Səfir: “Əminəm ki, Britaniya şirkətləri Azərbaycanda səhiyyə, kənd təsərrüfatı, İKT, təhsil sektorları ilə maraqlanacaq”

Səfir: “Əminəm ki, Britaniya şirkətləri Azərbaycanda səhiyyə, kənd təsərrüfatı, İKT, təhsil sektorları ilə maraqlanacaq”
# 04 fevral 2021 16:22 (UTC +04:00)

“Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq sahəsində aydındır ki, neft və qaz sektoru bir nömrəlidir. Müstəqillik qazanandan bəri bu, Azərbaycan üçün böyük üstünlüyə çevrilib. Lakin gələcəkdə iqlim dəyişikliyi ilə mübarizə neftə olan tələbin azalacağı mənasına gəldiyi üçün bu bir çatışmazlıq olacaq. Hökumət də bunu qəbul edir və qeyri-neft iqtisadiyyatının inkişafı üçün şaxələndirmə strategiyası hazırlayıb. Bu, atılacaq ən doğru addımdır və əminəm ki, Britaniya şirkətləri səhiyyə, kənd təsərrüfatı, İKT, təhsil kimi sektorlarla maraqlanacaq”.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) APA-ya müsahibəsində deyib.

Diplomat bildirib ki, səfirlikdəki kommersiya bölməsi, ticarət sərmayə bölməsi indi neft və qaz sektorundakı Britaniya şirkətlərini dəstəkləməkdən uzaqlaşaraq, qeyri-neft sektorunun inkişafını dəstək olmaq üçün daha çox imkanlar axtarır: “Ancaq məsələ yalnız sektorları müəyyənləşdirməkdən getmir. Xüsusilə xarici investorlar, kiçik və orta sahibkarlar üçün ümumi investisiya mühitinə baxmaq həqiqətən vacibdir. Onlar investisiyalarının kifayət qədər qanuni qoruma altında olacağını, vergi və gömrük rüsumlarına dair qərarların şəffaf və ədalətli olduğunu hiss edirlərmi? Hökumətin dövlət müəssisələrinə münasibəti necədir? Onlar dövlət müəssisələrinin iqtisadiyyata hakim olmasını, yoxsa özəl investisiyaları və rəqabəti təşviq etmək istəyirlər?

Nəzər yetiriləcək digər məqam insan kapitalının inkişafı adlandırdığımız insan elementidir, yəni insanlar. Təhsil çox vacibdir - insanlara düzgün bacarıqları, yeni düşüncə tərzini və problemlərə baxmağı təmin edir və əgər Azərbaycan dünyaya açıq olmaq istəyirsə, İngilis dili təhsili vacibdir. Bu sahələrin hamısında ölkəyə kömək edirik, bundan sonra da buna davam edəcəyik. "British Council" təhsil islahatları və İngilis dilinin tədrisində iştirak edir”.

2020-ci ildə Azərbaycanın Britaniyaya ixracatında azalmaya, Britaniyanın Azərbaycana ixracatında isə artıma toxunan səfir ticarət statistikasına əhəmiyyət verməməyi məsləhət görüb: “Azərbaycan ixracatının 90%-ni neft və qaz təşkil edir, buna görə qiymət və istehsal düşəndə ixracat azalır. Neftin Britaniyaya, İtaliyaya və ya başqa bir yerə getməsi çox da əhəmiyyətli deyil - bu çox likvid bir qlobal bazardır. Böyük Britaniyanın Azərbaycana ixracının çoxunu ixtisaslaşmış maşınlar təşkil edir, buna görə də onlara olan ehtiyac neft və qaz yataqlarının işlənməsinin hansı mərhələdə olmasından asılı olaraq düşür və qalxır.

Həmçinin unutmayın ki, ticarət statistikası memarlıq və dizayn, maliyyə və hüquq xidmətləri, təhsil kimi xidmətləri özündə əks etdirmir. Britaniya iqtisadiyyatının təxminən 70-80%-nin xidmətlərdən ibarət olduğu nəzərə almaq xüsusilə vacibdir. Həm də statistika Britaniya şirkətlərinin Azərbaycanda bir nömrə olduğu investisiyaları da əhatə etmir. İnvestisiya Azərbaycan üçün daha dəyərlidir, çünki ölkəyə əlavə kapital, texnologiya və idarəetmə metodları gətirir, ixtisaslı iş yerləri yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR