Tural Gəncəliyev: "İşğal edilmiş ərazilərindəki "seçki şousu"nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına hörmətsizlikdir"

Tural Gəncəliyev: "İşğal edilmiş ərazilərindəki "seçki şousu"nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına hörmətsizlikdir"
# 30 may 2020 15:33 (UTC +04:00)

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin üzvünün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə göndərdiyi “təbrik məktubu”na münasibət bildirib.

T. Gəncəliyev APA-ya açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və Milli Məclisdə Azərbaycan-Kanada dostluq qrupunun rəhbəri kimi Kanada Parlamentinin Nümayəndələr palatasının erməni lobbisinə yaxın olan üzvü Reyçl Harderin “təbrik məktubu”nu qınadığını və kəskin etiraz etdiyini bildirib: “Xanım Harderə xatırladıram ki, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərin qanunsuz işğalına davam edərkən, azərbaycanlı əhali 28 ildən çoxdur ki etnik təmizləmə yolu ilə zorla evlərindən qovulub və təməl insan haqlarından məhrum edilib. Bu müstəvidə, 31 mart və 14 aprel 2020-ci il tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki "seçki şousu"nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd edərək Azərbaycanla həmrəy olduğunu ifadə edib.

Çox təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin parlamentarisi Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə edib, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salıb.

Bir daha bəyan edirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllinin - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanadada bizim haqlı mübarizəmizi dəstəkləyənlərə minnətdarlığımızı bildirir və ədalətin əleyhinə olanları isə bu yanlış yoldan çəkinməyə və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində birgə sülh şəraitində yaşamasına dəstək verməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR