Tanınmış Meksika jurnalı erməni təcavüzü və ölkəmizə qarşı terror siyasəti barədə yazıb

Tanınmış Meksika jurnalı erməni təcavüzü və ölkəmizə qarşı terror siyasəti barədə yazıb
  • Clock-gray 07:31
  • calendar-gray 09 Dekabr 2020

Meksikanın dövlət və hökumət qurumları, parlament və diplomatik korpus arasında geniş yayılan “El Mundo” jurnalında səfir Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, ölkəmizə yönəlik terror siyasəti və 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı haqda geniş müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, müsahibədə səfir ermənilərin XIX əsrdə Qafqaza və Azərbaycan xanlıqları ərazisinə kütləvi köçürülməsi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın danışıqlar formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları, son aylarda bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentybar tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

Bildirib ki, Ermənistanın qeyd olunan təcavüzünün qarşısını almaq, mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa, eləcə də BMT TŞ-nin sənədlərinə uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirməyə başlamış, bu çərçivədə Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa şəhərlərini, 300-dəm çox kənd və qəsəbəni və bir sıra strateji yüksəkliləri işğaldan azad edib.

44 günlük müharibə dövründə dəfələrlə əldə olunmuş humanitar atəşkəsin ardından Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə Ermənistan tərəfindən artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması və hərbi əməliyyatların gedişində Ermənistanın törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunan addımların beynəlxalq humanitar hüququn kəskin şəkildə pozulması və Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

Hərbi əməliyyatlara Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsinə dair suala münasibətdə bunun erməni təbliğat maşının növbəti saxta məlumatı olduğunu və münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədi güdüldüyünü deyən təmsilçimiz, Azərbaycan ordusunun şəxsi heyətin sayı, qabaqcıl texnologiya ilə təchizat, silahlanma və hazırlıq səviyyəsi baxımından dünyanın ən güclü orduları sırasında yer aldığını, anti-terrorizm əməliyyatlarında iştirakının beynəlxalq koalisiyalar tərəfindən daim təqdir edildiyini, bu səbəbdən də hansısa qeyri-nizami silahlı qruplaşmalara ehtiyac duyduğu iddiasının anlamsız olduğunu bildirib. Bununla yanaşı, səfir Ermənistanın özünün döyüşlərə Suriya, Livan, İraq kimi ölkələrdən radikal terrorçu qruplaşmaları cəlb etdiyinə dair həm erməni mətbuatında, həm də beynəlxalq qaynaqlarda xeyli sayda məlumat yer aldığını, habelə Ermənistanın ASALA, Daşnaksütun kimi 20-ə yaxın terrorçu təşkilata malik azsaylı ölkələrdən biri olduğunu qeyd edib.

10 noyabrda əldə olunmuş atəşkəs razılaşması barədə danışan təmsilçimiz, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş digər rayonlarından da  çıxarıldığını, bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilildiyini, razılaşmanın şərtlərin əməl edilməsinə nəzarət prosesində Türkiyənin də yaxından iştirak edəcəyini, habelə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz torpaqlarından qovulmuş 1 milyona yaxın soydaşımızın irəlidəki vaxtlarda öz yurdlarına qayıdacağını bildirib.

Sonda regionun gələcəyi və barışıq imkanları ilə bağlı suala münasibətdə Azərbaycanın çoxmədəniyyətli və 40-a yaxın müxtəlif millət və inanclardan olan insanların, o cümlədən ermənilərin birgə sülh şəraitində yaşadığı yer olduğunu, bu xüsusda Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığını deyən səfir, azərbaycanlı əhalinin öz evlərinə ləyaqətli şəkildə qayıdışının təmin edilməsindən sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının da azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini bildirib.

apa-logo-mini

Digər xəbərlər