XİN: Bu il 28 beynəlxalq müqavilə imzalanıb

XİN: Bu il 28 beynəlxalq müqavilə imzalanıb
# 29 dekabr 2020 13:09 (UTC +04:00)

Cari il ərzində bir sıra çoxtərəfli və ikitərəfli formatlarda xarici siyasət fəaliyyəti davam etdirilib.

APA-nın xəbərinə görə, bu, 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası, Türkmənistan, Ukrayna, Macarıstan, Koreya Respublikası, Serbiya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası və Çin Xalq Respublikası arasında bu il 28 beynəlxalq müqavilə imzalanıb: “2020-ci il 25 fevral tarixində imzalanmış və avqust ayında qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”ə əsasən hər iki ölkə vətəndaşları üçün 90 gün vizasız qalma müddəti müəyyən edilib. 2020-ci ilin 10 dekabr tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” imzalanıb. Sözügedən Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq biometrik şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala bilər. Beləliklə, Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb”.

Qeyd olunub ki, ümumilikdə, cari ildə Türkiyə Respublikası, Türkmənistan, Macarıstan, Bolqarıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Ukrayna, Çin Xalq Respublikası, Serbiya Respublikası, Meksika Birləşmiş Ştatları, Polşa Respublikası, Monteneqro, Koreya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası, İordaniya Haşimilər Krallığı və Tacikistan Respublikası ilə 37 beynəlxalq müqavilənin qüvvəyə minməsi təmin edilib: “Siyasi, iqtisadi və humanitar sahələrdə dövlətlərarası tərəfdaşlıq münasibətləri inkişaf etdirilib.

İl ərzində Azərbaycan Respublikasının Prezidenti İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirmiş, həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub.

Eyni zamanda, 2020-ci ildə Türkiyənin və Türkmənistanın Prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

30 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Kuba Respublikasında Səfirliyi təsis edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR