Tbilisidə Novruz bayramına həsr edilmiş tədbir keçirilib - FOTO

Tbilisidə Novruz bayramına həsr edilmiş tədbir keçirilib  - FOTO
# 17 mart 2021 17:57 (UTC +04:00)

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Novruz bayramına həsr edilmiş tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin müavini Lia Qiqauri, Tbilisi sakrebulosunun sədri Giorgi Tkemaladze, Gürcüstan parlamentinin deputatları və komitə sədrləri, Tbilisi merinin müavini Andria Basilaia, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin nümayəndəsi İrine Saqanelidze və muzeyin direktoru Leyla Əliyeva iştirak edib.

Tədbirdə qonaqlar əvvəlcə Novruz bayramına həsr edilmiş sərgi ilə tanış olublar.

Daha sonra çıxış edən səfir Faiq Quliyev bildirib ki, müxtəlif dövrlərdə Novruz bayramının keçirilməsi qadağan edilsə də, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bayramın təntənəli şəkildə qeyd edilməsi bərpa edilib.

Səfir qeyd edib ki, bu il Novruz bayramı ilə yanaşı Azərbaycanda həm də Zəfər bayramı qeyd olunur: “Torpaqların azad edilməsində misilsiz qəhrəmanlıqları olanlar qarşısında baş əyirik. Gürcüstanda yaşayan yüz minlərlə soydaşımız Novruz bayramını kütləvi şəkildə qeyd edir. Gürcüstan hökumətinə təşəkkür edirəm ki, bayramın bütün bölgələrdə keçirilməsinə dəstək olur”.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin müavini Lia Qiqauri bildirib ki, Gürcüstanda müxtəlif millətlərin öz adət-ənənələrini yaşatmasına dövlət tərəfindən dəstək göstərilir: “Gürcüstan çoxmillətli, çoxdinli dövlətdir və bu bayram hər zaman ölkəmizdə harmonik şəkildə qeyd olunur. Bayramların rahat və yüksək səviyyədə qeyd olunması göstərir ki, Gürcüstanda tarixən müxtəlif din və millətlərin mənsubları harmonik şəkildə yaşayıb. Bizim vətəndaşlarımızın bərabər şəkildə yaşaması üçün məsələlər dövlət səviyyəsində qaldırılır. Bizim dostluğumuz əsrlərin sınağından keçərək bu günə çatıb. Novruz bayramının gəlişi əlbəttə ki, mühüm bir haldır. Mən Gürcüstan azərbaycanlılarını həmçinin dost və strateji tərəfdaş olan Azərbaycan xalqını səmimi şəkildə təbrik edirəm”.

Gürcüstan xarici işlər nazirinin müavini Vladimir Konstantinidi də qeyd edib ki, Novruz bayramı Gürcüstanda tarix boyu sərbəst şəkildə keçirilib və keçirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR