Səməd Seyidov: “Avropa Şurasının parlament seçkiləri keçirilməmiş rəylər paylaşması qəbuledilməzdir”

Səməd Seyidov: “Avropa Şurasının parlament seçkiləri keçirilməmiş rəylər paylaşması qəbuledilməzdir”
# 25 yanvar 2020 19:27 (UTC +04:00)

“Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın yanvar sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə yola düşür”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov bildirib ki, yanvarın 27-də AŞPA-nın sessiyası başlayacaq: “Düzdür, nümayəndə heyəti tam tərkibdə Strasburqa gedə bilməyəcək. Nümayəndə heyətinin bəzi üzvləri həddindən artıq çox məşğuldurlar, parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasındadırlar. Biz hamımız məşğuluq. Ancaq AŞPA-da elə işlər var ki, onları diqqətsiz qoymaq olmaz. Bu sessiya bizim üçün çox vacibdir. Birincisi, biz Avropa Şurasında 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş böyük bir tədbir keçirməliyik. Beynəlxalq ictimaiyyət bu faciə barədə məlumatlı olmalıdır. Biz bu tədbirə həm beynəlxalq səviyyədə qonaqları dəvət edəcək, həm də Avropa Şurası rəsmilərinə və AŞPA deputatlarına məlumatlar verəcəyik. İkincisi, Avropa Şurasının idarə olunmasında böyük bir böhran yaşanır. Ona görə yeni prosedur qaydaların tətbiqinə başlanılması ilə bağlı geniş müzakirələr olacaq. Azərbaycan olaraq bu istiqamətdə tövsiyələrimizi və fikirlərimizi müdafiə etməliyik. Avropa Şurasının fəaliyyətini normal şəkildə təşkil etməsi istiqamətdə bizim bəzi təkliflərimiz qəbul edilib. Yəni Avropa Şurasının ali dəyərləri dövlətlərə qarşı bir təzyiq mexanizmi, bir alət kimi istifadə olunmasın. Təəssüflər olsun ki, Avropa Şurasının mövcud iş prinsipi bu məsələləri gündəmdən çıxarmır”.

S. Seyidov qeyd edib ki, Azərbaycanla bağlı siyasi məhbuslar kimi təqdim edilən şəxslərin məsələsi müzakirə olunacaq: “Bu məruzəni AŞPA-nın məruzəçisi Thorhildur Sunna Aevarsdottir hazırlayıb və bu məruzə sessiyada müzakirə olunacaq. Biz bu yanaşmaya öz tənqidi fikirlərimizi bildirmişik. Bununla yanaşı, biz bu məruzəyə çox ciddi dözümlülük və konstruktiv yanaşma da nümayiş etdirdik. Biz çalışmışıq ki, konstruktiv dialoq formasında bu məsələni müzakirə obyektinə çevirək. Biz məruzədə yer alan müsbət məqamlara arxalanırdıq. Məsələn, bu sırada Prezident İlham Əliyevin hüquq sistemində islahatlarla əlaqədar 2017-ci il və 2019-cu ildə imzaladığı fərmanlar, siyasi məhbuslarla bağlı hansısa bir siyahının gündəmə gətirilməməsi, Azərbaycanda vaxtı ilə yaradılmış İnsan haqları üzrə İşçi Qrupunun fəaliyyətinin bərpa edilməsi vardı. Ancaq nə edəsən ki, bir neçə dəfə dalbadal həm Thorhildur Sunna Aevarsdottir və Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən bu məruzə ilə bağlı verilən bəyanatlar, həm bu məruzənin Azərbaycanda seçkilərlə bağlanması, həmçinin Avropa Şurasının seçki müşahidə missiyasının parlament seçkiləri ilə bağlı bəyanatı onu göstərir ki, Avropa Şurası yenə də köhnə ab-havasından və üslubundan əl çəkmək niyyətində deyil. Yenə də məsələləri siyasiləşdirilmiş şəkildə ölkəyə qarşı bir təzyiq, bir alət kimi istifadə etməkdən əl çəkmir. Bununla da Avropa Şurası bizə yox, özü-özünə böyük problemlər yaradır. Həm də bilə-bilə ki, artıq bu üslub işləmədiyinə görə Avropa Şurasının bu iş prinsiplərini dəyişdirmək niyyətində olan müzakirələr təşkil edəcək. Başqa sözlə, Avropa Şurası bu üslubu dəyişdirmək istəyərkən də son ana qədər ölkələrə ali dəyərləri bir alət kimi istifadə etməkdən əl çəkmir. Bu da çox mənfi nəticələrə gətirib çıxarır. Faktiki Azərbaycanın konstruktiv dialoq qurmaq təklifinin üzərindən bir xətt çəkmək cəhdi kimi qiymətləndirilən bir bəyanatlarla çıxış edirlər. Bu, qəbuledilməzdir”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Azərbaycanın dialoqa həmişə hazır olduğunu vurğulayıb: “Amma parlament seçkilər keçirilməmiş seçkilər haqqında fikir söyləmək, öncədən hansısa mülahizələri gündəmə gətirmək, seçkilər haqqında artıq formalaşmış rəylər paylaşmaq qəti qəbuledilməzdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Avropa Şurasının strukturları, məruzəçiləri nə qədər çox bu istiqamətdə gedəcəklərsə, bir o qədər özləri-özlərinə problem yaradacaqlar. Biz artıq bu problemləri görürük. Rusiyada keçiriləcək referendum öncəsi Avropa Şurası və başqa beynəlxalq təşkilatların qanunlarının gündəmdən çıxarılması məsələsi belə müzakirə olunur. Türkiyə və Polşanın Avropa Şurası, Macarıstanın Avropa Şurası və Avropa İttifaqı ilə bağlı problemləri göz önündədir. Bu beynəlxalq təşkilatlar başa düşməlidirlər ki, ölkələrin müstəqilliyini, müqəddəratını qoruyub dəstəkləmək istiqamətində fəaliyyət göstərməlidirlər. Əksinə, mövcud problemlərin üzərinə yeni problemlər əlavə etməməlidirlər. Bir daha təkrar edirəm ki, ali dəyərləri öz korporativ və şəxsi məqsədləri üçün istifadə etməməlidirlər”.

S. Seyidov Azərbaycan nümayəndə heyətinin AŞPA-nın qış sessiyasında Azərbaycanın maraqlarını müdafiə edəcəyini söyləyib: “Nümayəndə heyəti Azərbaycanın mövqeyini, düşüncələrini ortaya qoyacaq, ölkənin maraqlarını müdafiə edəcək. Amma Avropa Şurası bu məsələləri yenə də öz formatında təqdim edəcəksə, bu, xeyir gətirməyəcək. Əminəm ki, bizim mövqeyimiz başa düşüləcək, qəbul olunacaq və bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək. Əks halda isə daha böyük problem nəinki Azərbaycan, Avropa Şurası üçün yaranacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR