Ziyafət Əsgərov: "Bu, Prezident İlham Əliyevə və onun rəhbərliyi ilə böyük uğurlar əldə etmiş Azərbaycana etimadın göstəricisidir"

Ziyafət Əsgərov: "Bu, Prezident İlham Əliyevə və onun rəhbərliyi ilə böyük uğurlar əldə etmiş Azərbaycana etimadın göstəricisidir"
  • Clock-gray 17:14
  • calendar-gray 06 Noyabr 2020

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatına üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb. Bu, uzaqgörən siyasəti ilə hər zaman diqqət mərkəzində olan Prezident İlham Əliyevə, dövlət başçısının rəhbərliyi ilə böyük uğurlar əldə etmiş Azərbaycana etimadın göstəricisidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov bunu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsi kimi dəyərləndirib. Deputat qeyd edib ki, koronavirus epidemiyası ilə əlaqədar dünyada bir çaşqınlığın hökm sürdüyü, ölkələrin qapandığı bir dövrdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Dövlət başçısı həmin görüşdə bəyan etmişdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir, pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Prezident İlham Əliyev vurğulamışdı ki, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var.

Bundan sonra məhz Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə  4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü  keçirilib:  “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəkləndi. BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən etibarən çağırılıb və xüsusi sessiyanın rəhbər qurumları haqqında müvafiq qərarlar qəbul edilib. Xüsusi sessiyanın modallıqlarını müəyyən edəcək qətnamənin qəbulu üzrə mürəkkəb işin aparılması üçün Baş Assambleyanın sədri tərəfindən Azərbaycanın və Kanadanın BMT yanında Daimi Nümayəndələri həm-vasitəçi qismində təyin olunub və 3 ay ərzində BMT-nin 193 üzv dövlətinin iştirakı ilə intensiv və hərtərəfli danışıqlar aparılıb. 5 noyabr 2020-ci il tarixində BMT Baş Assampleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib. Qətnaməyə əsasən, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunub, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb. Açılış, ümumi müzakirələr, BMT sisteminin agentliklərinin birgə xüsusi təqdimatı və bağlanış seqmentlərindən ibarət olan bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxış edəcək”.

Parlamentin komitə sədri deyib ki, Ermənistanın ilk gündən Azərbaycan Prezidentinin təşəbbüsünün dəstəklənməməsi yönündə apardığı fəaliyyət uğursuzluğa düçar olub: "Prezident İlham Əliyev və Azərbaycana dünyada artan etimad və hörmətdən təşvişə düşən Ermənistanın budəfəki addımları da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməyib və rədd edilib. Bütün bunlardan nəticə çıxarmayan Ermənistan qətnamənin açılış hissəsində Qoşulmama Hərəkatının sədrinin – Prezident İlham Əliyevin çıxışının qarşısını almağa da cəhd edib. Ancaq bu dəfə də Ermənistanın cəhdi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə rədd edildi”. 

Z. Əsgərov vurğulayıb ki, Azərbaycanın torpaqlarını Ermənistanın işğaldan azad etmək uğrunda Vətən Müharibəsi apardığı belə bir dönəmdə ən ali tribunadan dövlət başçısının çıxışı həm də simvolik məna daşıyır: “Azərbaycan hər iki cəbhədə – həm diplomatik, həm də müharibə cəbhəsində Ermənistanı məğlub edir. Mövzu koronavirus epidemiyası ilə bağlı olsa da, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyada Prezident İlham Əliyevin çıxışının zəruri sayılması indiki həssas məqamda dövlət başçımıza, Azərbaycana böyük etitmadın təzahürüdür”.

apa-logo-mini

Digər xəbərlər