaycan dövləti adından təşəkkür edib.

Səfir bildirib ki, ilk növbədə bir azərbaycanlı, daha sonra isə diplomat kimi həmvətənlərimizin dövlət atributlarının müdafiəsi üçün atdığı addımları tamamilə dəstəkləyir və bu addımların arxasında durur: “Səfirlik olaraq mitinqdə iştirak edən soydaşlarımızı Ermənistan tərəfinin təxribatlara cəhd edəcəyi ilə bağlı xəbərdar etmişdik və onlara düşmənin təhrikedici davranışları qarşısında təmkinli olmağı tövsiyə etmişdik. Lakin elə hadisələr var ki, onlara yalnız əsl mərdlik və vətənpərvərlik yolu ilə cavab verilməlidir”.

Zəruri tibbi müdaxilənin təmin edilməsi üçün qarşıdurmada xəsarət alan Z. Teymurov səfirlik əməkdaşı tərəfindən xəstəxanaya aparılıb. Tibbi müayinə nəticəsində əldə ediləcək müvafiq arayışın da erməni zorakılığının göstəricisi kimi Britaniya polisi və ictimaiyyətinə təqdim edilməsi nəzərdə tutulur. 

Səfir T. Tağızadənin qərarı ilə bu gündən etibarən Azərbaycanın Britaniyadakı səfirliyi 24 saatlıq növbəli iş rejiminə keçib.

Qeyd edək ki, mitinqdə təxminən 150 nəfər soydaşımız iştirak edib və onların bəziləri Britaniyanın digər şəhərlərindən sırf mitinqdə iştirak etmək üçün həmin gün Londona gəlib. Britaniyada yaşayan türk icması da həmyerlilərimizə qoşulub. Mitinq zamanı Azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycanın dövlət himni oxunub.

Aytən Abbaslı

Digər xəbərlər