Vaşinqtonda Ermənistan-Azərbaycan münaqişəsinə dair vebinar keçirilib

Vaşinqtonda Ermənistan-Azərbaycan münaqişəsinə dair vebinar keçirilib
# 09 oktyabr 2020 10:41 (UTC +04:00)

ABŞ paytaxtı Vaşinqtonda böyük nüfuza malik Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutu (Jewish Institute for National Security of America - JINSA) tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair vebinar keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən APA-ya bildirilib ki, görüşün iştirakçıları JİNSA-nın İcraçı direktoru Maykl Makovski, Mərkəzi Asiya, Qafqaz və Türkiyə ölkələri üzrə tədqiqatçı Dr. Svante Kornel və səfir Elin Süleymanov olub.

Mayk Makovski çıxışında Dağlıq Qarabağ münaqişəsi və son günlərdə Ermənistan və Azərbaycan arasında gərginliyin müşahidə olunduğunu qeyd edib.

Səfir E. Süleymanov hazırkı döyüşlərin Azərbaycan ərazisində baş verdiyi və Azərbaycanın torpaqlarının işğalını təsdiq edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərinə əməl edərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını təmin etməli olduğunu diqqətə çatdırıb: “Cari ilin iyul ayında təmas xəttindən kənarda Ermənistanın Azərbaycana Tovuz rayonu istiqamətində hücumu Azərbaycanın enerji layihələrinə zərbə vurmaq məqsədini daşıyırdı. 27 sentyabr tarixində də Ermənistan yenidən Azərbaycana hücum edərək növbəti təxribatını törədib. Hücumlar zamanı Ermənistan mülki əhalinin yaşadığı Azərbaycanın ikinci böyük şəhəri Gəncə və elektrik stansiyanın yerləşdiyi Mingəçevir şəhəri, Bərdə rayonunu artilleriya atəşinə tutmuş və dinc əhalini hədəfə alıb”.

Regionda sülhün bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmasının vacib şərt olduğunu diqqətə çatdırılıb. Eyni zamanda Azərbaycanla İsrail arasında yaxın əməkdaşlıq və tərəfdaşlıq olduğunu, əlaqələrin çoxsaylı və uğurlu olmasını vurğulayan səfir deyib ki, Ermənistanın məqsədi məhz uğurlara zərər yetirməkdir: “Halbuki məhz Azərbaycan İsrail ilə müsəlman dövlətlər arasında münasibətlər üçün nümunədir”.

Səfir qeyd edib ki, hərbi təxribatlar və hücumlarla yanaşı, hazırda Ermənistan tərəfindən geniş dezinformasiya kampaniyası aparılmaqdadır. Bu dezinformasiya sovet zamanı klassik vasitəsi təbliğat olub. Bu yolla əsası olmayan yalan məlumatlar yayılır: “Təəccüblü hal odur ki, özlərini peşəkar politoloq və jurnalist hesab edən şəxslər heç bir faktoloji yoxlama aparmadan bu kimi yalan məlumatı xəbər kimi təqdim etməkdədir. Belə bir dezinformasiyanın məqsədi Azərbaycan torpaqlarının işğal edilməsi, mülki əhaliyə hücumları və bölgəyə terrorist qrupların cəlb olunması barədə məlumatlar yaymaqdır”.

Svante Kornell Azərbaycanın strateji əhəmiyyətini vurğulayıb, Xəzər dənizindən Avropaya uzanan nəqliyyat dəhlizinin buradan keçdiyini və regionda vacib rolunu nəzərə çatdırıb. Həmçinin NATO Əfqanıstandakı kontingentini də bu tranzit bölgə vasitəsilə təchiz etdiyi bildirilib. Dağlıq Qarabağın qədim tarixə malik olduğunu bildirən S.Kornell Ermənistanın həmişə Dağlıq Qarabağa sahib olmasını istəyini qeyd edib. Bu münaqişə davam etdirdikcə Ermənistan özünü regionda təcrid edir. Daha sonra Kornell bu münaqişədə Rusiya və Türkiyənin təsiri barədə fikirlər səsləndirib, ATƏT-in Minsk qrupunun fəaliyyətini Qərb diplomatiyasının uğursuzluğu kimi dəyərləndirib. Dağlıq Qarabağ münaqişəsinin dünyanın digər yerlərində olan münaqişələrlə müqayisə edərək münaqişənin dondurulmuş kimi görünsə də, kiçik və ya böyük püskürmələr qaçılmaz olduğu və bunun da sonuncu danışıqlarla həll olunmayana qədər davam edəcəyi qeyd olunur. Bundan əlavə, daxil olan hər bir məlumatın diqqətlə dəyərləndirilməsinin vacibliyi və bu xüsusda mətbuatın rolu diqqətə çatdırılıb.

Səfirliyin məlumatında bildirilir ki, vebinardan xəbər tutan erməni təşkilatları tədbiri sosial şəbəkələrdə geniş yayaraq, erməni lobbi fəallarını iştiraka çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR