Bakıda Şərq Tərəfdaşlığının gələcəyinə dair strukturlu məsləhətləşmələr keçirilib

Bakıda Şərq Tərəfdaşlığının gələcəyinə dair strukturlu məsləhətləşmələr keçirilib
# 11 oktyabr 2019 12:22 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyin birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr keçirilib.

BMTM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, parlament üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar və KİV nümayəndələri iştirak edib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Aİ ilə Azərbaycan arasında indiyə kimi energetika sahəsində strateji tərəfdaşlıq əlaqələri mövcud olub.

Onun sözlərinə görə, hazırda əlaqələr sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf edir: "Avropa İttifaqı ilə Azərbaycan arasında indiyə kimi 21 layihə həyata keçirilib. Bu layihələr 34 institutla əməkdaşlıq şəklində icra olunub. Azərbaycan Avropa İttifaqı üçün güclü tərəfdaşdır”.

Daha sonra çıxış edən BMTM sədri Fərid Şəfiyev deyib ki, tədbirin məqsədi Şərq Tərəfdaşlığı çərçivəsində aparılan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini, yaranmış problemləri, layihələri və onların Azərbaycan üçün faydalarını müzakirə etməkdir.

O bildirib ki, Aİ Azərbaycan üçün önəmli istiqamətdir.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri Vasilis Maraqos qeyd edib ki, 2004-2005-ci illərdə Avropa İttifaqının son genişlənməsindən sonra qurum Şərq qonşuluğundakı ölkələrin inkişafı və təhlükəsizliyi üçün yeni investisiyalar ayırıb.

Onun sözlərinə görə, Aİ ilə Azərbaycan tərəfdaşlıq prioritetlərini razılaşdırıblar və hazırda daha geniş və böyük tələbləri gündəmə gətirən tərəfdaşlıq sazişi üzərində iş gedir: “Bu saziş əlaqələrimizi yeni müstəviyə çıxaracaq”.

V. Maraqos əlavə edib ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri ilə bənzərsiz və özünəməxsus əməkdaşlıq əlaqələri qurub. Onun sözlərinə görə, Aİ-nin indiyə kimi Azərbaycanda həyata keçirdiyi layihələr nəticəsində 3 min iş yeri yaradılıb.

“Avropa İttifaqı Azərbaycanın ən böyük investisiya və ticarət tərəfdaşıdır” - deyə V. Maraqos vurğulayıb.

Daha sonra tədbir panel müzakirələri və sual-cavab sessiyası ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR