Tbilisidə gürcü tarixçinin İrəvan xanlığı haqda kitabının təqdimatı keçirilib

Tbilisidə gürcü tarixçinin İrəvan xanlığı haqda kitabının təqdimatı keçirilib
  • Clock-gray 14:22
  • calendar-gray 13 Dekabr 2019

Tbilisidə Gürcüstan Milli Muzeyinin baş kuratoru, professor, tarixçi alim Eldar Nadiradzenin "İrəvan xanlığı: tarixi və mədəni profil" adlı kitabının təqdimat mərasimi keçirilib. 

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Milli Muzeyində keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Milli Elmlər Akademiyasının professor və akademikləri də daxil olmaqla, 100-ə yaxın elm xadimi iştirak edib.  

E. Nadiradze bildirib ki, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda İrəvan xanlığının tarixi, hökmdarları, İrəvan qalası uğrunda gedən döyüşlər, xanlığın Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumat əks olunub.

Onun sözlərinə görə, bu tədqiqat işi onun Azərbaycanla bağlı sayca üçüncü kitabıdır.

"Mən bu layihənin həyata keçirilməsində rolu olan hər kəsə təşəkkür etmək istəyirəm”, - deyə E. Nadiradze qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun Baş elmi işçisi Rizvan Hüseynov deyib ki, nəfis tərtibatda hazırlanmış kitab 500 tirajla nəşr edilib, satışda yoxdur.

Kitabda İrəvan xanlığının tarixindən bəhs edən fotoşəkillər və rəsmlər də yer alıb. Habelə Gürcüstan Milli Muzeyində saxlanılan nadir eksponatların fotoşəkilləri də kitaba daxil edilib.

Səid Babazadə

Digər xəbərlər