Səməd Seyidov: “AŞPA-da Azərbaycan üzrə hazırlanan məruzədə siyasi məhbus məsələsinə yanaşma dəyişib”

Səməd Seyidov: “AŞPA-da Azərbaycan üzrə hazırlanan məruzədə siyasi məhbus məsələsinə yanaşma dəyişib”
# 11 dekabr 2019 14:37 (UTC +04:00)

“Bu həftə Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclaslar keçirilir və bu iclasların hamısı bizim üçün əhəmiyyətlidir”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, ilk olaraq Siyasi komitənin iclası keçirilib. Həmin iclasda Azərbaycanın prosedur qaydalarla bağlı təklif etdiyi dəyişiklik qəbul edilib: “Hesab edirik ki, indi Avropa Şurasının fəaliyyəti daha balanslaşdırılmış, daha obyektiv olacaq. Çünki Azərbaycan təklif edirdi ki, hər hansı məsələ qəbul ediləndə AŞPA deputatlarının böyük əksəriyyətinin fikri nəzərə alınsın, nəinki hansısa iclasda bir neçə deputat yığışıb hansısa qərar verməklə məsələyə müdaxilə etsin, hansısa məsələni gündəmə gətirsin. Ona görə də hesab edirəm ki, bu istiqamətdə qəbul edilən təklif həm ölkələr tərəfindən dəstəkləndi, həm də Avropa Şurasının daha obyektiv, daha balanslaşdırılmış mövqe nümayiş etdirməsinə imkan yaradır”.

İnsan haqları komitəsində müzakirələrə toxunan S. Seyidov komitədə AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottirin hazırladığı məruzə ətrafında müzakirələrin də daha balanslaşdırılmış, daha obyektiv keçdiyini qeyd edib: “Siyasi məhbus kimi təqdim olunan şəxslərin məsələsi həmişə Azərbaycanla Avropa Şurası arasında böyük qalmaqallar, mübahisələr, qarşıdurmalar, fikir ayrılıqlarına gətirib çıxarırdı. Bunun əsası da var idi. Çünki müxtəlif yerlərdən, insanlardan, təşkilatlardan, mənbəyi, sayı bilinməyən qeyri-obyektiv, qərəzli, hansısa məqsədləri daşıyan siyahılar təqdim olunurdu. İnsan haqları komitəsində dünən müzakirəyə çıxarılan Azərbaycan üzrə məruzədə bu məsələlər məruzəçi tərəfindən kənara qoyulub. Ona görə yox ki, bu siyahıların təqdim olunması dayanıb. Xeyr, siyahıları müxtəlif yerlərdən yenə göndərirlər. Ancaq yanaşma dəyişib. Yanaşma Avropa İnsan Haqları Məhkəməsinin qərarları əsasında formalaşdırılır. Biz də hesab edirik ki, bu, tamamilə düzgün yanaşmadır. Biz həmişə demişik ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası altındadır, bu səbəbdən də onun qərarları bizim üçün vacib, əhəmiyyətlidir. Hansısa təşkilatın, qeyri-dövlət qurumunun siyahısı sənədlərin içərisinə daxil edilə bilməz. Məhz bu yanaşmanın məruzədə bu şəkildə əks etdirilməsi çox vacib və çox əhəmiyyətlidir”.

S. Seyidov məruzədə Azərbaycan hakimiyyətinin 2017-ci ildən başlayaraq hüquq sistemində islahatlar aparması, xüsusilə Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı xüsusi yer alıb: “Məruzədə həm də qeyd edilir ki, bu qərarlar əsasında islahatlar başlayaraq müsbət nəticələr verməyə başlayıb. Əsas məsələ budur. Yəni biz islahatları islahat naminə etmirik. İslahatları ona görə həyata keçiririk ki, müsbət nəticəsi olsun. Bax bu məruzədə belə bir ifadənin yer alması çox vacib və əhəmiyyətlidir. Üçüncü, ilk dəfə məruzədə bizim üçün də vacib bir məsələ əksini tapıb. Məruzədə qeyd edilib ki, siyasi məhbus kimi təqdim edilən şəxslərlə bağlı məsələlər ölkənin daxilində müstəqil və yüksək peşəkarlıq qabiliyyəti olan strukturun rəyi əsasında və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilənə qədər həll olunsun. Azərbaycanda vaxtı ilə İnsan haqları üzrə İşçi Qrupu yaradılmışdı. Hesab edirəm ki, bu, İşçi Qrupunun işinin daha aktiv şəkildə təşkil olunmasına və fəaliyyət göstərməsinə çox böyük təkanverici bir məqamdır. Nəhayət, məruzənin ümumi abı-havası Azərbaycan hakimiyyəti, Azərbaycan parlamenti, Azərbaycan nümayəndə heyəti ilə konstruktiv şəkildə işləri davam etdirmək və real nəticələr əldə etmək nöqteyi-nəzərdən yüksək qiymətləndirilməlidir. Bu da vacibdir”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri pozitiv məqamlarla yanaşı, məruzədə xeyli tənqidi məqamların yer aldığını da söyləyib: “Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra edilməməsi, Avropa İnsan Haqları Məhkəməsinin xüsusən 18-ci protokolunun pozulması, müntəzəm olaraq Azərbaycanda hansısa insan haqlarının pozulması ilə bağlı məqamlar da məruzədə mövcuddur. Bunların hamısı müzakirə və təhlil etmək üçün materialdır. Biz də bu istiqamətdə məsələləri konstruktiv şəkildə araşdıracağıq. Ancaq ən vacib məsələ bu məruzədəki abı-havadır. Biz bu məruzəni bu gün də təkrarən Monitorinq Komitəsində müzakirə edəcəyik. Hesab edirəm ki, Monitorinq Komitəsində də həmin abı-havanı görəcəyik. Ən vacib məsələ odur ki, Avropa Şurası Azərbaycanla bu istiqamətdə konstruktiv formada, dialoq şəklində, hüququn aliliyi çərçivəsində əlaqələri və münasibətləri təşkil etmək fikrindədir və bu istiqamətdə də məruzə təqdim olunub ”.

Monitorinq Komitəsində məruzənin müzakirəsi zamanı fərqli yanaşmanın müşahidə edilə bilməsi ehtimalına gəlincə, S. Seyidov buna inanmadığını vurğulayıb: “Çünki həmin məruzəçi Monitorinq Komitəsinə gələcək, həmin məruzə müzakirə olunacaq. Ola bilsin ki, hansısa əlavə fikirlər səsləndi. Amma ümumi abı-hava konstruktiv, işçi və ən əsası da peşəkar yanaşmadır”.

Dekabrın 13-də Büroda Azərbaycanda parlamentə növbədənkənar seçkilərin keçirilməsi məsələsinin müzakirə olunacağını nəzərə çatdıran S. Seyidov qeyd edib ki, artıq seçkilərdə müşahidə aparılması üçün Milli Məclis Sədrinin imzaladığı məktub Avropa Şurası Parlament Assambleyasının Prezidentinə təqdim edilib: “Biz müşahidə missiyalarını qəbul etməyə hazırıq. Mən Büroda Azərbaycanda növbədənkənar seçkilərin ən üçün, hansı məsələlərə görə təyin edildiyi barədə məlumat verəcəyəm. Prosedur qaydalarının necə olduğu, Konstitusiya Məhkəməsinin hansı qərar verdiyi, Prezidentin fərmanının hansı şəkildə olduğu barədə danışacağam. Növbədənkənar seçkilərin səbəbləri barədə yəqin ki, suallar olacaq, o suallara da cavab verməyə hazırıq. Ən əsası yenə də Avropa Şurası ilə konstruktiv şəkildə əməkdaşlıq etmək üçün biz artıq dəvətimizi göndərmişik. Dəvət artıq Avropa Şurası Parlament Assambleyasının Prezidentinin stolunun üstündədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR