Türkiyə parlamentinin sədri: “Türk dövlətləri arasında ticarəti asanlaşdıran zəmin yaratmaq lazımdır”

Türkiyə parlamentinin sədri: “Türk dövlətləri arasında ticarəti asanlaşdıran zəmin yaratmaq lazımdır”
# 18 dekabr 2019 13:52 (UTC +04:00)

“İnşallah, TürkPA-ya daha bir türk respublikası - Özbəkistan da daxil olacaq. Bakıda keçiriləcək toplantıda səsvermə keçiriləcək və inşallah, Özbəkistan da TürkPA-da olacaq, onu da aramızda görəcəyik. Uzun müddət bir-birindən aralı qalmış millətin fərdlərini fərqli platformalarda birləşdiririk. TürkPA-da da bu ölkələrin parlamentləri arasında bir platformadır”.

APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.

M. Şentop bu ilin oktyabr ayında Nursultanda Avrasiya ölkələri parlament sədrlərinin iclası zamanı Türk Akademiyasında toplantı keçirdiklərini xatırladıb: “Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da o toplantıda iştirak edib. Toplantıda görülən işləri dəyərləndirmişdik, hədəflərə böyük ölçüdə nail olunduğunu görürük. Amma bu, yetərli deyil”.

TBMM sədri qeyd edib ki, çox sürətlə dəyişən dünyada yaşayırıq: “Keçmişdə itirdiyimiz vaxtın əvəzini çıxmaq üçün çox sürətlə çalışmalıyıq. İqtisadiyyat sahəsində türk dövlətləri arasında ticarəti asanlaşdıran bir zəmin yaratmaq lazımdır. TürkPA-nın bu sahədə hüquqi zəmin yaradılması istiqamətində gördüyü işlər var. Digər tərəfdən, dil məsələsi çox önəmlidir. Türk dilində danışan ölkələr deyirik, böyük ölçüdə bir-birimizi anlayırıq, amma yenə də dil sahəsində ortaqlaşmaya yönəlik daha intensiv səylər göstərməyimiz lazımdır. Həm Özbəkistanın, həm Qazaxıstanın latın əlifbasına keçidlə bağlı gördüyü işlər də çox məmnuniyyət doğurur. İnşallah, çox qısa zamanda arzu etdiyimiz səviyyəyə çatacağıq”.

Türkiyə parlamentinin sədri deyib ki, Türkiyə TürkPA-ya sədrliyi bu gün Azərbaycana təhvil verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR