Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib

Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib
# 11 sentyabr 2020 18:25 (UTC +04:00)

Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib.

APA-nın XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, YUNESKO üzrə Türkiyə Milli Komissiyasının təşkilatçılığı ilə virtual formatda keçirilən görüşə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan Milli Komissiyaları, TÜRKSOY, Türk-PA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, Türkiyə dövlət qurumlarının təmsilçiləri qatılıb.

Tədbirdə Azərbaycanı təmsil edən Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Milli Komissiyanın Baş katibi Elnur Sultanov Tonyukuk abidəsinin əhəmiyyətindən danışıb, bu abidənin 1300 illiyinin 2020-ci il üçün YUNESKO-nun Yubileylər Proqramına daxil edilməsinin əlamətdar hadisə olduğunu bildirib, eləcə də türkdilli xalqların mədəni abidələrinin öyrənilməsi, tanıdılması və təşviqinin Azərbaycan mədəniyyət siyasətinin diqqət ayrılan istiqamətlərindən biri olduğunu qeyd edib.

O, Türk dünyasının ortaq maddi və qeyri-maddi mədəni irsinin qorunması və təşviqi istiqamətində gələcək əməkdaşlıq üçün mövcud perspektivlərdən bəhs edib və təkliflərini irəli sürüb.

E.Sultanov ölkəmizin YUNESKO ilə münasibətlərinin möhkəmləndirilməsi siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın YUNESKO dəyərlərinin təbliğində, dünya irsinin qorunmasında, abidələrin bərpasında, mədəniyyətlərarası dialoqun, təhsilin, gender bərabərliyinin təşviqində və digər sahələrdə müstəsna xidmətlərini vurğulayıb.

E.Sultanov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini, bu torpaqlarda yerləşən türk dünyasının ortaq mədəni irsi olan abidələrin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığı, mənimsənildiyi, tarixi və mahiyyətinin dəyişdirildiyini diqqətə çatdırıb və bunun qarşısının alınması məqsədilə türkdilli dövlətlərin birgə səylərinin mühüm əhəmiyyətini vurğulayıb.

Çıxış edən digər tədbir iştirakçıları türk dünyasının ortaq mədəni irsi olan abidələrin əhəmiyyəti, Tonyukuk abidəsinin türk tarixi və mədəniyyəti üçün önəmi, onun qorunması və təşviqi ilə bağlı görülən işlərdən, habelə YUNESKO çərçivəsində birgə əməkdaşlığın vacibliyindən bəhs ediblər.

Sonda akademik dairələrin təmsilçilərinin iştirakı ilə geniş müzakirələr keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR