Soltan Məmmədov: “Fransa Milli Assambleyasının qərarı ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcək”

Soltan Məmmədov: “Fransa Milli Assambleyasının qərarı ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcək”
  • Clock-gray 11:56
  • calendar-gray 04 Dekabr 2020

“Fransa Milli Assambleyasının qəbul etdiyi “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnamə bu ölkənin Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirdiyini göstərir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi, neytral mövqedən çıxış etməli olduğu halda tamamilə ədalətsiz, birtərəfli mövqe nümayiş etdirir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov deyib.

Deputat bildirib ki, sənəd layihəsi müzakirəyə çıxarılmazdan öncə Fransa Milli Assambleyasının müvafiq strukturlarına, parlamentin üzvlərinə Azərbaycanın etirazı ilə bağlı müraciət təqdim olunub: “Eyni zamanda, Azərbaycanın bu ölkədəki səfirliyi də layihənin əsassız olduğunu, ikitərəfli münasibətlərə zərər gətirəcəyi, bölgədə sülhə və təhlükəsizliyə xidmət etməyəcəyinə dair müvafiq məlumatları, əsaslandırılmış arqumentləri təqdim edib. Lakin bütün bunlar Fransa Milli Assambleyasını məlum sənədi qəbul etməkdən çəkindirməyib”.

Deputat bildirib ki, Fransa özünü regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasının tərəfdarı kimi təqdim edir, lakin indiyə qədər bir milyon azərbaycanlının öz evlərindən didərgin düşməsi ilə bağlı heç bir ciddi addım atmayıb: “Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının 30 il məcburi köçkün kimi yaşamasında ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi Fransanın da üzərinə məsuliyyət düşür. Lakin Fransa bu məsələni heç vaxt gündəmə gətirməyib. Təkcə bu faktın özü indi atılan addımların nə qədər qərəzli və ədalətsiz olduğunu söyləmək üçün kifayətdir”.

Soltan Məmmədov Fransa Milli Assambleyasının qərarının ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcəyini qeyd edib: “Təbii ki, bu cür qərəzli addımlar əlaqələrin bütün spektrlərinə, o cümlədən Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun fəaliyyətinə də öz təsirini göstərəcək. Biz bütün təmaslarımızda Fransanın siyasətinə etirazımızı bundan sonra da ifadə edəcəyik. Bu addımlar hansı kontekstdən baxsaq, ölkələrimiz arasında əlaqələrin ruhuna uyğun deyil. Fikrimcə, məsələyə daha çox beynəlxalq hüquq və tarixi ədalət kontekstində baxmaq lazımdır. Fransa Milli Assambleyasının, daha əvvəl isə senatın qəbul etdiyi qərarlar mahiyyət etibarilə beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir”.

Deputat bildirib ki, bu cür sənədlər Fransanın rəsmi mövqeyi ilə də bir araya sığmır: “Fransa dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bəyan edib. Bu bir daha göstərir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.

Millət vəkilinin fikrincə, Fransa Milli Asambleyasının qərarı bölgədə vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir: “Bundan sonrakı təmaslarımızda daha çox bu məqamları qabartmağa çalışacağıq. Fransa Parlamentinin üzvü olan dostlarımızın köməyi ilə reallıqları, bu cür addımların yanlış olduğunu daha geniş auditoriyaya çatdıra biləcəyik, heç bir hüquqi qüvvəsi olmayan bu cür qətnamələr də kağız üzərində qalacaq. Təbii ki, bütün bunlarla bağlı müvafiq qurumlarla məsləhətləşmələr aparılacaq, parlament rəhbərliyinin tövsiyələri öyrəniləcək. Bu məsləhətləşmələrin nəticələrinə uyğun olaraq gələcək addımlarımızı müəyyən edəcəyik”.

Firuzə Vahid

Digər xəbərlər