Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın icrasında əldə edilmiş tərəqqi nəzərdən keçirilib

Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın icrasında əldə edilmiş tərəqqi nəzərdən keçirilib
# 13 noyabr 2020 23:23 (UTC +04:00)

Bu il noyabrın 12-13-də virtual şəkildə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın icrası xüsusunda regional dəyərləndirmə görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşün məqsədi Qlobal Paktın UNECE regionunda icrasına nəzarəti təmin etməkdən ibarət olub. İki günlük tədbir çərçivəsində Qlobal Paktın icrasında əldə edilmiş tərəqqi nəzərdən keçirilib, müsbət təcrübələr barədə məlumatlar bölüşülüb, icraat üçün maneələr vəonların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Fariz Rzayev çıxış edib. Çıxış zamanı Qlobal Paktın icrasında ölkəmiz tərəfindən əldə edilmiş tərəqqi barədə məlumat verilib. Miqrasiya və miqrantlar üçün ağır nəticələr doğurmuş COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş əhəmiyyətli beynəlxalq təşəbbüslər diqqətə çatdırılıb.

Miqrasiya sahəsində götürülmüş birgə öhdəliklərin icrası üçün bütün ölkələrin həmrəyliyinə ehtiyac olduğuna diqqət çəkilərək, Ermənistanın siyasi məqsədlər naminə qeyri-qanuni miqrasiyanı illər boyu təşviq etməsinin məyusedici olduğu qeyd edilib, bu ölkənin qanunsuz fəaliyyətləri barədə ətraflı məlumat verilib. Çıxışın sonunda Ermənistanın təxribatlarına cavab olaraq görülmüş tədbirlər nəticəsində onun atəşkəsi qəbul etməyə və qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağa məcbur olduğu, bununla da məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaları üçün imkan yarandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin dekabr ayında dünyanın 152 ölkəsi, o cümlədən Azərbaycanın dəstəyi ilə təsdiq edilmiş Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt hüquqi öhdəlik doğurmayan, beynəlxalq miqrasiyanın bütün aspektlərini hərtərəfli və müfəssəl şəkildə əhatə edən və beynəlxalq miqrasiya problemlərini həll etmək üçün bütün müvafiq tərəflərin (dövlət və qeyri-dövlət aktorların) beynəlxalq tərəfdaşlığı üçün çərçivə təşkil edən mühüm beynəlxalq sənəddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR