Slovakiyanın Azərbaycandakı səfirliyinin açılış mərasimi keçirilib - FOTO

Slovakiyanın Azərbaycandakı səfirliyinin açılış mərasimi keçirilib - FOTO
# 28 noyabr 2019 13:08 (UTC +04:00)

Bakıda Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılış mərasimində Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak, Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər şəxslər iştirak ediblər.

Azərbaycan və Slovakiyanın dövlət himnləri səsləndikdən sonra M. Layçak və R. Həsənov səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

M. Layçak bildirib ki, Slovakiyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı üçün böyük hadisədir və bu, iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açılacaq.

Bu gün Azərbaycan Prezidenti, Baş Naziri və Xarici İşlər naziri ilə səmərəli görüşlər keçirdiyini vurğulayan Slovakiya XİN başçısı ölkəsinin Azərbaycanla iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu qeyd edib.

Nazir iqtisadi sahədə əməkdaşlığı gücləndirmək üçün investorlara dəstək verməyin əhəmiyyətinə də toxunub: “Xalqlarımızı daha da yaxınlaşdırmaq üçün təhsil, gənclik, turizm, idman sahələrinə xüsusi önəm verməliyik. Səfirlikdən gözləntimiz böyükdür və inanırıq ki, diplomatik missiya əlaqələrimizə böyük töhfə verəcək”.

M. Layçak deyib ki, yaxın gələcəkdə Azərbaycanın Slovakiyada səfirliyinin açılması əlaqələrə stimul verəcək.

R. Həsənov Azərbaycanda Slovakiya səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirib.

O bildirib ki, Azərbaycan səfirliyin səmərəli fəaliyyət göstərməsi üçün lazımı dəstək və yardım göstərməyə hazırdır.

Azərbaycanın Slovakiya ilə əlaqələrə yüksək önəm verdiyini vurğulayan nazir müavini qeyd edib ki, ölkələr arasında münasibətlər inkişaf edir və yüksək səviyyəli səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir.

O deyib ki, iki ölkə arasında enerji, humanitar və turizm sahələrində əməkdaşlıq mövcuddur, bu əməkdaşlığın daha da dərinləşməsi və müxtəlif sahələri əhatə etməsi üçün imkanlar var.

Qeyd edək ki, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR