Türkdilli Dövlətlərin Vaşinqtondakı səfirləri videokonfrans formatında görüşüblər - FOTO

Türkdilli Dövlətlərin Vaşinqtondakı səfirləri videokonfrans formatında görüşüblər - FOTO
# 25 aprel 2020 08:43 (UTC +04:00)

24 apreldə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ABŞ-dakı səfirləri və Şuranın Baş katibi Bağdad Amreyevin iştirakı ilə videokonfrans baş tutub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, sözügedən konfrans 10 aprel tarixində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının fövqəladə Zirvə görüşündə müzakirə edilən məsələlərin davamı keçirilib.

Qeyd edək ki, 10 aprel Zirvə görüşü nəinki dünyada ilk onlayn formatda keçirilən zirvə görüşü olub, həmçinin koronavirus pandemiyasına həsr olunmuş ilk dövlətlərarası konfrans olaraq əhəmiyyət daşıyır. Səfirlər müzakirə zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zirvə görüşünün keçirilməsi təşəbbüsü və sədrliyi üçün təşəkkürlərini ifadə ediblər.

Görüş zamanı Baş katib Bağdad Amreyev koronavirus pandemiyasının yayılması dövründə üzv dövlətlərin bu böhranla mübarizə aparılması sahəsində göstərdikləri birgə səyləri yüksək qiymətləndirərək, bu xüsusda 10 aprel zirvə görüşünün əhəmiyyətini bir daha vurğulayıb. Qısa zamanda təşkil olunmuş konfransda müəyyənləşdirilən prioritet məsələlərin və görülən tədbirlərin bu əməkdaşlığı daha da dərinləşdirdiyini qeyd edib. Belə ki, üzv dövlətlər səhiyyə, nəqliyyat, miqrasiya, informasiya mübadiləsi və iqtisadiyyat sahəsində fəal əməkdaşlıq edirlər. O bildirib ki, hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəal və praktiki məsələlərə yönəlmiş beynəlxalq təşkilata çevrilib.

Müzakirələr zamanı COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə mübarizədə türkdilli dövlətlərin göstərdiyi həmrəylik, qarşılıqlı yardımlar və birlikdə mübarizə üsulları təqdir edilib. Bildirilib ki, türkdilli dövlətlərin rəhbər şəxslərinin və hökumətlərinin operativ və effektiv şəkildə COVID-19 pandemiyasına cavab verməsi dövlətlərimizin müstəqil şəkildə yüksək idarəçilik qabiliyyətinin olmasını sübut edir.

Videokonfransda dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş və onların tərəfindən qəbul olunmuş Bakı Bəyannaməsindən irəli gələn əməkdaşlıq sahələrinin daha da inkişaf etdirilməsi, spesifik sahələrdə ekspertlər və mütəxəssislərin birlikdə səylərinin davam etdirilməsi və beynəlxaq müstəvidə əməkdaşlıq addımlarının atılması barədə müzakirə aparılıb.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının yayıldığı dövrdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası özünü uğurlu və faydalı bir regional təşkilat kimi göstərməkdədir və bu format həqiqətən də qlobal çağırışlara cavab vemək iqtidarında olduğunu doğruldur.

Ölkəmizin ABŞ-dakı Səfirliyinin təşəbbüsü ilə keçirilən videokonfransda Baş katib Bağdad Amreyevlə yanaşı, Azərbaycan səfiri Elin Süleymanov, Qazaxıstan səfiri Erjan Kazıxanov, Qırğızıstan səfiri Bolot Otonbayev, Özbəkistan səfiri Javlon Vahabov, Türkiyə səfiri Sərdar Kılıç və Türkmənistan səfiri Meret Orazov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR