Ankarada Azərbaycanın müstəqilliyilə bağlı Prezidentin köməkçisi professor Dilarə Seyidzadənin məruzəsi dinlənilib - FOTO

Ankarada Azərbaycanın müstəqilliyilə bağlı Prezidentin köməkçisi professor Dilarə Seyidzadənin məruzəsi dinlənilib - FOTO
# 24 oktyabr 2019 00:52 (UTC +04:00)

Ankaranın Qazi Universitetində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə Elmlər Akademiyası və Qazi Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, görkəmli alimlər, həmçinin Qazi Universitetinin professor, müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dövlətçilik tariximiz barədə ümumi məlumat verilib. Konfransda Azərbaycan müstəqilliyinin 28-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Azərbaycan müstəqilliyə gedən yolda” mövzusunda məruzəsi dinlənilib.

Dilarə Seyidzadə əvvəlcə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Heydər Əliyevin öndər Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” ifadəsini tez-tez səsləndirməklə ona tükənməz sayğısının olduğunu bildirib. Heydər Əliyevlə bağlı ən xırda məqamların belə qələmə alımasını gələcəkdə onun irsini araşdıracaq tarixçilərin işinə böyük töhfə verəcəyini vurğulayıb.

Azərbaycanın çar Rusiyasının tərkibinə qatılması, Xalq Cümhuriyyətimizin qurulması və süqutu prosesləri barədə geniş məlumat verən məruzəçi cümhuriyyətimizin qəbul etdiyi demokratik qərarlar, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi məsələlərinə toxunub, 1990-cı ildə Türkiyədə Dil Tarix Qurumunda keçirilən böyük konfransda Məhəmməd Əmin Rəsulzadə haqqında zəngin məlumat aldığını xatırladıb.

Məruzəçidən əvvəl Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər, Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Qazi Universitetinin rektoru İbrahim Uslan, Qazi Universiteti Tibb fakültəsinin dekanı Mehmet Sadık Dəmirsoy, Türkiyə Prezidenti Aparatının Sağlıq, Qida Qurumu sədri Necdət Ünüvar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, Türkiyənin Azərbaycandakı keçmiş sədri Hulusi Kılıc, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəsibə Nəsibova və digər elm, təhsil nümayəndələri çıxış ediblər. İştirakçılar Qazi Mustafa Kamal Atatürkün Azərbaycan haqqında dediyi “Sevincimiz də, kədərimiz də birdir” deyimindən, Azərbaycanın müstəqillik tarixi ilə Türkiyənin quruluş tarixinin oktyabr ayına təsadüf etməsindən, Türkiyə ilə Azərbaycan arasında, coğrafiya fərqi olsa da, möhkəm könül bağının olmasından, Qazi Universitetinin Azərbaycanın ali təhsil qurumları ilə əməkdaşlığından bəhs ediblər.

Şamil Ayrım Dilarə Seyidzadənin Heydər Əliyev siyasi məktəbinin yetirməsi olduğunu və Azərbaycan dövlətçiliyindəki xidmətlərindən danışıb. Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıcın öz çıxışından sonra “Qarabağ Azərbaycandır!“, “Qarabağ Türkiyədir!” şüarı əks olunan rəsmi nümayiş etdirməsi hərarətli alqışlarla qarşılanıb.

Salonda tələbələr coşğuyla Azərbaycan-Türkiyə qardaşlığına, bölünməzliyinə, Qarabağa dair şüarlar səsləndiriblər.

Tədbirin sonunda iştirakçılar Azərbaycanla bağlı rəsm sərgisi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR