Azərbaycanın xarici işlər naziri macar həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri macar həmkarı ilə görüşüb
# 19 sentyabr 2019 22:33 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

APA xəbər verir ki, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən və strateji tərəfdaşlıq müstəvisində inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcudluğu vurğulanıb.

Nazirlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Türk Şurasının qarşıdan gələn 7-ci Zirvə görüşünə hazırlıq işləri barədə həmkarına məlumat verib və baş nazir Viktor Orban başda olmaqla Macarıstan nümayəndə heyətini tezliklə Bakıda salamlamaqdan məmnun olacağımızı qeyd edib.

Elmar Məmmədyarov macar həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin son vəziyyəti ilə bağlı məlumat verib və münaqişənin BMT TŞ-nin qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərarları əsasında həll olunmasının vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR