Ukrayna səfiri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - YENİLƏNİB - FOTO

Ukrayna səfiri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - YENİLƏNİB - FOTO
# 05 mart 2021 16:19 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski xanımı ilə birlikdə Gəncəyə səfər edib.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, səfir şəhərin icra başçısı Niyazi Bayramovla görüşüb. Görüşdən əvvəl xarici diplomat Ulu Öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər düzüb. Görüşdə iki ölkə arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələrdən söhbət açılıb, bu əlaqələrin regionlar arasında da qurulmasının əhəmiyyəti qeyd olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin iqtisadi potensialı, tarixi, mədəniyyəti haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəri olmaqla yanaşı, həm də təhsil və mədəniyyət beşiyidir. Azərbaycanın yeganə aqrar universitetinin məhz Nizami yurdunda yerləşdiyini bildirən şəhər rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının yeganə regional bölməsinin də məhz Gəncədə yerləşdiyini diqqətə çatdırıb.

Vladislav Kanevski regionlara ilk səfərinin Gəncədən başladığını və bu qədim şəhər haqqında ətraflı məlumata malik olduğunu bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi Ukrayna ilə Azərbaycan arasında olan əməkdaşlıq əlaqələrin regionlar səviyyəsində inkişaf etdirilməsinə nail olmaqdır. Səfir Odessa ilə Gəncə arasında qurulan əlaqələrin “qardaşlaşmış şəhərlər” səviyyəsinə çatdırılmasının və daha da genişləndirilməsinin önəmindən danışıb.

Söhbət zamanı Gəncə və Odessa, habelə Ukraynanın digər şəhərləri ilə iqtisadi, aqrar, təhsil və mədəniyyət sahəsində mövcud əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində razılığa gəlinib.

Görüşdən sonra Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, mülki əhaliyə yönələn terror aktının səbəb olduğu dağıntı və itkilərlə yerində tanış olub. Diplomat gün ərzində Gəncənin bir sıra sənaye müəssisələrində də olacaq.

***

saat 13:51

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Gəncə şəhərinə səfəri çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış ərazidə olub.

APA-nın xəbərinə görə, bu barədə ukraynalı diplomat “Twitter”də məlumat verib.

O, 2020-ci ilin payızında Ermənistan ordusunun raket zərbələri nəticəsində ölən mülki vətəndaşların xatirəsini ehtiramla yad edib.

“Bu cinayəti törədən günahkarlar cəzalandırılmalıdır!”, - deyə səfir bildirib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin ötən ilin oktyabr ayında Gəncə şəhərini bir neçə dəfə bombalaması nəticəsində 25-dən artıq mülki şəxs həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR