Batumidə “1-ci Şərq Tərəfdaşlığı Sərmayə Forumu: Praqadan 10 il sonra” adlı beynəlxalq konfrans keçirilir

Batumidə “1-ci Şərq Tərəfdaşlığı Sərmayə Forumu: Praqadan 10 il sonra” adlı beynəlxalq konfrans keçirilir
# 11 iyul 2019 09:48 (UTC +04:00)

Azərbaycan Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Gürcüstanda rəsmi səfərdədir. APA-nın yerli bürosu xəbər verir ki, səfər Gürcüstanın Batumi şəhərində keçirilən “Şərq Tərəfdaşlığı"nın 10-cu ildönümünə həsr edilmiş “1-ci Şərq Tərəfdaşlığı Sərmayə Forumu: Praqadan 10 il sonra” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.

Beynəlxalq forumda Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukraynadan ali səviyyəli dövlət rəsmiləri, həmçinin Avropa Sərmayə Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri daxil olmaqla 400-dən çox qonaq iştirak edir.

Forumun iştirakçıları arasında Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Humanitar Yardım və Böhranların İdarə olunması üzrə Avropa Komissarı Kristos Stilianides, Estoniyanın baş naziri Yuri Ratas və digər ölkələrdən 8 xarici işlər naziri də var.

Beynəlxalq forumun sessiyalarında enerji, infrastruktur, daşımalar, turizm, kənd təsərrüfatı və ticarət sektoru kimi məsələlərin müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, 1-ci investisiya forumu çərçivəsində Azərbaycan da daxil olmaqla tərəfdaşlığa üzv ölkələrin sərmayə imkanlarının daxil edildiyi kataloq hazırlanıb və bu müxtəlif ölkələrdən olan özəl sektor nümayəndələrinə, investorlara təqdim ediləcək.

Forum işini iyulun 12-də yekunlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR