Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB

 Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB
# 23 dekabr 2019 13:55 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisidə keçirilən 8-ci üçtərəfli görüşü başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə nəqliyyat, enerji, rabitə və kommunikasiya sahələrində həyata keçiriləcək layihələr, eləcə də 2020-2022-ci illər üçün birgə fəaliyyət planının müzakirə edildiyi bildirilir.

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisidə keçirilən 8-ci üçtərəfli görüşündən sonra birgə bəyanat da imzalanıb.

Görüşdən sonra XİN başçılarının birgə mətbuat konfransı keçiriləcək.

***

saat 13:23

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, sayca 8-ci olan builki görüşdə üçtərəfli əməkdaşlıq formatında əldə edilən nailiyyətlər və 2020-2022-ci illər üçün fəaliyyət planı müzakirə ediləcək.

Görüşdə əsas diqqətin üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacaq.

“Azərbaycanlı və türkiyəli həmkarlarımı Gürcüstanda görməkdən məmnunam. Gürcüstan, Azərbaycan və Türkiyə artıq uğurlu strateji tərəfdaş ölkələrdir və ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri çərçivəsində ticari-iqtisadi, mədəni, enerji, nəqliyyat və digər sahələrdə önəmli regional layihələr icra olunur. Qeyd etmək lazımdır ki, mövcud olan nümunəvi tərəfdaşlıq və yaxın əməkdaşlıq əlaqələri Gürcüstan, Azərbaycan və Türkiyə xalqları arasındakı ənənəvi dostluq ruhuna tam uyğundur”, - deyə Gürcüstan Xarici İşlər naziri David Zalkaliani üçtərəfli görüşün açılış nitqində bildirib.

Üçtərəfli görüş çərçivəsində xarici işlər nazirlərinin ortaq bəyanatı da imzalanacaq.

Mətbuata qapalı keçən görüşdən sonra XİN başçılarının birgə mətbuat konfransı keçiriləcək.

Görüşdən sonra Azərbaycan və Türkiyə XİN başçılarının Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə görüşü planlaşdırılıb. Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə də görüşü də planlaşdırılıb.

Qeyd edək ki, XİN başçılarının cari ilin oktyabr ayının 16-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşü Türkiyənin Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlaması ilə əlaqədar olaraq Ankaranın müraciəti əsasında təxirə salınıb.

XİN başçıları arasında bundan əvvəlki, sayca 7-ci üçtərəfli görüş isə 2018-ci ilin 29 oktyabrında İstanbulda keçirilib. Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR