XİN: Üzv dövlətlərin 2/3-dən çoxunun Prezident İlham Əliyevin BMT BA-nın xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstəyi təmin edilib

XİN: Üzv dövlətlərin 2/3-dən çoxunun Prezident İlham Əliyevin BMT BA-nın xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstəyi təmin edilib
# 29 iyun 2020 18:03 (UTC +04:00)

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən açıqlama verildi”.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

“Məlum olduğu kimi, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü dövlət başçımız tərəfindən 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı irəli sürülüb. Təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilib və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləyərək təklifin BMT Baş Katibinə Hərəkat adından təqdim edilməsinə razılıq bildiriblər. Beləliklə də, cari ilin 13 may tarixində Azərbaycan Prezidenti QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktubla müraciət edərək Baş Assambleyanın xüsusi sessiyasının çağırılması müraciətini etdi.

BMT Baş Katibi, öz növbəsində BMT-yə üzv dövlətlər arasında nota yayaraq prosedur qaydalarına uyğun olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünə 30 gün ərzində hər bir dövlət tərəfindən milli qisimdə dəstək bildirilməsini xahiş etdi.

Qeyd olunan vaxt çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Nyu-Yorkda BMT yanındakı nümayəndəliyimiz, eləcə də xaricdəki digər diplomatik nümayəndəliklərimiz akkreditə olunduqları dövlətlərdə Azərbaycan Prezidentinin təşəbbüsü barədə məlumatlandırma üzrə fəal iş aparıb və nəticədə BMT-yə üzv dövlətlərin 2/3-dən çoxunun təşəbbüsə dəstəyi təmin edilib.

Təşəbbüsün əhəmiyyəti ilə bağlı konkret sualınıza gəldikdə, hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi yüksək əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycan Prezidentinin təşəbbüsü ilə sədrlik etdiyimiz iki beynəlxalq təşkilat çərçivəsində (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı) yeni koronovirusla mübarizə mövzusunda yüksək səviyyəli toplantıların keçirilib və qlobal pandemiya ilə mübarizə və təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlıq, əlaqələndirmə və həmrəylik məsələləri müzakirə edilib. Bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi, əlbəttə dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və nəticədə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi töhfə verəcək.

Qeyd etdiyimiz kimi, BMT Baş Assambleyasının Prosedur Qaydalarının 9(a) bəndinə uyğun olaraq Assambleyanın xüsusi sessiyası çağırıla bilər və Azərbaycan Prezidentinin QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktub ünvanlaması, eləcə də Baş Katibin üzv ölkələrə milli qisimdə dəstək bildirilməsi ilə bağlı müraciəti də məhz bu proseduraya uyğun olaraq həyata keçirildi. Qaydalara əsasən, Baş Assambleyanın üzvlərinin sadə çoxluğunun dəstəyi sessiyanın çağırılması üçün kifayət idi. Azərbaycan Prezidentinin təşəbbüsünə isə BMT-nin 130 ölkəsi, yəni üzvlərin 2/3-i tərəfindən milli qisimdə dəstək ifadə olundu. Onu da bildirmək istərdim ki, Azərbaycan Prezidentinin təşəbbüsünə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlər, eləcə də Avropanın əksər dövlətləri, o cümlədən Avropa İttifaqı üzvləri, Asiya, Afrika, Latın Amerikası regionlarının aparıcı dövlətləri dəstək bildiriblər.

Təşəbbüsün əleyhinə çıxan ölkənin olub olmadığı ilə maraqlandınız. Belə ölkə olub, adını isə yəqin ki, təxmin edirsiniz – Ermənistan. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş Katibə məktubla müraciət edərək bu təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirib. Dünyanın qlobal pandemiya ilə üz-üzə olduğu, bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədardır. Fikir verin, bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermir. Beləliklə də, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi.

Məlum məsələdir ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir. Fürsətdə istifadə edərək, bu təşəbbüsü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkür edirik.

Növbəti mərhələdə atılacaq addımlara gəldikdə, yaxın günlərdə BMT Baş Katibi Antonio Quterreş üzv dövlətlər arasında məlumat yayaraq Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə verilən dəstək və prosedur baxımdan növbəti addımların nədən ibarət olacağını açıqlamalıdır. Prosedura qaydalarına əsasən, növbəti tədbir BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı Assambleyanın qətnaməsinin qəbul edilməsidir. Qətnamə qəbul edildikdən sonra ən qısa müddətdə xüsusi sessiya çağırılmalıdır.

Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin təklifinə əsasən xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında keçirilməsi nəzərdə tutulur.

Ümid edirik ki, müvafiq addımlar atıldıqdan sonra mümkün qədər tez bir zamanda xüsusi sessiya təşkil olunacaqdır. İnanırıq ki, xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycan dövlət başçısının irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə COVID-19-la mübarizədə maraqlı olan ölkədir. Ölkəmiz bu təşəbbüsü dəstəkləyən bütün dövlətlərlə birlikdə onun reallaşdırılması istiqamətində işləyəcək”, - deyə XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR