XİN: Vətəndaşların ölkəyə geri dönüşü ilə bağlı işlər davam etdirilməkdədir

XİN: Vətəndaşların ölkəyə geri dönüşü ilə bağlı işlər davam etdirilməkdədir
# 18 iyun 2020 20:00 (UTC +04:00)

“Dağıstanda baş vermiş insidentlə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi açıqlama verib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Dağıstanda baş verən hadisəyə münasibət bildirərkən deyib.

L. Abdullayeva bildirib ki, vətəndaşların ölkəyə geri dönüşü ilə bağlı işlər davam etdirilməkdədir: “Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub. İki ölkə sərhədində Azərbaycan vətəndaşlarının toplaşması da müzakirə olunub. Azərbaycan müxtəlif səviyyələrdə əldə olunmuş razılıqları mərhələli şəkildə həyata keçirir. Son bir ay ərzində 1000-ə yaxın vətəndaşımız Rusiyadan geri qaytarılıb. Rusiyadakı vətəndaşlarımızın geri qaytarılması “Evə gedirəm” portalı ilə, hava və quru yolu vasitəsilə keçirilir. İlkin mərhələdə xəstələr, yaşlılar, uşağı olanlara üstünlük verilir. Eyni zamanda portaldakı ardıcıllığa uyğun olaraq, vətəndaşlarımız geri qaytarılırlar. Təəssüf ki, vətəndaşlarımızın son zamanlar portalda qeydiyyatdan keçməyərək, yaxud da keçərək sərhədə toplaşması müşahidə olunur. Sərhədə yaxınlaşmaqla vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlığını təhlükəyə atmış olurlar. Vətəndaşlarımızın Rusiyadan geri qayıtması vətəndaşların portaldan qeydiyyatdan keçməsi və prioritet kateqoriyalar üzrə təmin edilir. Vətəndaşlar qaldıqları yerdə gözləsinlər. Sərhədə yaxınlaşmaq tez keçmək anlamına gəlməməlidir”.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi qeyd edib ki, 9 iyunda 130, 16 iyunda 155 vətəndaşımız quru yolla, 17 iyunda isə 152 vətəndaşımız hava yolu ilə ölkəyə gətirilib: “Vətəndaşlarımızdan olduqları ölkələrin qanunlarına riayət etmələrini, səbirli olmalarını xahiş edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR